Eldar Mahmudovun yaxın qohumu saxlanıldı

10:19 | 21.10.2015
Eldar Mahmudovun yaxın qohumu saxlanıldı

Eldar Mahmudovun yaxın qohumu saxlanıldı

Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumlarının da işində yoxlama aparılır.

Musavat.com-a daxil olan məlumata görə, artıq sabiq nazirin yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov saxlanılıb.

Redaksiyamıza daxil olan məlumata görə, Eldar Mahmudov qohumu Beytulla Hüseynovun əli ilə ölkədə telefon danışıqlarını rahat şəkildə dinləyə bilirmiş. Bu kimi səbəblərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün təxminən saat 18:00 radələrində Beytulla Hüseynovu saxlayıblar. Onun tutduğu vəzifəsindən azad ediləcəyi gözlənilir.

Qeyd edək ki, Beytulla Hüseynovun rəhbərlik etdiyi qurumda yoxlamaların aparıldığı və onun saxlanılma ehtimalının olması ilə bağlı məlumatları da ilk dəfə musavat.com ölkə ictimaiyyətinə çatdırıb.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

Əldə edilən digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM