E-kitab - Vasko Pratolini: Vanda

22:38 | 19.01.2016
E-kitab - Vasko Pratolini: Vanda

E-kitab - Vasko Pratolini: Vanda

 

Qadın hekayələri

Vandanın işıldayan qara gözləri və sarı saçları var idi. Heç cür ona sevgimi etiraf edə bilmirdim. Axı hələ adının Vanda olduğundan belə xəbərim yox idi. Lakin bir səhər o özü körpünün ortasında dayandı və mən yaxınlaşmaq üçün cəsarətimi toplayana qədər gözlədi.

– Qulaq asın, – dedi, – Bu ki, əsl müəmmadır. Bir aydır ki, arxamca kölgə kimi gəzirsiniz. Deyin görüm sizə nə lazımdır? Bu əziyyət də bitsin.

– Məgər hələ də başa düşməmisiniz? – qışqırdım.

Bu vaxt yanımızdan bir qadın keçdi. Əlindən tutduğu qızcığaz dərslərini yüksək səslə təkrarlayırdı. Balaca hələ yarıyuxulu idi və dili dolaşa-dolaşa deyirdi:

– Sən ol, Siz olun, biz olaq, sən ol…

İkimiz də güldük, bu, utancaqlığın öhdəsindən gəlməyə kömək etdi.

Vanda məhəccərə dirsəkləndi, mən də elə etdim və çaya tamaşa etməyə başladıq. Arnonun yaşıl suları yüksəlmişdi, az qala körpüdəki zərgərlik dükanlarının pəncərələrinə çatırdı.

Mən çayın ortasını işarət etdim:

– Qayıqdakına baxın.

Mənə elə gəldi ki, bu, indi ona deyə biləcəyim ən vacib şeydir.

O cavab verdi:

– Baxan kimi görünür ki, işi-gücü yoxdur. Ona paxıllığım tutur.

Körpünün hər iki ucunda Dörd fəsilə həsr olunmuş heykəllər ucalırdı.

İkimizin də on səkkiz yaşı var idi. Mən qəzetdə  işləyirdim. Vanda isə geyim mağazasında satıcı işləyir və gündəlik yeddi lira qazanırdı. O, atası və nənəsi ilə yaşayırdı, atası məhkəmədə məmur idi və əlində veksellər ev-ev gəzirdi.

Düz bir il hər gün burada, Ponte Vekkyoda görüşdük. Vanda çayın o tayında, Bahar və Yay heykəllərinin baxdığı tərəfdə qalırdı. Barda hərəyə bir fincan qəhvə içirdik və orada satılan təzə brioşlardan birini alıb yarı bölürdük. Vanda öz payını qəhvəyə batırıb kiçik loxmalarla yeyirdi. O, biroşu dişləməmişdən əvvəl qəhvəsini sorurdu. Məni isə öz payımı bütöv udduğuma görə danlayırdı.

Vandanı dükana qədər yola salır və orada bir qədər ləngiyirdim. O isə mənə bir dəfə də gülümsəmək üçün vitrini yığışdırmağa başlayırdı. Günorta və axşamlar yenə körpüdə gəzişirdik.

Günlər bir-birini əvəzləyir, növbə ilə gözümüzün qarşısında axan çayda əksini tapırdı. Çay yanvarda, daşqın vaxtı sapsarı və bulanıq olur, sel altında qalmış talalardan ağac budaqları və cəmdək yığıb gətirirdi. Belə günlərdə zərgərlər emalatxanalarının pəncərələrinə yaxınlaşır və suölçənə baxırdılar. Qızmar yay günlərində çayda qumdan adalar peyda olur, bənd quruyurdu və balacalar bütün günü orada oynaşırdılar. Yalnız körpünün altı ilə güclə sezilən şəffaf su axırdı. Yazda isə su yaşıl olurdu, axşamları biz körpünün üstündəayaq saxlayırdıq və Vanda məhəccərə dirsəklənib əlləri ilə çənəsini tutur, çaya baxa-baxa oxuyurdu.

– Sevgilim, – onu sığallayıb əzizləyirdim, amma Vanda məni dinləmirdi.

– Sən çayı məndən çox istəyirsən, – zarafatla deyirdim.

– Dəli, – gülüb cavab verərdi.

Sonra yay gəldi və körpünün üstündə adamlar yığışmağa başladılar. Səs-küy sala-sala gəzənlər, mandolin çalanlar… Körpünün altında isə qarpız satırdılar.

Min doqquz yüz otuz səkkizinci il idi. İspan respublikaçıları Bruneteni itirmişdilər. Hansısa ər öz arvadını öldürmüşdü və İtaliya hökuməti irqi ayrı-seçkilik barədə qanunu təsdiqləmişdi. Lakin bütün bu hadisələr bizə o qədər uzaq idi ki!Adi qəzet başlığından başqa bir şey deyildi. Vanda ilə mən yalnız körpüdə keçirdiyimiz saatlara, bulvar gəzintilərinə əhəmiyyət verirdik. Bir də mənimlə tanış olmaqdan imtina edən atası var idi.

– Onu razı sala biləcəyəm, görərsən, – deyirdi Vanda, – Əslində onun bir etirazı yoxdu, amma biz hələ yetkinlik yaşına çatmamışıq.

Vanda hər gün yavaş-yavaş qadına çevrilirdi. Boyu da uzanmışdı. Biz öpüşməyi öyrənəndən isə daha çox dəyişmişdi. Lakin əvvəlki narahatlığı, hətta ən əhəmiyyətsiz şeylər barədə təlaşla sual vermək xasiyyəti hələ də qalmışdı. Sanki vaxtaşırı güclənən və böyüyən kabusun içində yaşayırdı.

– Çox müəmmalıdır,  – ilk görüşümüzdəki kimi təkrarlayırdı, – Niyə fənərləri belə gec yandırırlar? Sən niyə məhz bu gün saçını kəsdirmisən? Niyə neçə gündü ki, səmada bütöv ay görünür?

Mən evlənəcəyimizi və bir yerdə yaşayacağımızı xəyal edirdim. Bir də oyuncaq kimi qəşəng, detektorlu radiomuz olacaqdı. İyunda Vandaya al-qırmızı yaylıq bağışlamışdım. O, soyuq axşamlarda hədiyyəmi ağ paltarının üstündən boynuna dolayırdı.

– Mən aşiq olmaq istəmirdim. Elə birinci gün sənə demişdim ki, məndən əl çəkəsən,  – deyirdi.

– Bilirəm, – deyirdim gülə-gülə, – Öz sirrini mənə nə vaxt açacaqsan? Sənə elə gəlmir ki, mən səni artıq kifayət qədər çox sevirəm və məni heç nə ilə qorxuda bilməzsən.

– Hələ yox, – o, mənə ciddi-ciddi baxdı, mən isə onu öpdüm.

Vanda getdikcə daha solğun, dalğın və narahat olurdu.

– Ev işləri səni çox yorur, – deyirdim, – Belə olmaz.

Bir axşam dedi:

– Əgər məni belə sevirsənsə, niyə qəlbimin daha da dərinliklərinə baxmağa çalışmırsan? Mən sirrimi açmaq üçün bunu gözləyirəm.

– Mən sənin haqqında hər şeyi bilirəm, sən nəfəs aldığım hava kimisən. Səni açıq kitab kimi yaxşı tanıyıram, – cavab verdim.

– Eh, axmaq, – dedi və onun səsində həm sevgi, həm kədər hiss olunurdu. Sonralar bu səsitez-tez yada salacaqdım.

Biz məhəccərə söykənib çaya tamaşa edirdik. Külək əsirdi və park dumana bürünmüşdü.  Dumandan heç fənərlər də görünmürdü. Çay tağların altından gələn canlı qara kütləyə bənzəyirdi, körpünün sütunlarına çırpılan suyun fasiləsiz səs-küyü eşidilirdi.

Vanda dedi:

– Bu, əsl müəmmadır. Sən daima deyirsən ki, bilirəm, bilirəm. Heç nə də bilmirsən. Niyə mən sarışınam? Mən sarışın olmamalıyam. Bunu bilirsən?

– Sən sarışın olduğun üçün sarışınsan, – dedim.

– Mənim belə açıq rəngli saçlarım olmamalıdır. Çox müəmmalıdır. Mən səni sevirəm. Niyə səni sevirəm? Əlbəttə, sən bilirsən. İzah elə görüm. Niyə? Mən bilmirəm. Bircə onu bilirəm ki, sevirəm. Niyəsini isə başa düşə bilmirəm.

Qəribə olsa da, bu dəfə sakit idi, təkcə sözləri həyəcanlı idi.

– Əlbəttə, sən hər şeyi bilirsən, – deyirdi, – Çayın dənizə axdığını da bilirsən. Ancaq mənim heç vaxt dəniz görmədiyimdən xəbərin yoxdur. Bəli, bəli, iyirmi yaşım var, amma heç vaxt dəniz görməmişəm, heç qatarla səyahət də etməmişəm. Bunu bilirdin?

– Ay dəli, – dedim, – Sirr dediyin elə bu idi?

O, məhəccərə söykənib dedi:

– İndi də düşünürsən ki, sirrim budur. Dəhşətsən.

Mən Vandanın çiyinlərini qucaqladım və üzünü özümə çevirib ağladığını gördüm. Barmağımla bir göz yaşı damlasını sildim və dodaqlarını yaş elədim.

– Dadına bax, – dedim, – dəniz də belə duzludur.

Və onun yanağından öpdüm.

– Bazar günü dənizə gedəcəyik. Qatarla gedərik. Axşama qayıdarıq. Atana da bir bəhanə fikirləşərsən.

– Lazım deyil, – o, çaya baxıb cavab verdi, – Atam gedib və tez qayıtmayacaq.

– Qohumlarının yanına gedib?

– Hə, – dedi.

Vandanı evə yola salanda körpüdən düşüb heykəllərə baxdı və dedi:

– İlin günün bu vaxtı Baharın burada nə işi var? Bilirsən?

O, məni öpməmişdən nəvazişlə sinəmdən itələdi, lakin gözləri dolmuşdu. Göz yaşlarını dəsmalla sildim.

Həmin gecə anam otağıma girib məni oyatdı.

– Gəldim pəncərəni yoxlayam, – dedi,  – Səsi eşidirsən?

Şiddətli yağış yağırdı və iri damlalar pəncərə şüşələrini döyəcləyirdi.

Anam gedəndə dedi:

– Sabah çay qalxacaq.

Səhər parlaq günəş çıxdı, küçələr və evlərin fasadları fırtınadan sonra gələn təravətli hava axını ilə təmizlənmişdi. Çayın suyu zərgərlik dükanlarının pəncərələrinə qədər qalxmışdı, pəncərələrin dəmirləri sonra qədər endirilmişdi.

Vandanı gözləyirdim, amma o gəlmədi. Bazarı gəzdim, yenə də ona rast gəlmədim. Onda fikirləşdim ki, axşam bir az sərin idi, bəlkə də soyuqlayıb. Evinə getmək qərarına gəldim.

Qapını döydüm. Qapınıorta yaşlı arıq qadın açdı. Gözündə eynək, əynində rəngi solmuş mavi xalat var idi, əski ilə əlindəki qabı silirdi.

– Vanda evdə deyil, – bir qədər kobud və əsəbi dilləndi, – Görünür səhər tezdən gedib. Sanitar da iki dəfə gəlmişdi, amma qız ortalıqda yoxdu.

– Sanitar niyə? – soruşdum.

– Atasının güclü tutması olmuşdu, deyəsən, bu dəfə…

Hələ də qapının kandarında dayanmışdım. Özümü lap itirmişdim, bircə bu sualı verə bildim:

– Atası xəstə idi ki?

Qadın soruşdu:

– Siz polis deyilsiniz?

– Yox, –  dedim, – Dostuyam.

– Ah, üzr istəyirəm, demək olar ki, hər gün gəlirlər. Axı Vandanın atası üç ay əvvəl yəhudi olduğuna görə işdən qovulandan sonra dəli olmuşdu. Kədərdən ağlını itirmişdi.

– Bəs Vanda? – soruşdum.

– Heç bilmirəm ki, hara gedə bilər, – qadın cavab verdi, – Bəlkə kimdənsə borc istəməyə çıxıb. Başa düşürsüz, biz ona əlimizdən gəldiyi qədər kömək edirik, axı indi o da işsizdi. Amma bilirsiz, biz özümüz də cah-cəlal içində yaşamırıq.

İki gün sonra uzaqda, mənsəbə yaxın çay Vandanın bədənini sahilə atdı.

Tərcümə etdi: İlahə Əkbər

Sim-sim.az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb