Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb.
"Report” xəbər verir ki, 480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil.
Ən son məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb.
Bundan əvvəl isə məlum olub ki, aprelin sonunda "Laçın” sərhəd-keçid məntəqəsi yaradılmazdan əvvəl, Ermənistan yeni istehsal olunmuş minaları Laçın yolundan istifadə etməklə Qarabağa çatdırıb.
Minalar müharibə silahı kimi istehsal olunsa da, görünən odur ki, qurbanların yalnız 10 faizi hərbçilərdir. Düşmən məhz mülki sakinləri, o cümlədən qadın və uşaqları, təsərrüfat işləri ilə məşğul olan insanları hədəfə alıb.
Bu minaların zərərsizləşdirilməsi çox böyük səylər tələb edir. İnsanların həyatının xilası üçün isə Ermənistan yeni minalanmış ərazilərin xəritələrini verməli və Azərbaycana minatəmizləmə səylərində kömək etməlidir. Azərbaycanın Baş prokuroru Kamran Əliyev də bugünkü açıqlamasında Ermənistanın hələ də mina xəritələrini vermədiyini, təqdim olunan xəritələrin isə həqiqəti əks etdirmədiyini bildirib.
2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 1200 km-dən artıq təmas xətti boyunca Ermənistan silahlı birləşmələrinin vaxtilə yerləşdirdiyi mina təhlükəsi ilə üz-üzə qalıb. Mina partlayışı nəticəsində 314-dən çox ölüm faktı qeydə alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !