E-kitab: Azad Qaradərəli - "Soyxa"

13:11 | 07.12.2016
E-kitab: Azad Qaradərəli -

E-kitab: Azad Qaradərəli - "Soyxa"

Azad Qaradərəli
"Soyxa” hekayəsi
 
Qar çox yağmışdı. Lap çox. Belə yola çıxmaq xatalıdı. İllah da gecə vaxtı.
 
Sərvər kişi yerişinə haram qatmadan irəliləyir və düşünürdü: «Mən getməsəydim, onda day bu kişilik olmazdı ki. Nəm-num eləsəydim cavan-çoluq da eşidib deyərdi ki, Sərvər kişi… o söz. Bir də axı Nobatalı kişinin boynumuzda haqqı var. Ölülərimizin qəbrini qazıb, dirilərimizin elçiliyini eləyib. Gəlməzdim, Tüccar Əşrəf də gedərdi rayon mərkəzinə, işlər korlanardı. Qar da ki, səhərəcən olardı dizdən, heç yana getmək olmazdı… Gərək deyəydik ki, qonaq qardaş, gözlə, dükançı gəlsin, qənd alaq, sonra çay içərsən…»
 
Bir də baxdı ki, Türkman kəndinin içində, dükançı Əşrəfin evinin qabağındadı. Astanada iki dəfə «Ay Əşrəf» dedi. Səsə it hürdü. Sonra Əşrəf öskürə-öskürə çıxdı çölə.
 
- Kimsən, ə, bu vədə?
 
- Mənəm, a Tüccar, Sərvərəm. Bəri dur, vacib iş var.
 
Əşrəf «gəlirəm» deyib içəri girdi. Sərvər kişi yenə qayıtdı öz aləminə: «Hə, yaxş oldu, sabahacan əsas işləri qurtararıq, qalar qəbir qazmaq, onu da cavanlarla köməkləşərik, qazarıq. Bir də molla məsələsi çətin olacaq. İndi qəsəbəyə traktordan başqa heç nə getməz…»
 
Əşrəf çəpəri adlayıb gəldi.
 
- Nolub, ə?
 
Sərvər kişi papirosunu son dəfə sümürüb qarın içinə atdı:
 
- Nobatalı kişi ölüb. Gedək, dükanı aç, bir-iki xırda-para şey lazımdı.
 
Əşrəf üzünü çevirdi qibləyə tərəf:
 
- Ə, bu qiblə haqqı sizdə insaf deyilən şey yoxdu. Ə, mən adam deyiləm? Qoyun mən də xarabamda ayağımı bircə sahat uzadım, dayna. Boy, ə, ölüb allah irəhmət eləsin, day nə olasıdı, səhər gələcəm, dana. İrana-Turana addayası deyiləm ha. Baho… ve, əvin yıxılsın, ölkə yiyəsi, tayfa yiyəsi…
 
Sərvər kişi bilirdi ki, bu haray-həşir Əşrəfin köhnə nömrələrindəndir. Ölü öləndə, toy olanda həm Əşrəfin planı dolurdu, həm də əli gətirirdi (Yaxşı deyiblər, alveri bir dədəsi ölənlə elə, bir də gözü qızanla). Əslində, bu haray-həşir, bu şadlığa şitlik eləmək razılıq əlaməti idi. Elə buna görə də Tüccar ləqəbi  vermişdilər - yəni tacir.
 
Qalın qarı yara-yara üz qoydular Ağızdərəyə. Sərvər kişi birbaşa keçdi mətləbə.
 
- Əşrəf, sənnən çörək kəsmişik, haqq-salamımız var. Sənə bir ağız açacam, amma gərək yerə salmayasan. Həm də ki, sirdi bu, allah sirr açmayıb, sən də açma, deyəcəm, qoy qalsın ürəyində.
 
Əşrəf xoflandı: «Ə, bu kişi dəlidi, nədi? Nə sirr, nə haqq-salam? Bu nə danşır, ə?»
 
- Hə, Əşrəf, bilirsən ki, Nobatalı kişi qeyrətli adam idi. Qızlarını köçürəndən sonra oğlanları da baş alıb getdilər hərəsi dünyanın bir tərəfinə. Neyləsinlər, kənddə it döyməkdən bezdilər, iş-güc olmadı, bənd ola bilmədilər. Qaldı Ağızdərədə arvadı ilə dörd divarın arasında. Arvad genə qırx manat pensiya alırdı, amma yazıq özü hələ pensiyaya çıxmamışdı, sovxozda bir hektar üzüm becərirdi, ayda heç otuz manat da ala bilmirdi. Çox korluq çəkirdilər. Hərdən bizim arvad əl tuturdu onlara. Amma Nobatalı kişi namuslu adam idi. Heç kəsə «acam, susuzam» deməzdi… Hə, nəysə, qəndi, çayı, unu, düyünü, qeyri şeyləri sən borc verəsən, bu heç, siyahıdan, yığılan puldan verəcəyik, köhnə qaydaynan… Amma yağa gərək rayon mərkəzinə adam göndərək. Niyə dinmirsən?
 
- Bəs mənim hülqumum irvizorun əlinə keçsə necə?
 
