Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli

Milli Məclisin deputatı Əli Hüseynli dövlət ehtiyacları üçün torpaqların alınmasının qanunvericilikdə konkret hallar üzrə müəyyənləşdirilməsinin mülkiyyətçilərlə dövlət arasında yarana biləcək mübahisələri önlədiyini açıqlayıb.
O qeyd edib ki, Konstitusiyada torpaq mülkiyyətinin dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur, bələdiyyə və ya özəl ehtiyaclar üçün belə müddəa yoxdur.
“Konstitusiya məhz dövlət ehtiyacı üçün torpağın mülkiyyətinin alınmasını qeyd edir. Qısası, bələdiyyə ehtiyacı üçün belə bir müddəa yoxdur, özəl üçün də yoxdur, baxmayaraq ki, mülkiyyətin üç forması var”, – deputat bildirib.
Əli Hüseynlinin sözlərinə görə, dövlət ehtiyaclarının qanunda konkret sadalanması mülkiyyətçilərin hüquqlarının qorunmasına və mümkün mübahisələrin qarşısının alınmasına xidmət edir.
“Əgər bu sadalanmasa, hansısa bir ümumi anlayış verilərsə, onda avtomatik mübahisə yaranacaq: tərəflə dövlət arasında. Hələ ilkin müəyyən eləmək lazımdır ki, bu, doğrudanmı dövlət ehtiyacı üçün olan obyektdir, o niyyətdir”, – o deyib.
Deputat əlavə edib ki, qanunda nəzərdə tutulan fəaliyyət növləri sırasında olmayan hallarda torpağın dövlət ehtiyacları üçün alınması mübahisə predmeti yarada bilər.
Əli Hüseynli vurğulayıb ki, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətçilərə ədalətli kompensasiya ödənilməlidir. Onun sözlərinə görə, kompensasiya Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir, məbləğlə razılaşmayan tərəf isə məhkəməyə müraciət edə bilər.

























