Elmi Mərkəzin bir qrup əməkdaşına mükafatlar təqdim olundu

18:00 | 29.12.2015
Elmi Mərkəzin bir qrup əməkdaşına mükafatlar təqdim olundu

Elmi Mərkəzin bir qrup əməkdaşına mükafatlar təqdim olundu

Dekabrın 29-da "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərinə görə Elmi Mərkəzin bir qrup əməkdaşına Azərbaycan Respublikası Prezidentinin fəxri ad və mükafatları təqdim olunub.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.az-a verilən məlumata görə, təqdimetmə mərasimini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları salamlayıb. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin fəaliyyəti barədə məlumat verən AMEA rəhbəri bildirib ki, Milli Ensiklopediyanın ölkə tariximizi geniş şəkildə əks etdirməsi, orada Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, görkəmli tarixi şəxsiyyətləri ilə bağlı mühüm faktların yer alması onun əhəmiyyətini artırır. AMEA-nın prezidenti bugünkü tədbirin təşkilini, Milli Ensiklopediyanın çapa hazırlanması və xalqa təqdim edilməsi kimi məsuliyyətli vəzifəni dərk edən insanların mükafata layiq görülməsini Azərbaycan Respublikası Prezidentinin qayğısı olaraq qiymətləndirib: "Ölkə başçısı İlham Əliyevin 50 illik yubiley münasibətilə sizi təltif etməsi onun "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".
Tədbirdə Akademiya prezidenti ensiklopediyanın perspektiv fəaliyyətinə dair öz tövsiyələrini də verib: "Milli Ensiklopediyanın elektron versiyasının hazırlanması vacibdir. Mərkəzin hazırladığı nəşrlərin ingilis dilində versiyasını da yaratmaq lazımdır. Çünki bu gün dünya təhsilində, dünya elmində ingilis dili üstünlük təşkil edir".

Fəxri adların təqdimetmə mərasimində "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev, AMEA Rəyasət Heyəti aparatının idarə, şöbə rəisləri və digər şəxslər iştirak ediblər.

 Sonda akademik Akif Əlizadə "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" medalı, "Əməkdar jurnalist” və "Əməkdar mədəniyyət işçisi” fəxri adlarını təqdim edib.

Tofiq Əli

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM