Dünyanın ən böyük filosofları: Henri Devid Turo E-kitab

23:08 | 19.11.2014
Dünyanın ən böyük filosofları: Henri Devid Turo E-kitab

Dünyanın ən böyük filosofları: Henri Devid Turo E-kitab

Müasir həyat çox zaman çoxlu texnologiya, daimi olaraq digər insanlarla əlaqədə olmağı, çoxlu pul qazanmaq üçün gərgin işləməyi, bizə deyilənləri yerinə yetirməyi özündə əks etdirir. Bu elementlər uğurun inkar edilməz düstüru kimi qəbul edilir. Nə qədər təəcüblü olsa da, muasir həyat haqqında ən faydalı məsləhətləri, işsiz, taxtadan düzəldilmiş bir otaqlı evdə yaşayan, vergilər verməkdən imtina etmiş biri verib. 1817-1862-ci illər arasında yaşamış Henri Devid Turo (Henry David Thoreau) sadəliyin, dürüstlüyün, itaətsizliyin vacibliyini bizə xatırladan filosoflardan biri kimi tanınır. 

Turo 1817-ci ildə Qərbi Bostonun kiçik şəhəri Konkorda dünyaya gəlib. Onun atası karandaş istehsalı ilə məşğul olur, anası isə pansionlarda işləyirdi. Harvard Kollecini yaxşı qiymətlərlə başa vursa da, Turo adi karyera qurmaq fikrindən imtina edir. Bir müddət məktəbdə dərs deməyə cəhd etsə də, oradan da ayrılmağa məcbur olur. Çünki məktəblərdə tətbiq edilən ağır cəzalandırma sistemi onun heç xoşuna gəlmir. Qısa desək, Turo getdiyi yolun heç birindən razı qalmır. 

Yaşadığı müddətdə Turo Amerikan filosofu Ralf Valdo Emersonla (Ralph Waldo Emerson) çox yaxın dostluq qurur. Emerson transsendantalizmə (transcendentalism) inanırdı. Bu baxışa görə dünya iki reallıqdan ibarətdir: maddi reallıq və spiritual reallıq. Transsendentalislər həyatın mənalı olması üçün spritual reallığın maddi reallığı üstələməsinin vacibliyini müdafiə edirdilər.  

Emerson və onun transsedentalizmi Turoya çox ciddi təsir edir. Emerson həm də Turonun yazıçı olması üçün onu həvəsləndirirdi. Turonun atasının evi həddindən artıq səs-küylü, qonaq-qaralı olurdu. Atasının gördüyü iş isə ona həddindən artıq darıxdırıcı və yorucu gəlirdi. Ancaq Emrsonun, Valden Ponda, ağaclarla əhatələnmiş torpaq sahəsi var idi. Emerson Turonun həmin ərazidə eni 3, uzunluğu 4.5 metr olan kiçik bir daxma tikməsinə imkan verir. Beləliklə, cəmi üç stulu, bir stolu, bir yatağı, bir yazı stolu və bir lampası olan bu evdə Turonun yaradıcılığı başlayır. 

Ora, 4 iyul Amerikanın azadlığı günü köçən Trounun iki məqsədi var idi: birinci, kitab yazmaq, ikinci, həftədə bir gün işləyib qalan altı günü fəlsəfi əsərlər yazmaq və dolanmağa sərf etməyin mümkün olduğunu sübut etmək. 

Kiçik daxmacığında keçirdiyi iki il ərzində Turo özünün ən məhşur “Valden; və ya Ağaclar arasında Həyat” (Walden; or, Life in the Woods) adlı əsərini yazır. Əsər 1854-cü ildə nəşr olunur. Öz dövrünə görə bu əsər kiçik komersiya və ədəbiyyat uğuru qazanır. Ancaq zamanla bu kitab insanın özü-özünü kəşfinə kömək edən başlıca qaynaqlardan birinə çevrilir. Turo iddia edirdi ki, onun Valden Ponda qaçışı heç də ağaclar arasında hüzura çatmaq arzusundan qaynaqlanmırdı. 

“Həyatı dərindən yaşayıb, onun sadəliyini dadmaq” istəyən Trou deyirdi: 

“Mən meşədə yaşamağa getməklə həyatın ən önəmli faktı ilə üzbəüz gəlmək istyirdim. Bura gəlməklə həyatdan nəyi öyrənə bilməyəcəyimi anlamaq istəyirdim. Mən burada ölüm anında, əslində, bütün həyatımı faydasız keçirdiyimi anlamağa gəlməmişdim” 

Turo inanırdı ki, insanlar öz yaşayış formalarına çox aludə olmaqla, əslində “həyatı” əllərindən qaçırdır, digər varolma formalarını görə bilmirlər: “Elə təəsürrat yaranır ki, sanki insanlar indiki yaşadıqları həyat formalarını digər yaşayış formlarından üstün tutarkən, bu şəkildə yaşamaq haqında qərarı özləri veriblər. Onlar səmimi qəlbdən inanırlar ki, başqa seçimləri yoxdur”. Kiçik daxmasında bir müddət keçirdikdən sonra Turo fərqli, daha şüurlu yaşayışın mövcud olduğunu kəşf edir. 

Turo düşünürdü ki, bizim yaşamaq üçün çox az şeyə ehtiyacımız var. O, insanların onlara məxsus olan şeylərdən daha çox faydalanmasındansa, daha aza qane olmağı məsləhət görürdü.  Məsələn, pul həddindən artıq çoxdur, ancaq o heç zaman bizim mənəvi dünyamızı zənginləşdirə bilmir. Ənənəvi anlamda işləmək də lazım deyil: “İşə gəldikdə, onun nəticəsi nəticəsizlikdir”. Turo özü həftədə bir gün işləyib yaşamaqla bunu mümkün olduğunu sübut edir. Turo qeyd edirdi ki, 30 millik məsafəni qatarla getmək üçün bir gün vaxt lazımdır, ancaq həm də bu səyahəti etmək üçün bir gündən çox işləmək lazımdır. Ən yaxşısı, ayaqla getməkdir, çünki biz bu sayədə təbiəti seyrə dalar, onun dərinliyini müşahidə edə bilərik. Bizə yer üzərində ayrılan vaxt da məhz bunun üçündür. “Mən bir il ərzində altı həftə işləməklə həyatın bütün xərclərini qarşılaya biləcəyimi kəşf etdim. Buna görə mən bütün qış və yay aylarını azad şəkildə öyrənməyə həsr edə bildim”. 

Öz gücünə inam və tənhalıq haqqında: O, Valden Ponda yaşadığı müddətdə pulla aldığı stulu taleh stuluna çevirə bildi. O, öz jurnalında yazırdı: “Mənim evimdə üç stul var idi. Biri tənhalıq üçün, biri dostluq üçün, biri də cəmiyyət üçün”

Dostu Emerson kimi, o da öz gücünə inamı yüksək dəyərləndirirdi. O, cəmiyyətə və onun “inkişafına” inanmırdı. “Sivil insan karetanı düzəlti, amma öz ayaqlarından istifadəni unutdu”. O anlayırdı ki, başqa insanlardan və dövlətdən asılı olmamaq çox vacibdir. O hiss edirdi ki, hərdən insan digər insanlara ehtiyac duyur. Bununla bağlı o deyirdi ki, insanın başqa insanların yanında olmasına ehtiyac duyması onun içində qaşılaşmaqdan qorxduğu boşluğu doldurmaq ehtiyacından yaranır. 

Turoya görə tək yaşamağı öyrənmək gündəlik işləri görməklə məhdudlaşmır. İnsan gərək özü ilə yaxşı dostluq qura bilsin. İnsan özü ilə harmonik münasibət içində olması üçün gərək mənəvi prinsiplərini müəyyən etsin. “Öz üzərində inadçı ol, heç zaman imitasiya etmə. Biz əgər dünyanı dəyişmək istəyiriksə o zaman birinci özümüzdən başlamalıyıq”. 

Turo texnalogiyanı çoz zaman lazımsız bir şey hesab edirdi. O, innovasiyaların praktik xeyrilərini qəbul edir, ancaq bunun insan xoşbəxtliyində oynayacağı müsbət rolu inkar edirdi: “Bizim innovasiyalarımız gözəl oyuncaqları xatırladır, onlar bizim ciddi məsələlərə fokuslanmağımızın qarşısın alır...Biz Texas və Mayne arasında maqnit teleqraf qurmağa çox can yandırırıq, ancaq bəlkə, Texas və Maynenin bir birinə deyəcəyi heç bir vacib söz yoxdur”. Bizim xoşbəxt olmağımız üçün nə iş, nə pul, nə texnologiya, nə çoxlu dostlar lazım deyil. Bizi xoşbəxt edəcək yeganə şey zamandır. 

Turo inanırdı ki, biz təbiəti dərininə müşahidə etməliyik çünki təbiət zəngin spiritual qaynaqlarla doludur. “Əgər biz təbiətdə Tanrını tapmaq istəyiriksə, biz daim gözü açıq olmalıyıq”. Turo düşünürdü ki, heyvanlar, meşələr, çaylar yalnız gözəl olduqları üçün yox, həm də ekosistemin vacib bir hissi kimi dəyərlidirlər. O, deyirdi ki: “çəmənliklər tamamilə vəhşi təbiətin öz öhdəsinə buraxılsaydı, daha yaxşı olardı, çünki biz özümüzdən çəmənlik salaraq düşünürük ki, təbiətin yarada biləcəyindən daha gözəlini yarada bilərik”. Biz özümüzü təbiətin bir hissəsi kimi görməliyik. Biz özümüzü “təbiətin təbiətə baxışı” kimi qəbul etməliyik. Ancaq əvəzində biz özümüzü təbiətdən ayrı xarici varlıq və yə onun rəhbəri sayırıq. 

Təbiət bizə başa salır ki, texnologiya, pul və başqa insanların düşüncələri bizi nə maarifləndirə, nə də daha sadə yaşamağa öyrədə bilməz. Trou inanırdı ki, insanlar düzgün düşünmə bacarığına yeyələnsələr, o zaman, onlar öz əvvəlki ideyalarını və düşüncə sərhədlərini aşıb keçə biləcəklər. Məhz bu mental durum – pul və texnalogiya yox – insanı real inkişafa aparacaq. O, deyirdi ki, əgər biz daha dərininə müşahidə aparmaq üçün həyatımızı bizim diqqətimizi yayındıran şeylərdən təmizləyə bilsək,  o zaman, biz yeni kəşflər edəcəyik. 

Turonun fikirlərinin, ideyalarının dəyərini və orijinallığını onun gəldiyi siyasi nəticələrdə daha qabarıq şəkildə görmək olur. Turo insanları, öz dövlətlərinin davranışlarını mənəvi müstəviyə qaldırması və qanunların əxlaqi prinsiplərə dayanmasını təmin etmək üçün, öz dövlətlərinə təsir etməyə səsləyirdi. 1849-cu ildə yazdığı “Mülki Hökumətə Müqavimət” adlı essesində Turo bildirirdi ki, insanlar ədalətsiz və riyakar qanunlar qəbul edən hökümətlərə müqavimət göstərməyə borcludurlar. Turonun yaşadığı zamanda (1846) Amerika öz ərazilərini genişləndirmək üçün Meksika ilə müharibə aparırdı. O dönəmdə qul təsərüffatı hələ ləğv edilməmişdi. Beləliklə, Turo “vətandaş itaətsizliyi” – mənəviyyatsız qanunlara qarşı sivil etiraz – adlandırdığı ideyası ilə hökümətə etiraz edirdi. 1846-cı ilin İyul ayında o, Meksika-Amerika müharibəsi və köləliyə etiraz əlaməti olaraq hökumətə vergi verməkdən imtina edir. Turo bu hadisəyə görə bir günlük həbsxanaya salınır. Həbsxana hadisəsi onun “Mülki Hökumətə Müqavimət” essesinin yazmasına səbəb olur. O, essesində yazırdı: “Fərd ən ali dəyər və müstəqil qüvvə kimi dövlət tərəfindən qəbul edilməyənə kimi, dünyada heç bir zaman aydınlanmış dövlət yaranmayacaq. Dövlət öz insanı ilə münasibəti məhz bu dəyərlərin əsasında qurmalıdır. Mən, ümumiyyətlə, dövlətin ləğv olunmasın tələb etmirəm, mən yaxşı dövlətin olmasını istəyirəm”.  

Turonun “Vətəndaş İtaətsizliyi” (sonradan belə tanınıb)  essesində qeyd etdiyi ideyalar Amerikanın islahatçı kəsimi arasında məşhurlaşdıqdan sonra ABŞ-ın siyasi mühitinə ciddi təsir etməyə başlayıb. Mahatma Qandi bu ideyadan bəhrələnərək Britaniya müstəmləkəçiliyinə qarşı özünün qeyri-zorakı etiraz hərəkatını yaradıb.  Qandi Turonu “Amerikanın bu günə kimi yetişdirdiyi ən böyük və əzəmətli mənəviyyat adamlarından biri” olduğunu deyib. İkinci Dünya müharibəsi zamanı Nasist rejiminə müqavimət göstərmək üçün Danimarka əhalisinin bir çoxu Turonun “Vətəndaş İtaətsizliyi” metodundan istifadə edib. Həmin dövrdə Turo Danimarkada bir qəhrəman kimi tanınırdı. Eyni qaydada Martin Lüter Kinq də Amerikada yaşayan Afrikan-Amerikan əhalisinin hüquqları uğrunda mübarizə apararkən Turonun ideyalarından bəhrələnmişdi. Kinqin qeyri-zorakı etiraz yolun tutması onun Trounun kitabını oxuduqdan sonra yaranmışdı. Kinq deyirdi: “şərlə əməkdaşlıq etməmək, xeyrlə əməkdaşlıq etmək qədər mənəvi borcdur” 

Özü zahid həyatı yaşasa da, Turo bizə modern cəmiyyətin qorxunc böyüklüyünə, onun yaratdığı mənəvi-psixoloji problemlərinə, insanların, baş verən hadisələrin və s. bir-biri ilə qarşılıqlı bağlılığına necə yanaşmalı olduğumuzu izah edir. Turoya görə insanın düzgün yaşaması üçün maddiyatçılıq və onun doğurduğu fəsadlardan yayınması bəs etmir. O, düşünür ki, insan dünya ilə çulğalaşmalı, dövlətlərin ədalətsiz davranışlarına qarşı mübarizə aparmalıdır. Bu cür davranış bizi narahat edir: Mübarizə aparmağın xətrinə bizlərdən neçəmiz öz azadlığını və mülkiyyətini riskə atmağa cəsarət edər? Ancaq bununla belə vətəndaş itaətsizliyi, dünyada bu günə kimi “heç nə etmədən” (müəyyən hərəkətləri etməkdən yayınmaq) çox şeyə nail olunduğu güclü mübarizə üsullarından biri sayılır.  

Turo bu gündə çox aktualdır, çünki onun qaldırdığı problemlər hələ də öz həllini tapmayıb. Ciddi iqtisadi problemlərin yaşandığı indiki dünyamızda Turonun sadə yaşamağa, maddi dünyaya kürəymizi çevirməyə səsləyən ideyaları hələ də, öz canlılığını saxlayır. Doğurdan da, Turonun ideyalarına maraq məhz dünyanın ən ciddi iqtisadi krizis yaşadığı zamanla üst-üstə düşür. Böyük Depressiya zamanı Turo ən çox məşhurlaşan filosofların önündə gəlirdi. Ancaq düşünürük ki  - böyük ehtimal, Turo da yaşasaydı bunu deyərdi – insanlar Turonun ideyalarından bəhrələnmək üçün yeni iqtisadi krizisi gözləməməlidir. 

Biz Turonun təbiət və onun bizə bəxş etdiyi psixoloji faydalarından bəhs edən fikirlərindən hələ çox şey öyrənməliyik. Turonun ətraf mühit haqqında düşüncələri, ətraf mühitlə bağlı hərəkatların yaranmasına səbəb olmuşdu. Amerikanın ən böyük ətraf mühitlə bağlı təşkilatı olan Sierra Klub (İng: Sierra Club) Turonun sloqanından - “Dünyanın qorunması vəhşi təbiətin qorunmasından keçir” - öz bələdçi mantrası kimi istifadə edir.

Turo Valdeni tərk etdikdən sonra uzun bir səyahətə çıxır. Həmin müddətdə o, topoqraf kimi işləyir və çoxlu esselər, xususən ətraf mühitlə bağlı, nəşr etdirir. Kollecdə oxduğu gündən o, vərəm xəstəliyi ilə mübarizə aparırdı. Ağaclarla bağlı araşdırma edərkən bu xəstəlik onda yenidən baş qaldırır və o 1862-ci ildə, 44 yaşında vəfat edir. Ancaq onun bizlər üçün qoyub getdiyi ideyalar hələ də, yaşamaqdadır. O, bizə pulun, texnalogiyanın, başqa insanların baxışlarınının gətirdiyi bəlalardan qurtulmaq yollarını göstərir, bunun üçün daxili təbiətimizin səsinə qulaq asmağımızı tövsiyyə edirdi. 

Mənbə: Philosophersmail.com

İngiliscədən tərcümə: Emin Aslan

Kultura.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM