Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında uğurla çıxış etmiş yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvləri avqustun 7-də Vətənə dönüblər.ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olub. Azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar.Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Şaban Donat idmançılarımızın qazandıqları uğurları tarixi hadisə adlandırıb, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, Azərbaycanda idmanın bu növü həmişə inkişafdadır:“Ümumiyyətlə, komandamızın dünya birinciliyindəki çıxışını yüksək qiymətləndirirəm. Dünya çempionatında komanda hesabında birinci olmaq tarixi nailiyyətdir. Bu uğur münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bizə yaradılan şəraitə görə federasiya rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.Çempionatın qızıl medalçısı İslam Abbasov (84 kq) deyib:“Mundiala yaxşı hazırlaşmışıq. Güclü təlim-məşq toplanışları keçmişik. Hər bir yarışda məqsədimiz uğurla çıxış edib, yüksək əyarlı medallar qazanmaqdır. Federasiya rəhbərliyi tərəfindən hazırlığımız və yarışlarda uğurlu çıxışımız üçün hər bir şərait yaradılıb. Bizim vəzifəmiz də maksimum səylə çalışmaq və əzmkarlıq göstərərək ölkəmizi layiqincə təmsil etməkdir. Yarışlarda bizim üçün ikinci vacib məsələ isə, ermənistanlı güləşçilərlə qarşılaşarkən ikiqat əzmkarlıq göstərmək və ancaq qələbə qazanmaqdır. Buna görə də, erməni rəqiblərlə görüşərkən ancaq qələbə haqqında düşünürük. Komanda yoldaşlarımız öz vəzifələrini çox uğurla icra etdilər. Onların qələbəsi bizim üçün də stimul oldu”.Dünya çempionu Ruhin Mikayılov (66 kq) bildirib ki, belə çempionatlarda zəif rəqib olmur:“Qarşılaşdığım erməni rəqib bir ay bundan əvvəl Avropa çempionu olmuşdu və bütün rəqiblərini böyük hesabla üstələmişdi. Məşqçilər və federasiya rəsmilərinin dəstəyi ilə görüşə psixoloji cəhətdən yaxşı hazırlaşdım. Görüşün gərgin keçəcəyini bilirdim. Qələbə qazandığıma görə ikiqat sevincliyəm. Çünki mən və komanda yoldaşlarım bu qələbələrlə son günlər Dağlıq Qarabağda baş verən hadisələrdə şəhid olan əsgərlərimizin az da olsa qisasını almış olduq. Biz güləşçi olaraq sözümüzü bu gün idman arenasında deyirik. Ali Baş Komandan, dövlətimizin başçısı İlham Əliyevin əmri ilə səngərdə əlimizdə silah vuruşmağa da hazırıq”.Mundialın qızıl mükafatçısı Elman Muxtarov (60 kq) deyib:“Biz bu gün güləşçi kimi, xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin əsgərləriyik. Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq”.Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Səkkiz çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut ediblər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında dünya çempionatını birinci sırada tamamlayıb. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşıb.Qeyd edək ki, 2012-ci ildə Taylandda keçirilən Dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdu. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdılar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !