Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın Lännen Media informasiya agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, "bu, ümid anıdır... iki dövlətin və cəmiyyətin faciəvi keçmişinə baxmayaraq, düşmənçiliyin səhifəsini çevirmək üçün şans var".
"Keçmiş çətin olub. Bunu anlamaq, unutmaq, bağışlamaq asan deyil. Amma bizim bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq imkanımız var", - Mirzoyan vurğulayıb.
Müsahibəsində Mirzoyan, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində müsbət xəbərdir.
"Sərhəd var və onun harada yerləşdiyini bilirik. Bu sərhəd, keçmiş sovet respublikaları tərəfindən imzalanmış 1991-ci il Almatı Bəyannaməsinə əsaslanır və bu sənədə görə, inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib. Əlbəttə, hər iki ölkənin komissiyaları sərhədlərin delimitasiyası və dəqiq demarkasiyası üzərində birgə çalışmalıdır", - o bildirib.
Kommunikasiyaların açılması məsələsinə gəldikdə Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul qərarlara gələ bilərlər.
"Biz erməni mallarının Azərbaycan, Azərbaycan mallarının isə Ermənistan ərazisi vasitəsilə tranzitini təşkil edə bilərik. İlk mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik", nazir əlavə edib.
N.Təbrizli
4o
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !