"Elm haqqında" qanun layihəsinin müzakirə tarixi açıqlandı

11:23 | 17.02.2015

"Elm haqqında" qanun layihəsinin müzakirə tarixi açıqlandı

 Azərbaycan Milli Məclisinin (MM) yaz sessiyasının növbəti plenar iclası fevralın 24-də keçiriləcək.

Bu barədə "Report"a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvvəkküloğlu məlumat verib.

Onun sözlərinə görə, plenar iclasın gündəliyinə 20 məsələnin daxil edilməsi təklif olunub. O cümlədən, iclasda bir neçə qanuna dəyişiklik layihələri müzakirə olunacaq. Bu sıraya Mülki və İnzibati Xətalar məcəllələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə hüquq şurası haqqında", "Ünvanlı dövlət sosial yardım haqqında", "Tibbi sığorta haqqında", "Televiziya və radio yayımı haqqında", "Müflisləşmə və iflas haqqında" və digər qanunlarda dəyişikliklər daxildir.

İclasda, həmçinin "Elm haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə təqdim olunacaq.

Xatırladaq ki, "Elm haqqında" qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. Qanun layihəsi vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM