"Əgər bu informasiya müharibəsidirsə, biz onda yerin dibindəyik" - Elçin Şıxlı

16:42 | 25.09.2020

"Əgər bu informasiya müharibəsidirsə, biz onda yerin dibindəyik" - Elçin Şıxlı

Azərbaycanla Ermənistan arasında son dövrdə baş verən gərgin vəziyyətlə yanaşı həm də ölkələr arasında informasiya müharibəsi baş verir. Bu həm dövlət səviyyəsində həm də vətəndaş mövqeyi əsnasında həyata keçir. Bəs əslində informasiya prosesi necə həyata keçirilməlidir ki, doğruluğu təmin olunsun? Anews.az bu haqda mütəxəssislərin fikirlərini alıb.
 
"Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının sözlərinə görə, Azərbaycanın informasiya mübarizəsində bir xeyli naşılıqlar var. Bunun sayəsində isə uzun müddət hansısa bir iş görənlərin əməyi puça çıxır.
 
 

"Bizdə informasiya  savaşı doğru aparılmır. Məsələn, Milli Məclisin 30 illik deputatı "Paşinyanın arvadını əsir götürdüyümüz günü gözləyirik” deməsi ilə əslində Azərbaycan xalqına, kişisinə, ordusuna həqarət etmiş oldu. Başqa bir deputat da çıxışında deyir ki, mən siyasətə qarışmıram. Əgər siyasətə qarışmıyacaqsansa parlamentdə nə işin var?! Əgər bunlar informasiya müharibəsidirsə o zaman biz yerin dibindəyik".
 
Elçin Şıxlı onu da bildirdi ki, Azərbaycan parlamenti heyətinin Lavrovla görüşdə dediklərini sonradan silməsi də səhv idi. "Bu o anlama gəlir ki, biz nədənsə qorxub çəkindik. Nəticədə ermənilər bizim yazdığımız ilkin xəbəri skreeenshot edərək bizi "sputnik Armanie” mediasında biabır etdilər".
 
Son olaraq Elçin Şıxlı onu əlavə etdi ki, informasiya müharibəsi ilə yalnız peşəkarlar mübarizə aparmalıdır. İnformasiyanın nə demək olduğunu, dəyərini anlayanlar və onunla rəftar etməyi bacaranlar bu işə cəlb olunmalıdır.
   
"Turan" informasiya agentliyinin təsisçisi Mehman Əliyevin fikrinə,  informasiya müharibəsi ilə jurnalist məşğul olmalı deyil.
 
 

" Düşünürəm ki, jurnalistin işi tamam başqadır. İnformasiya müharibəsi aparması ona aid məsələ deyil. Əgər erməni jurnalistləri bununla məşğul olursa özləri bilər. İnformasiya siyasətini dövlət apara bilər".

Mehman Əliyevin sözlərinə görə, Azərbaycanda dövlət siyasətində bu sistem yoxdur. "Bu mövzuda ermənilər bizdən irəlidir. Çünki onların informasiya müharibəsi movzusunda uzunmüddətli təcrübələri var. Bu siyasət onlara Sovetlər Birliyindən qalıb.Uzun müddət bu sahədə işlər aparıblar və indi bəhrəsini göstərir".
 
 
"Yeni Nəsil Jurnalistlər Birliyi”nin sədri Arif Əliyevin sözlərinə görə informasiya müharibəsi əslində çətin və vacib bir prosesdir.
 
 

"İnformasiya müharibəsinin aparılması xüsusi mütəxəssislər tərəfindən həyata keçirilməlidir. İndiki iki dövlət arasında baş verən hal isə informasiya qarşıdurması adlandırsaq daha doğru olar. Düşünmürəm ki, Azərbaycan bu mübarizədə Ermənistandan çox da geri qalır”.

Arif Əliyevin fikrincə,  əsas məsələ  bu sistemdə diplomatiyamızın uğursuz olmasıdır.

"İnformasiya qarşıdurması havadan asılı bir şey deyil. Diplomatik cəhətdən uğursuzuluq varsa bu problemi həll etmək çox vacibdır. Ermənistanla müqayisədə Azərbaycan 10-15 illdir ki, təfbirlər keçirir.  Bizim ölkədə dövlət media ilə münasibətlərini daha yaxşılaşdırmalı və bu sahədə peşəkarlar yetişdirməlidir”.
 
 
Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü, deputat Asim Mollazadəninsözlərinə görə, Ermənistanın dünyada zəngin təşkilatlanmış çoxlu diasporları var və indiki durumda bu onların köməyinə çatır.
 
 

"Azərbaycana qarşı informasiya müharibəsi daha da şiddətlənib. Çünki Ermənistan çox ciddi müharibəyə hazırlaşır və bu istiqamətdə dünyanın bir çox ölkələrində yerləşmiş zəngin təşkilatlanmış erməni diasporası müfaviq göstərişlər verərək Azərbaycana qarşı yalan , böhtan kampaniyasını daha da gücləndirir. Nəzərə almalıyıq ki, bu istiqamətdə Azərbaycanın imkanları daha  da zəifdir. Bizim geniş və güclü ,varlı diasporamız yoxdur. Bir sıra ölkələrdə uzun illərdir Türkiyəyə qarşı müharibə aparan erməni diasporası bu gün əsas hədəf kimi Azərbaycanı seçib. ABŞ, Fransa, Rusiya, Latın Amerikası ölkələrində bu istiqamətə böyük vəsaitlər ayrılıb. Bu istiqamətdə  dünya mediası ilə birgə Azərbaycanın qeyri hökümət təşkilatları prosesdə iştirak etməlidir. Başqa ölkələrdə yaşayan hər bir azərbaycanlı bu mövzuda təşkilatlanmalı və çox ciddi müqavimət göstərməlidir. Hələlik güc nisbəti bizim xeyrimizə deyil , amma nəzərə almaq lazımdır ki, səngərdə Azərbaycan əsgəri erməni əsgərindən daha güclüdür".
 
 
Politoloq Ceyhun Osmanlı isə informasiya müharibəsində Ermənistanın Azərbaycana uduzduğunu deyir.
 

"Azərbaycan və Ermənistan siyasətçilərinin yanaşmalarını müqayisə etsək Azərbaycanın tam mövqeyini görə bilərik. Nəticədə isə ölkənin parlamenti, prezident köməkçiləri, ölkə başçısının mövqeyini dəstəkləyən prizmadan çıxışlarının da şahidi olarıq. Ermənistanda isə bunun əksidir. Paşinyanla parlament arasında fikir ayrılıqları var. Sülh və hərb kimi nə istədikləri belə məlum deyil.  Prezidentin son həftə ərzində Rusiya mətbuatında dərc edildiyi məqalələr də Azərbaycanın açıq mövqeyini dünya ictimaiyyətinə çatdırmış oldu", - deyə Osmanlı bildirib. 
 
O, həmçinin son vaxtlar Azərbaycan həqiqətlərinin xarici mediada marağın artmasına diqqət çəkdi. 
 
"Son aylar isə BBC aparıcısının Paşinyanı Hard Talk verilişində çətin vəziyyətə salması,  Ərəb və türk mətbuatının ermənilərin PKK terrorçularını Qarabağa yerləşdirməsi faktını qabartması və bunun Avropa media resurslarında təsdiq edilməsi, ABŞ-da Heritage Fondu və Caspian Policy Center-in açıqlamaları, o cümlədən Rusiyada Rosbalt və Pravda-da Azərbaycan Prezidentinin açıqlamalarının dərc edilməsi onu göstərir ki, Azərbaycan artıq dünyada informasiya blokadasında deyil və dünyada bizim mövqeyimizi anlayanların sayı çoxalır.

  

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM