Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Tacikistan Banklar Assosiasiyası noyabrın 24-də Bakıda əməkdaşlıq sazişi imzalayıb. Bu barədə ABA-nın prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, sənədin imzalanması ilə ABA bütün MDB ölkələrinin bank birlikləri ilə əməkdaşlığın rəsmiləşdirilməsini başa çatdırıb.
“Əsas vəzifəmiz assosiasiyamıza üzv banklara MDB-dəki tərəfdaşları ilə əlaqələr qurmaqda kömək etməkdir. Bu, banklarımız arasında daha sıx işgüzar əməkdaşlığın inkişafına təkan verəcək”, — Nuriyev qeyd edib.
O bildirib ki, əməkdaşlıq banklar arasında təcrübə mübadiləsini və tərəfdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutur. Bu da ölkələr arasında ticarət-iqtisadi münasibətlərin genişlənməsinə töhfə verəcək.
“Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələri ilə strateji münasibətlər qurur və faktiki olaraq regional mərkəzə çevrilir”, — ABA prezidenti əlavə edib.

























