E-kitab - Seymur Baycan: Puqaçov üsyanı

22:26 | 30.03.2016
E-kitab - Seymur Baycan: Puqaçov üsyanı

E-kitab - Seymur Baycan: Puqaçov üsyanı

Yaddaşım hər zaman, hər yerdə adamlarda heyrət doğurub. Yeddinci sinifdə orta məktəbi tərk edərək ibtidai hərbi məktəbə daxil oldum. Azərbaycan bölümündən qəflətən rus bölümünə keçməyim mənə olmazın çətinliklər, əzablar yaşatdı. İt kimi idim. Başa düşürdüm, danışa bilmirdim. O vaxtlar itlərin necə əzab çəkdiyini bütün hüceyrələrimlə hiss edirdim. Hərbi məktəbdə bir qayda vardı. Çalışan, zəhmət çəkən, öyrənmək istəyən uşaqlara müəllimlər rəhm edir, mərhəmət göstərirdilər. Qiymət almaqdan ötrü bilmədiyim rus dilində bir neçə səhifəni əzbərləməyə məcbur olurdum. İnsan çətinliklə qarşılaşmasa, öz qüvvəsini bilməz. Heç kimdən kömək gözləmirdim. Xoş təsadüfə ümid bağlamırdım. Məndə çətinliyə dözmək bacarığı, iradə güclənirdi. Şərait nə qədər çətinləşirdisə, özümü bir o qədər ağıllı və möhkəm hiss etməyə vadar edirdim. Çox tezliklə anladım ki, insanı möhkəmləndirən onun xarici mühitə göstərdiyi müqavimətdir. Hamı yatandan sonra kazarmanın koridorunda əlimdə tarix, ədəbiyyat, coğrafiya kitabları   gəzişə-gəzişə bütöv səhifələri əzbərləyirdim. Zabitlər dərslərə hazırlaşan, rus dilini bilməyən kursantlara "yat” əmrindən sonra yatmamaq icazəsi vermişdilər. Rus dilini bilən ağıllı bir kursant rus dilini bilməyən kursantlara dərslərini hazırlamaqda  köməklik edirdi. Yaxşı yadımdadır, bir gün tarix dərsində müəllimə məni ayağa qaldırıb yazı taxtasının önünə dəvət etdi. Özümü birtəhər ələ alaraq bütün iradəmi, cəsarətimi səfərbər edərək qorxa-qorxa yazı taxtasının önünə keçib Puqaçov üsyanı mövzusunda əzbərlədiyim dərsi danışmağa başladım. Onu da qeyd edim ki, Puqaçova, nədənsə, hər zaman simpatiyam olub. Puqaçov üsyanından bəhs edən filmə uşaqlıqda bir neçə dəfə baxmışdım. Özüm də bilmədən Puqaçova dərin hörmətim yaranmışdı. Yazı taxtasının önündə əzbərlədiyim dərsi danışdığım zaman müəllimə birdən məni saxlayıb sual verdi. Suala təbii ki, cavab verə bilmədim. Müəllimə söhbətin nə yerdə olduğunu, dediklərimin mənasını anlamadığımı, dərsi əzbərlədiyimi başa düşdü.
 
- Sən bütün bunları əzbərləmisən?
 
Başımla təsdiq etdim.
 
- Boje moy. Kakoy ujas. Koşmar… İdi sadis na svoe mesto.  
 
Bütün sinif heyrətlə mənə baxdı. Əzbərlədiyim cümlələrin mənasını özüm başa düşməsəm də, tarix  müəlliməsi çəkdiyim zəhmətə görə mənə bir üç yazmaq məcburiyyətində qaldı. Tarix müəlliməmiz kök, fiqurasız, mərhəmətli, ürəyiyumşaq bir qadın idi. Elə bil, müxtəlif ölçülü yarımkürələrdən quraşdırılmışdı. İçi qarpızla dolu bir çuvala oxşayırdı. Bu qadından söz düşmüşkən onun yaddaşıma həkk olunmuş bir hərəkətini mütləq qeyd etməliyəm. Atam təzə rəhmətə getmişdi. Tarix müəlliməsinin sinfində, pəncərənin yanında oturarkən  Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən 333 və 223 nömrəli avtobusları görürdüm. Xüsusən, yağışlı günlərdə şəhərə doğru hərəkət edən avtobusları görəndə ürəyim bərk sıxılırdı. Ta uşaqlıqdan darıxmaqdan əziyyət çəkən bir adam hərbi məktəbin  böyük ərazisində canını qoymağa yer tapmırdı. Avtobusda şəhərə gedən adamlara qibtə edirdim. Hərbi məktəbin ərazisindən mülki həyat mənə çox əsrarəngiz görünürdü. Hərbi məktəbə daxil olmağıma it kimi peşman olmuşdum. Amma təəssüf ki, artıq geriyə yol qalmamışdı. Üç ilimi burda keçirmək məcburiyyətində idim. Atamın rəhmətə getməsi, Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən avtobuslar, yağışlı hava, darıxmağım, hamısı bir-birinə qarışdı. Balaca ürəyim bu qarışıq hisslərə, bu qüssəyə dözmədi. Qızmar qəhər yumağı sürünərək hülqumuma yaxınlaşdı, məni boğmağa başladı. Ağzım duz daddı. Dərsdə qəfildən hönkürdüm. Bütün sinif çevrilib mənə baxdı. İrina Feodorovna, tarix müəlliməmiz yerindən qalxıb mənə yaxınlaşdı. Sual verdi:
 
- Sən onu xatırladın?
 
Ağlaya-ağlaya başımla təsdiq etdim. O, toppuş əli ilə başımı sığalladı və dedi:
 
- Get, bir az bayırda gəz, gələrsən.
 
Onun mehriban səsini, səsinə çox gözəl yaraşan məxmər kimi yumşaq, ətli  əlini indiyə qədər unutmamışam. Onun elinin yumshaqliqi meni heyretlendirdi. Birden anladim ki, indiye qeder, meni siqallayan ellerin hamisi ishlemekden qabar-qabar olmush, yumushaqliqini itirmish eller olmushdur. 
 
"Sən onu xatırladın?”  Üç sözdən ibarət bu sualda böyük bir qəlb gördüm. İndi də tarix müəlliməmi xatırlayarkən mənə elə gəlir ki, sakit bir məbədə daxil oluram.
 
Əvvəlcə sinif otağını, sonra isə tədris korpusunu tərk edərək zeytunluğa tərəf getdim. İnsan öz qəm-qüssəsi ilə mübarizəyə var qüvvəsini sərf etdiyi bir zamanda, yanında şahid olması ona xoş gəlməyə bilər. Zeytun ağaclarının arasında gəzərək uşaqlığımda olduğu kimi göz yaşlarımdan zövq alaraq doyunca ağlayıb yüngülləşdim. Üzümü yuyub sinfə qayıtdım. Bütün bunlar həyatımdan 15-20  dəqiqə vaxt apardı. İndi də Zığ şosesi ilə maşınla gedərkən zeytun ağaclarını gördükdə o ağacların altında gəzişə-gəzişə ağladığım vaxtları xatırlayıram.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb