SOCAR və ExxonMobil Azərbaycanın yeni enerji mərhələsini qurur - Beylərbəyov

Azərbaycan enerji sektorunda yeni layihələrlə qlobal bazarda rolunu möhkəmləndirir və yeni tərəfdaşlıqlarla bazara açılır. Bu barədə SOCAR-ın vitse-prezidenti Vitali Beylərbəyov bildirib.
Beylərbəyovun sözlərinə görə, SOCAR həm alıcı, həm satıcı, həm də infrastruktur sahibi kimi fəaliyyət göstərərək bütün enerji zəncirində iştirak edir.
“Biz qaz alırıq, satırıq, boru kəmərləri tikirik, bütün bu rolları icra edirik,” — o vurğulayıb.
O qeyd edib ki, ExxonMobil yeni imkanlarla Azərbaycana qayıdır və ölkənin hələ istismar olunmamış ənənəvi enerji resurslarının inkişafı istiqamətində SOCAR-la birgə əməkdaşlıq edir.
“Bu, qeyri-ənənəvi resurslar deyil, Azərbaycanın malik olduğu və hələ tam işlənməmiş imkanlardır,” — Beylərbəyov bildirib.
Beylərbəyov çıxışı zamanı Şahdəniz layihəsinin gələcək inkişaf mərhələsinə də toxunub və layihənin pik dövründə illik 4 milyard kubmetrdən artıq əlavə qaz hasilatının təmin olunacağını bildirib.
Ümumilikdə, 50 milyard kubmetr qaz ehtiyatı gözlənilir.
Vitse-prezident əlavə edib ki, yeni mərhələlər çərçivəsində hasilat daha 4,5 milyard kubmetr artacaq və bu artımlar tədricən ixrac imkanlarını genişləndirəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2029–2030-cu illərdə Azərbaycan 8 milyard kubmetr əlavə qazı ixrac üçün təqdim edə biləcək.
Beylərbəyov, həmçinin, Avropaya qaz nəqli üçün yeni boru kəmərlərinin zəruriliyini vurğulayıb. Hazırkı magistral infrastrukturun artıq tam istifadə olunduğunu bildirən Beylərbəyov, yeni kəmərlərin inşasının zəruri olduğunu qeyd edib.
“Əgər yeni boru kəmərləri tikilməsə, artan tələbatı ödəmək mümkün olmayacaq.”
O, dünyada bərpa olunan enerji mənbələrinin artımına baxmayaraq, onların enerji balansını tam təmin edə bilmədiyini bildirib.
“Fosil yanacaqların mərhələli şəkildə aradan qaldırılması siyasəti uğur qazanmayacaq. Əks halda bu, istehlakçılar üçün qiymətlərin artmasına və enerji çatışmazlığına səbəb olacaq,” — Beylərbəyov bildirib.
Çıxışını yekunlaşdıran Beylərbəyov, Azərbaycanın enerji siyasətinin dayanıqlı və real yanaşmaya əsaslandığını qeyd edib və vurğulayıb ki, ölkə liderliyi və SOCAR kimi qurumların fəaliyyəti nəticəsində regionun enerji təhlükəsizliyində önəmli rol oynayır.
N.Təbrizli