Ermənilərin Qarabağ qorxusunun əsas sirri

17:17 | 11.08.2017
Ermənilərin Qarabağ qorxusunun əsas sirri

Ermənilərin Qarabağ qorxusunun əsas sirri

Son illərdə Azərbaycan müdafiə məqsədi ilə xərclədiyi vəsaitləri dəfələrlə azaltsa da, erməni ekspertlərin Azərbaycanın silahlanması ilə bağlı təşvişi bir neçə dəfə artıb.

İstiPress-in məlumatına görə, 2017-ci ilin dövlət büdcəsində müdafiə məqsədi ilə təxminən 1,6 milyard manat, yəni indiki qiymətlərlə 0,95 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Bunun 3 il qabaqkı illərin xərcləri ilə müqayisə etdikdə 3,5 dəfə azalma olduğunu görmək olar. Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun məlumatına görə, 2011- 2014-cü illərdə Azərbaycan müdafiə xərcləri üçün hər il 3-3,5 milyard dollar vəsait xərcləyib.  Ermənistanın həmin illərdəki hərbi xərcləri isə 0,3-0,4 milyard dolları keçmirdi.

Xərclər arasında 10 dəfəyə qədər fərq olmasına baxmayaraq həmin illərdə erməni ekspertlər və Ermənistan hərbçiləri heç bir həyəcan təbili çalmırdılar. Əksinə, "Azərbaycan heç vaxt istifadə etməyəcəyi silahları qoy alsın" deyə rixşənd edirdilər.

Son iki ildə bu fərqin aşağı düşməsi və bəlkə də bu il çəkilən xərclərin bərabərləşməsinə baxmayaraq erməni ekspertlər həyəcan təbili çalırlar. Bu barədə səslənən fikirlərdə əsas tənqid hədəfi kimi Rusiya seçilir. Rusiyada fəaliyyət göstərən "Regnum" portalında müəllif Armen Xanbabyanın yazdığı məqalədə iddia edilir ki, Azərbaycana verilən Rusiya silahı gec-tez Rusiyaya qarşı yönələcək və rus siyasətçilər bunu anlamırlar. Ermənilər ən çox Azərbaycanın hücum silahları almasından narahat olurlar. Bu silahların sırasında "Smerç" reaktiv yaylım atəşi sistemləri, TOS-1A "Solntsepek" ağır atəş sistemləri, T-90 tanklarının adları sıralanır.

Əvvəllər erməni hərbçilər və ekspertlər təbliğ sayaraq Azərbaycanın aldığı silahların adlarını açıqlamırdılar. İndi isə məsələ barədə hətta prezident Serj Sarkisyan geniş publika qarşısında çıxış etməkdən çəkinmir. İlkin müşahidələr göstərir ki, ermənilər fikirlərini 2016-cı ilin aprel ayında baş vermiş 4 günlük döyüşlərdən sonra dəyişiblər.  Həmin döyüşlərdə artıq onlar Azərbaycanın öz hərbi kadrlarının yetişdiyinə, həmin hərbçilərin çağdaş silahlardan istifadə edə bildiyinə əmin oldular. 1990-cı illərdə baş vermiş döyüşlərdə isə belə olmamışdı. Sovet hərbi sistemi ermənilər üçün peşəkar hərbçi kadrlar  yetişdirdiyi halda, azərbaycanlıları əsasən tikinti batalyonlarında xidmət etdirirdi.

İndi isə vəziyyət fərqlidir. Ermənilərin ən böyük istəyi odur ki, dünyada heç bir dövlət Azərbaycana silah satmasın. İri silah istehsalçıları Fransa və ABŞ artıq münaqişənin elə ilk illərindən Azərbaycan silah satmaqdan imtina ediblər. Rusiya son illərdə bu məsələdə fikrini dəyişib və müəyyən qədər balansı qorumağa çalışır. Amma bu erməniləri qane etmir və erməni lobbisini, xristian təəssübkeşlərini, Rusiyadakı erməni diasporunu bu işə qoşmağa çalışırlar.  

Ermənistan prezidenti Serj Sarkisyan 2017-ci il iyul ayında etdiyi Moskva səfəri çərçivəsində bu məsələyə toxunmuşdu və Rusiya tərəfinin məsələ ilə bağlı Ermənistanın suallarını cavabsız qoyduğunu iddia etmişdi: «Mən heç zaman Rusiya tərəfindən bu məsələ ilə bağlı rəsmi cavab almamışam. Rusiya prezident və ya XİN başçısı səviyyəsində cavab verə bilər».

Amma «verelq.am» saytının yazdığına görə, Serj Sarkisyan bu məsələdə həqiqətləri gizlədir və Rusiya prezidenti Vladimir Putinin 2016-cı ilin oktyabr ayında Moskvada keçirdiyi mətbuat konfransında dediklərinin üstündən keçir. Həmin mətbuat konfransında Rusiya lideri demişdi:

"Çağdaş silah bazarında praktiki olaraq istənilən ölkə istənilən silahı ala bilər. Özü də Azərbaycan kimi neft hasil edən, əhalisi, demək olar ki, 10 milyona çatan və iqtisadiyyatı sürətlə inkişaf edən və yetərincə böyük qızıl-valyuta ehtiyatları olan ölkə silahı istənilən yerdən ala bilər".

Amma bununla yanaşı, Azərbaycan istənilən halda bu varianta da hazır olmalıdır. Rəsmi Bakı bir sıra vacib silahların istehsalını məhz Azərbaycanda təşkil etməlidir. İsrailin təcrübəsi bu işdə çox yararlı ola bilər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti