“AzərEnerji”nin elektrik istehsalı 6 ayda 3,4 % artıb

Bu ilin yanvar-iyununda “AzərEnerji” ASC tərəfindən 12,32 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
İstehsalın 10,44 milyard kVt/saatı istilik, 1,85 milyard kVt/saatı su, 30,7 milyon kVt/saatı isə günəş elektrik stansiyalarında qeydə alınıb.
İstilik stansiyalarında istehsal 0,1 % azalsa da, su elektrik stansiyalarında 26,2 %, günəş enerjisində isə 0,7 % artım müşahidə olunub.
Hesabat dövründə “Azərişıq” külək stansiyalarında 14,6 milyon kVt/saat (-33,3 %), müstəqil elektrik stansiyalarında isə 1,51 milyard kVt/saat (+8,5 %) istehsal qeydə alıb.
Bu ilin ilk yarısında Azərbaycan 709,9 milyon kilovat-saat elektrik enerjisi ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə və ya 265,9 milyon kVt/saat çoxdur.
Nazirliyin hesabatına görə, yanvar-iyunda elektrik enerjisi idxalı 81,1 milyon kVt/saat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 milyon kVt/saat və ya 15,9% azdır.
Ölkə üzrə ümumi elektrik enerjisi istehsalı 13 milyard 849,3 milyon kVt/saat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2% və ya 291,5 milyon kVt/saat artım deməkdir.
N.Təbrizli