Gədəbəy
rayon Novosaratovka kənd sakini İsmayılov Faiq Dəmir oğlu Anews.az-ın elektron
poçtuna torpaq sahəsinin qanunsuz şəkildə əlindən alınması barədə şikayət məktubu
göndərib. F. İsmayılovun şikayət məktubunda 25 sot olan həyətyanı torpaq sahəsinin 6
sotunu Anar Aslanov bir neçə vəzifəli
şəxslə əlbir olaraq düzəltdiyi saxta sənədlərlə
mənimsəməyi bacardığını qeyd edir.
Faiq
İsmayılovun sözlərinə görə, əkin üçün yararsız olan torpaq sahəsini təmizləyib
yararlı hala gətirdikdən sonra maddi imkanı yaxşı olan A. Aslanov yerli məmurlara pul verməklə torpağını qanunsuz
ələ keçirib. "19 sot olan həyətyanı
torpaq sahəsinə bitişik 6 sot yararsız bələdiyyə
torpağı var idi. Həmin bələdiyyə torpağını zəbt etmişdim. 1987-cı ildən mənim
istifadəmdədir. Zəbt etdiyim torpaq sahəsinin daim vergisini ödəmişəm. İllərlə əziyyət çəkərək həmin ərazini daş və
qayalardan təmizləyərək əkin üçün yararlı hala salmışam. 2016-ci ildə Gədəbəy rayon Novosaratovka kənd bələdiyyəsi
Əliyeva Fəridə mənə həmin torpağı
satacağını dedi. Düşündüm ki, torpağın ödənişini edərək özəlləşdirim. Həmin 6
sot torpağın mənə satılması üçün bələdiyyə 5 min manat pul istədi. Yəni 1 sot torpaq üçün
833 manat. Qanunla 1 sotu 150 manat
olduğunu desəm də əhəmiyyət vermədi və saxta akt tərtib etdi. Tərtib etdiyi
aktda adımı belə səhv yazıb. Torpağımı
Anar adlı şəxsə daha baha qiymətə satdı. Mənə qarşı olan saxtakarlıqlarla və
torpağımın əlimdən alınması ilə bağlı 2018-ci ildə iki dəfə viste-prezident Mehriban Əliyevanın
qəbulunda oldum. Bütün qanunsuzluqları və Anarın pul gücünə və saxtakarlıq edən
məmurların hesabına torpağımı əlimdən aldığını bildirdim. Mehriban xanım Gədəbəy
rayon rəhbərliyinə və aidiyyatı qurumlara işin həll olunması üçün göstəriş
verdi. Lakin işə düzgün baxan olmadı. Rayon rəhbərliyi məni qəbul etdi və köməklik
edəcəyini dedi. Sonradan öyrəndim ki, həmin dövrdə Novosaratovka kənd icra
nümayəndəsi və hazırda DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri olan Elsun Xudaverdiyev Anarı icra başçısının qəbuluna gətirərək onun
haqlı olduğunu qeyd edib. Pul hesabına aldıqları saxta sənədləri təqdim etməklə
başçını aldadıblar”.
Faiq
İsmayılov aidiyyatı qurumları işi yenidən araşdırmağı xahiş edir.
Bələdiyyə
torpaqlarının alqı-satqısı ilə bağlı yerli sakinlərdən əldə etdiyimiz məlumata əsasən, həqiqətən Novosaratovka kənd bələdiyyəsi "Bələdiyyə torpaqları”nı qanunda nəzərdə
tutulduğundan çox baha satır. Torpağın yerləşdiyi ərazidən asılı olaraq 1
sotunun qiyməti 1000-3000 manat civarında
dəyişir.
Məsələ
ilə bağlı sözügedən kəndin bələdiyyəsi Fəridə
Əliyeva ilə əlaqə yaratdıq. Bələdiyyə deyilənləri təkzib etdi və bildirdi ki, Faiq İsmayılov 1 sot üçün 150 manat olmaqla cəmi 900 manat ödəsə torpaığını həmkəndlisi Anardan geri ala bilər.
Bələdiyyənin
dediyi təsdiqini tapmadı. Aslanov Anar torpağın qaytarılması üçün 9000 manat pul tələb
edib.
Faiq İsmayılovun
şikayət məktubunda ona qarşı saxtakarlıq edənlər arasında DSMF-nin Gədəbəy
rayon şöbəsinin müdiri Elsun Xudaverdiyevin adı da keçir.
Qeyd edək ki, Elsun Xudaverdiyev Gədəbəy
rayon Novo Saratovka kəndində icra nümayəndəsi olduğu dönəmdə həmin kəndin
sakinlərindən birinin torpağını saxta sənədlə ələ keçirməsi ilə bağlı redaksiyamıza bir şikayət artıq daxil olmuşdu. Bu barədə mətbuatda
bir neçə yazı dərc olunmuşdu. Bunları nəzərə alaraq Elsun Xudavediyevin icra
nümayəndəsi işlədiyi müddəti araşıdrmağı qərara aldıq.
Elsun
Xudaverdiyev Gədəbəy rayon Novosaratovka kənd icra nümayəndəsi işlədiyi zaman
danışmaz əmlakın alq-satqısını yerinə yetirərək qanun pozuntusuna yol
verib. Ümumiyyətlə qanunvericilikdə icra
nümayəndələri dəyəri 50 manat yuxarı olan əşyanın, əmlakın alqı-satqısı icra edə
bilməz. Azərbaycan Respublikası
Prezidenti 1999-cu il 16 iyunda "Yerli icra hakimiyyəti haqqında əsasnamə”sı
haqqında 138 saylı Fərman imzalamışdır.
Həmin əsasnamənin 18 maddəsində icra
başçılarının və icra nümayədələrinin daşınar və danışmaz əmlak üzrə səlahiyyətləri
qeyd olunub. Həmin maddəni olduğu kimi təqdim edirik:
Maddə 18.
Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi
və onun idarə edilməsi
2. Yerli icra hakimiyyətinin başçının:
1.
Məqsədli fondların vəsaitləri üzərində sərəncam
vermək;
2.
Yerli
icra hakimiyyətlərinin sərəncamında olan əmlak
barəsində
qanunvericiliklə müəyyən
edilmiş və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır.3. Dövlət əmlakı yerli icra hakimiyyətinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər.
Görünüdüyü kimi həmin 18 maddədə və onun bəndlərində
icra nümayəndəsinin daşımaz əmlakın alqı-satqısını yerinə yetirə biləcəyi qeyd
olunmayıb. Daşınmaz əmlakın alqı-satqını
Notariat Kontorunun səlahiyyətinə daxildir və onun icrasını Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 568-ci, 646-ci və 647-ci maddələrinin, habelə Vergi Məcəlləsinin
150-ci, 220-ci maddələrinin və "İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanunun 37-ci maddəsinin şərtləri əsasında yerinə yetirir.
Aşağıda təqdim etdiyimiz fotofaktdan görünür
ki, Elsun Xudaverdiyev daşınmaz əmlakın alqı-satqısı haqqında Mülki Məcəllənin, Vergi Məcəlləsinin, "İcbari
sığortalar haqqında” qanunun müvafiq
maddələrinin tələblərini pozaraq daşınmaz əmlakın alqı-satqını yerinə yetirib.
Alıcı ilə satıcı arasında saxta akt tərtib edib. Əldə etdiyimiz məlumata əsasən E. Xudaverdiyev
bunu saxta aktın müqabilində vətəndaşdan 500 manat pul alıb.
E. Xudaverdiyev barəsində vətəndaşların dediklərini təkzib edərək bunların həqiqətə uyğun olmadığını bildirdi. Həmin sənədlə tanış olmaq üçün ona göndərməyi xahiş etdi. Sənədi "Whatsapp"la göndərdikdən sonra bloka ataraq bir daha zənglərimizə cavab vermədi. Buna baxmayaraq öz növbəmizdə yenə cənab Xudaverdiyevi dinləmək və məsələyə onun daha geniş münasibətini çap eləmək istəyində olduğumuzu bildiririk.
Ümid edirik ki, ölkə başçısının vətəndaşları incitməmək barədə çağırışına cavab olaraq cənab Xudaverdiyev, həmçinin adı çəkilən kəndin bələdiyyə rəsmiləri işə ciddi yanaşacaq və vətəndaşın hüquqlarını bərpa edəcəklər.
Zaur Qənbərov
Bizi sosial şəbəkələrdə izləyin !