Deputat Türkiyədə ürəyindən əməliyyat olunub

13:30 | 14.07.2014
Deputat Türkiyədə ürəyindən əməliyyat olunub

Deputat Türkiyədə ürəyindən əməliyyat olunub

"Fərhad Qəribov Türkiyədə ürəyindən əməliyyat olunub. Onun “Debüt” Kommersiya Bankı ASC-nin vəzifəli şəxsləri barəsində açılan çinayət işi üzrə istintaqdan yayınmaq üçün Türkiyəyə getməsi barədə deyilənlər yalandır". Bunu Teleqraf.com-a açıqlamasında Kürdəmirdən olan deputat Fərhad Qəribovun köməkçisi Tərlan Məmmədov mətbuatda millət vəkilinin barəsində yayılan məlumatlara münasibət bildirərkən qeyd edib.  Baş Prokurorluğun yaydığı məlumata görə, “Debüt” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat  sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. 2010-cu il dekabrın 2-də Azərbaycan Mərkəzi Bankı “Debüt” Bank ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyanı ləğv edib. Mətbuat yazır ki, aparılan cinayət işi ilə bağlı F.Qəribov dindirilib. T.Məmmədov ASC-yə açılan cinayət işi ilə bağlı qeyd etdi ki, hazırda istintaq getdiyindən əlavə məlumatlar verə bilməz: "Burada Fərhad Qəribovun çəkinəcəyi heç nə yoxdir. Bankın lisenziyası ləğv ediləndən sonra səhmlərini Beynəlxalq Bank aldı. Gərək Beynəlxalq Bank səhmlərin pulunu ödəsin ki, “Debüt-bank” da borcunu versin. Amma mən işin detallarını bilmirəm. İstintaqın obyektiv araşdırma aparacağına inanırıq".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM