Dövlət Komitəsindən Zeynəb Xanlarovaya CAVAB

13:53 | 28.02.2014
Dövlət Komitəsindən Zeynəb Xanlarovaya CAVAB

Dövlət Komitəsindən Zeynəb Xanlarovaya CAVAB

“Nazirlər Kabinetinə, Bakı şəhər İcra Hakimiyyətinə, dənizsahili rayonların icra başçılarına, mütəmadi olaraq məktublar ünvanlayırıq ki, qanunvericiliklə müəyyən olunmuş qaydada dənizin mühafizə zolağı daim nəzarətdə saxlanılsın”. Bunu Modern.az-a Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri Lütfi Məhərrəmov deyib. Onun sözlərinə görə, sahil ərazilərinin hasarlanmasına icazəni konkret kimin – bələdiyyələrin, yaxud icra hakimiyyətlərinin verdiyini iddia etmək çətindir. “Komitə öz səlahiyyətlərinə aid olan tədbirləri görmək üçün üzərinə düşəni edir”.Ərazisinə sahilboyu zolağın düşdüyü Səbail rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, hasarlama hallarına dair faktlar yoxdur. “Balansımızda yalnız “Şıx” çimərliyi var, həmin ərazidə də sahil zolağının hasarlanmasına rast gəlinməyib”.Xəzər rayon İcra Hakimiyyətini təmsil edən İmran Qəmbərov isə iddia edib ki, bu rayon ərazisində də qanunazidd hal yoxdur. Qeyd edək ki, Milli Məclisin son iclasında millət vəkili Zeynəb Xanlarova və Sabir Rüstəmxanlı Xəzər dənizinin sahilboyu zolağının hasara alınması məsələsini gündəmə gətirib.Xatırladaq ki, 2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb.Həmin sənəddə deyilir ki, sərəncam son vaxtlar vətəndaşların Prezidentin İcra Aparatına daxil olan çoxsaylı müraciətlərilə bağlı qəbul edilib. Həmin müraciətlərdə göstərilir ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb. Mərhum dövlət başçısı Heydər Əliyevin sözügedən sərəncamı ilə Nazirlər Kabineti, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra başçılarına tapşırılıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınması təmin edilməlidir.2003-cü il avqustun 4-də prezident “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun təsdiqi barədə fərman imzalayıb. Bu dəyişikliklərə görə, Xəzərin Azərbaycan sektorunun sahil zolağından 80-130 metrlikdə yerləşən torpaqlar dövlət mülkiyyətinə aid edilir və onlar dövlətsizləşdirilə bilməz. Bu zolaqda yerləşən torpaq sahələri müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə yalnız dövlət məqsədləri üçün istifadəyə, yaxud icarəyə verilə bilər. Sahil zolağının 80-130 metrliyində istifadəyə və ya icarəyə verilən torpaq sahələrində aparılan tikinti dənizə ümumi yolu məhdudlaşdırmamalıdır. Bu ərazilərdən dənizə çıxış yalnız dövlətin iqtisadi maraqlarının və ya təhlükəsizliyinin qorunması ilə bağlı icra hakimiyyəti orqanlarının qərarı ilə məhdudlaşdırıla bilər. Lakin sonradan Milli Məclis “Torpaq islahatı haqqında” qanuna dəyişiklik edərək Xəzər sahili zolağın dövlətə məxsus hissəsinin enini 20-50 metr müəyyənləşdirdi.Dəyişikliyə əsasən 20-50 metrlik sahil zolağının altında qalan torpaqlar dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM