Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun

Milli Məclisin deputatı Aydın Hüseynov Bakıətrafı qəsəbələrin, o cümlədən Qaradağ rayonunun baş planının hazırlanmasını təklif edib. Deputat bu təklifləri parlamentdə müzakirə olunan qanun layihəsi ilə bağlı çıxışı zamanı səsləndirib.
O, həmçinin Bakı ilə Ələt arasında sürət qatarının istifadəyə verilməsinin məqsədəuyğun olduğunu bildirib.
Hüseynov qeyd edib ki, dövlət ehtiyacları üçün torpaqların alınması zamanı mülkiyyətçilərə kompensasiyanın ödənilməsi həm vətəndaşların, həm də dövlətin maraqlarına uyğun olmalıdır.
Onun sözlərinə görə, qanun layihəsinin müzakirəsi və qəbul edilməsi sakinlərdə mülkiyyət hüquqlarının qorunacağına və dövlət ehtiyacları üçün alınan əmlaka görə kompensasiya veriləcəyinə inam yaradır.
Deputat bildirib ki, Bakı və ətraf qəsəbələrin genişlənməsi gələcəkdə infrastruktur və sosial obyektlərə ehtiyacı artıracaq.
“Baş planda təkcə dəmir yolları ilə və yaxud da digər dövlət ehtiyaclarına lazım olan və adları qanunda keçən sahillərlə yanaşı, infrastruktur, digər infrastrukturlar, sosial obyektlər, məktəblər, park-yaşıllıq sahələrinin açılması, uşaq meydançalarının tikilməsi, xəstəxana və sair, bax bu kimi obyektlərə də gələcəkdə çox böyük tələbat olacaq”, - deputat bildirib.
Hüseynovun fikrincə, bu məsələlərin əvvəlcədən baş planda nəzərə alınması gələcəkdə torpaq və tikinti proseslərinin tənzimlənməsini asanlaşdıracaq.
Deputat, həmçinin Bakı ilə Ələt arasında sürət qatarının fəaliyyətə başlamasını təklif edib.
“Bakı və Ələt arasında sürət qatarının işə salınması çox əlverişli olar. Həm tıxacların aradan qaldırılması baxımından, həm də bütövlükdə vətəndaşlara, sakinlərə yüksək xidmətin göstərilməsi baxımından əlverişli olar”, - Hüseynov qeyd edib.

