- O saat o yannığ olma, bir hovur səbrini bas, gör nə deyirəm. Mətləbim ayrıdı. Rəhmətlik Nobatalının arvadı üstümə ağlayıb ki, bəs kişinin aralığa açmağa bir paltarı yoxdu, olanı da yamaqlıdı. İndi sən gərək əlac eliyəsən. Görmüşəm, dükanda mil-mil qara bir qəstum var, ver onu arvadlar açsınlar araya, ağlasınlar… Qırxı çıxanacandı, sonra gətirib qoyarıq yerinə. Dost var, düşmən var, arvad da xar olmasın…
 
Əşrəf dayanıb key-key baxdı Sərvər kişiyə. Qaranlıqda da olsa gördü ki, Əşrəfin kefi ala-buluddadı, amma eşitdiyi ayrı şey oldu:
 
- Əşi, sən məni nə hesab eləyirsən? O kostyumun qiyməti 170 manatdır, hələ üç manat da pay haqqı var, onu demirəm. Sonra o soyxanı kim alar, bu arvad tayfası elə bir zəlidi ki, yapışacaq paltardan, öpəcək, öpəcək, gözünün yaşını bulayacaq, zaydan çıxardacaq. Di onnan sora gəl cavab ver görüm, necə verirsən. Bir də, a Sərvər kişi, ağlın olsun, bu sirr batmaz, arvadlar düüü deyib aləmi doldurar, biabır olarsınız.
 
Sərvər kişi ömründə birinci dəfə saxta işə əl qatsa da zərrə qədər təntimədən qeyzlə dedi:
 
- Əşrəf, bilirsən ki, mən meşəbəyiyəm, özüm də saxta işnən aram yoxdu. Qəstumu verəssən. Hələ içinə də bir cüt o badoş ayaqqabıdan da qoyassan. Pulun özüm artıqlamasıynan ödəyəcəyəm, üstünə yığılan puldan… Allah elə versin.
 
Əşrəf dirçəldi:
 
- Əşşi, özün saxta işin ən yekəsini tutursan, sonra da özünü təmizə çıxarırsan? Hökumətin təptəzə kostyumun müftə-müsəlləm aparırsan ki, guya bu Nobatalının paltarıymış, əynindən çıxarıb ağlayacaqlar arvadlar… Ə, balam, bu xalxın gözünə niyə kül üfürürsən?
 
Sərvər kişinin fikri  ayrı yerdə idi. Əşrəfin dediyi sözləri yaxşı həzm eləyə bilmirdi, əməlli-başlı kövrəlmişdi:
 
- Əşrəf, sənə demişdim  axı, allah sirr açmayıb, sən də açma. Düzdü, bu da saxtalıqdı, amma mən hardansa eşitmişəm ki, yaxşı niyyətlə deyilmiş yalan pis niyyətlə deyilmiş doğrudan yaxşıdır. Nobatalının uşaqları özünə oxşamadılar, nəverim çıxdılar. Ünvanları da məhlim deyil ki, teleqram-zad vurasan…
 
Birdən yolun ortasındaca dayandı. Əşrəfin qolundan tutdu.
 
- Ə, Əşrəf, indi, allah eləməsin, qəfildən ölüb-eləsən araya açılası abır paltarın varmı?
 
Əşrəf Sərvərin qəhərli-qəhərli soruşduğu sözdən alındı, onu da qəhər boğdu:
 
- Bircəmin canı, nəyim var əynimdədi.
 
Sərvər kişi bu səfər lap alçaq səslə dedi:
 
- Ə, a Tüccar, mən də sənin günündəyəm… Deyirəm, elə o qəstumu satma, lazımımız olub-eliyər…
 
Hər ikisi başlarını aşağı salıb qarı yara-yara Ağızdərə kəndinə tərəf irəliləməyə başladılar.
 
Səhər açılar-açılmaz Nobatalı kişinin həyətində yas çadırı hazır oldu. Kişi qonaqlar çadırda, arvad qonaqlar isə zal otaqda yönnəşdilər. Bir azdan Nobatalı kişinin qəsəbədə ərdə olan qızları Əsmər və Zivər «Ay dədə, hey» deyə-deyə girdilər həyətə. Analarının boynuna sarılıb bir xeyli ağlaşandan sonra təpildilər otağa.
 
Zal otaqda qadınların dövrələmə oturduqları yerə Mülayim  arvad mərhum ərinin «boxçasını» qoydu və şalı açdı. Etiketi üstündən sallanan pencəyi Əsmər, şalvarla badoş ayaqqabını Zivər qucaqladı. Hər ikisi birdən «Ay allah, dədəmin iyi gəlir, heyyyyy» deyib, nalə çəkdilər.
 
…Çadırda bərk mübahisə gedirdi. Ədəbiyyat müəllimi ilə tarix müəlliminin sözü heç cürə düz gəlmirdi: biri deyirdi kəndin adı Ağızdərə – Oğuzdərə deməkdi, o biri deyirdi, yox, Alpüzdərə, yəni alban üzlü dərə, albanların yaşadığı dərə deməkdir. Sovet sədri də bir qrup cavana cidd-cəhdlə izah  eləyirdi ki, qonşu Türkman kəndində bir qoca var, ona qayğı göstərmirlər. Çöldə isə qar bükür-tökürdü. Lay-lay torpağa yatmış  qar əsl kasıb qarı idi, qayğılı günü bir az da qayğılı eləyirdi.
 
Mərhumun qızları isə içəridə elə hey qışqırırdılar: «Ay allah, heyyyyy, bu soyxalardan dədəmin iyi gəlir…»//Kulis.az
                                                                                    
1989-cu il

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM