Ekspert XİN-ə səsləndi: “Təxribat ola bilər”

10:34 | 11.07.2015
Ekspert XİN-ə səsləndi: “Təxribat ola bilər”

Ekspert XİN-ə səsləndi: “Təxribat ola bilər”

German Sterliqov kimi şəxslərin Qarabağa köçməsi çox təhlükəlidir və bu tip şəxslər asanlıqla ölkəmizə qarşı təxribat törədə bilərlər.
 
Bu barədə Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli danışıb. O bildirib ki, Xarici İşlər Nazirliyi bu şəxsi nəzarətdə saxlamalıdır:
 
"German Sterliqovun həyat tarixçəsi çox qaranlıqdır. Xüsusi xidmət orqanları ilə əlaqəsi, 1990 və 2000-ci illərin əvvəllərində Rusiyada kriminal qruplaşmalarda iştirakı və bu yollarla ciddi məbləğdə vəsait əldə etməsi barədə kifayət qədər məlumat var. Dağlıq Qarabağ de-yure Azərbaycana aid olsa da, de-fakto erməni işğalçılarının nəzarəti altındadır. Bu zonaya beynəlxalq nəzarət olmadığından Sterliqovun Qarabağa köçməsinin altında müxtəlif missiyalar gizlənə bilər. Beynəlxalq hüququn normalarından qaçmaq və başqa fəaliyyətlərlə məşğul olmaq istəyən bu insanın işğalçı bir zonaya yerləşməsi onun fəaliyyətini genişləndirməyə imkan verə bilər. Görünür, milyarder Qarabağa bəlli məqsəd və planlarla gəlib. Qeyri-qanuni biznes, narko-ticarət və silah ticarəti mümkün variantlar arasındadır. Çünki nəzarətdən kənarda qalan torpaqlarda qanunsuz əməllərlə məşğul olmaq üçün bütün şərait var. Alıcılıq qabiliyyətinin çox aşağı, əhalisi həddindən artıq kasıb şəraitdə yaşayan və separatçıların nəzarətində olan bir bölgədə biznes fəaliyyətindən danışmaq gülünc olardı”.
 
Ekspert Qarabağa köçən milyarderlə bağlı bütün variantların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb:
 
"Xüsusi xidmət orqanlarımız və XİN bu şəxsin Qarabağa hansı məqsədlə köçməsi ilə bağlı ciddi araşdırma aparmalı və onu daim nəzarətdə saxlamalıdır. Belə şəxslərin Qarabağa köçməsi çox təhlükəlidir və bu tip adamlar asanlıqla ölkəmizə qarşı təxribat törədə bilərlər. Germanın qaranlıq keçmişi ona bu sahədə bütün imkanları yaradır. Hər bir ehtimal nəzərdən keçirilməlidir. Azərbaycanın məsələyə reaksiyası olduqca vacibdir və bu, gələcəkdə müxtəlif təxribatların qarşısını ala bilər”.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür