Sosial Müdafiə Fondunun gəlirləri artıb, xərclər sosial ödənişlərə yönəlib – Hesablama Palatası
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əsasən sosial sığorta haqlarından formalaşır və 2026-cı il üçün proqnoz göstəriciləri makroiqtisadi artım dinamikasına uyğunlaşdırılıb. Bunu Milli Məclisdə çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektorundan daxilolmalar fond gəlirlərinin əsas hissəsini təşkil edir və bu istiqamətdə artım 6,1 faiz nəzərə alınmaqla hesablanıb.
“Sosial təminat daxilolmalarının artım tempi iqtisadi göstəricilərin dinamikasına paralel planlaşdırılıb,” – Gülməmmədov qeyd edib.
Sədrin sözlərinə görə, fondun xərclərinin əsas hissəsi əhaliyə ödənişlər – pensiyalar, müavinətlər və sosial təminatla bağlı ödənişlərə yönəldilib.
“Hesablamalar göstərir ki, nəzərdə tutulan məbləğlər xərclərin ödənilməsinə kifayət edir və optimist yanaşma tətbiq olunub,” – o deyib.
Gülməmmədov vurğulayıb ki, fondun dayanıqlılığının təmin edilməsi dövlət maliyyə sisteminin mühüm elementi olaraq qalır.
“Fondun gəlir və xərcləri Prezident İlham Əliyevin təqdim etdiyi qanun layihəsinə uyğun hazırlanıb,” – sədr əlavə edib.
N.Təbrizli