Ernesto Çe Gevara“Öldürülmüş küçük” – E-kitab

23:03 | 29.01.2015
Ernesto Çe Gevara“Öldürülmüş küçük” – E-kitab

Ernesto Çe Gevara“Öldürülmüş küçük” – E-kitab

Bu qısa hekayəni Kuba üsyançı ordusunun mayoru ("komandante”) Ernesto Çe Gevara 1957-ci ilin noyabrında Syerra-Maestra dağlarında qələmə alıb. İlk dəfə müəllifin ölümündən sonra "Avropa” jurnalında dərc olunub.   

"Syerra-Maestraya səyahətin çətin şərtlərini nəzərə alsaq, bu, çox əlverişli havası olan bir gündü. Biz ehtiyatla Turkino çayı hövzəsinin ən çətin keçilən dağ vadilərindən biri olan Aqua-Revesdən keçərək Sançes Moskeranın (Batista ordusunun zabiti. Çe gündəliklərində onu "Batistanın ən qorxmaz, ən qəddar və ən əclaf komandiri” adlandırır - Red.) dəstəsinin izi ilə gedirik; bu islaholunmaz qatil hər yerdə özündən sonra ölüm və yanğınlar qoyur. Moskeronun dəstəsi yollarının üstündəki bir neçə dağ keçidindən birindən mütləq keçməyə məcburdur. Həmin yerdə Kamilo (Kuba İnqilabının əfsanəvi qəhrəmanı Kamilo Syenfueqos. Qələbədən bir az sonra - 1959-cu ilin oktyabrında 27 yaşında aviaqəzada həlak olur - Red.) öz adamları ilə mövqe tutmalı və düşməni qarşılamalıdır. 

Kamilo Syenfueqos avanqardın on iki döyüşçüsü ilə tələsik yola çıxır, balaca dəstə düşmənin yüz nəfərdən çox əsgərinin hərəkətini dayandırmaq üçün hələ üç yerə ayrılmağa da vaxt tapmalıdır. Mənim vəzifəm isə Sançes Moskeraya arxadan hücum etmək və onu mühasirə vəziyyətinə salmaqdır. Biz səbrsizlik içindəyik, uzaqdan düşmənin geri çəkilərkən od vurduğu kəndli daxmalarının necə yandığını müşahidə edirik. Biz uzaqdayıq, ancaq qvardiyaçıların qışqırıqları buradan da eşidilir. Bilmirəm, onların dəqiq sayı nə qədərdir... Bizim dəstəmiz dağ yamacları ilə çətinliklə hərəkət edir, düşmən isə həmin vaxt dərə ilə irəliləyir. Hər şeyi yaxşı saymaq olar, əgər bizim yeni "gözmuncuğu”muzu hesaba almasaq: balaca ov küçüyü cəmisi bir neçə həftəlikdir. Feliks onu dəfələrlə aşpazların olduğu düşərgəyə tərəf qovmağa cəhd etsə də, küçük dəstəmizin arxasınca qaçmaqda davam edir. 

Syerra-Maestranın bu ərazisində cığırlar olmadığından, hərəkət etmək də çox çətindir. Biz ağacların qalın divar əmələ gətirdiyi yerlərdən keçirik, burada ölmüş ağaclar yarıya qədər yeni pöhrələrlə örtülüb və keçmək xüsusilə çətinləşir. Gövdələrin arasından tullanırıq və arzuolunmaz qonaqları gözdən itirməməyə çalışırıq. Balaca dəstə sükut içində yoluna davam edir, bu cür şəraitlərdə susmaq vacibdir. Bircəcik sınan budaq belə dağlardakı adətkərdə ahəngi pozmamalıdır. Qəfildən bu sükuta küçüyün şikayətcil çığırtısı son qoyur. O, bizdən geridə qalıb və çətin keçiddən keçmək üçün ümidsizcəsinə yardım istəyir. Kimsə ona yardım etmək üçün qayıdır və yenidən yolumuza davam edə bilərik. Ancaq biz çayın kənarında nəfəsimizi dərmək üçün dayananda, növbətçi isə düşmən dəstəsinin hərəkətini izləyəndə küçük yenə var gücü ilə fəryad qoparır. O, sakitləşmək istəmir, fasiləsiz hürür, bizim onu burada buraxıb gedəcəyimizdən qorxur. 

Kəskin tərzdə əmr verdiyimi xatırlayıram: 

- Feliks, bu it bir daha hürməməlidir. Onu susmağa məcbur et, bu işi boynuna götür! Elə et ki, səsi gəlməsin! 

Feliks mənə nifrətlə baxır. O, küçüklə birlikdə bizim yorğun dəstəmizin əmələ gətirdiyi dairənin ortasında dayanıb. Sonra öz çantasından yavaş-yavaş, tələsmədən kəndir çıxarır, onu itin boynuna dolayır və tədricən sıxmağa başlayır. Quyruğun sevinc ifadə edən hərəkətləri qəfildən konvulsiv olur, sonra bir qədər azalır, zəifləyir, eyni vaxtda isə kəndirin sıxdığı boğazdan çölə zəif inilti yayılır. Bilmirəm, bütün bunlar nə qədər müddət davam edir, ancaq bizlərə hər şey sonsuz uzun gəlir.Sonuncu titrəmədən sonra küçüyün müqaviməti bitir və o, budaqların arasında uzanıb qalır. 

Biz yürüşümüzü davam etdiririk, baş vermiş hadisə barədə bir kəlmə də danışmırıq. Sançes Moskeranın dəstəsi bizi xeyli qabaqlayıb və tezliklə atəş səsləri eşidirik. Dağın yamacı boyu sürətlə enməyə başlayırıq, ərazinin çətinliklərinə baxmayaraq, düşmənin arxasına keçmək üçün kəsmə yol arayırıq. Bilirik ki, Kamilo artıq əməliyyata başlayıb. Hələ də yoxuşun qarşısındakı sonuncu evdən xeyli aralıdayıq, hər an düşmənlə qarşılaşa biləcəyimizi ağlımızda tutaraq böyük ehtiyat tədbirləri ilə yol gedirik. Atışma qızğın olur, ancaq uzun çəkmir. Hamı gərgin gözləmə mövqeyindədir. Sonuncu evi də arxada qoyuruq: düşmən əsgərlərinin izi-tozu da yoxdur. İki kəşfiyyatçı zirvəyə qalxır və məruzə üçün dönürlər: 

- Yuxarıda məzar var. Onu açdıq və əsgər cəsədi aşkar etdik. 

Onlar ölmüş əsgərin köynəyinin cibindən tapdıqları sənədləri gətirirlər. Burada döyüş olub, cəsəd düşmən düşərgənin əsgərinindir, bunlardan başqa heç nə öyrənə bilmirik. 

Yorğun halda, ləng addımlarla geriyə qayıdırıq və gecə heç kəsin bizi gözləmədiyi boş bir evdə dayanırıq. Bura Mar-Verde rayonudur və yorğunluğumuzu bir qədər çıxara bilərik. Tələsik donuz və bir qədər də yuka (tropiklərdə mühüm qida bitkisi olan maniokun ikinci adı - Red.) qızardırlar. Tez də şam edirik. Kimsə gitaranı yavaşdan çalaraq mahnı oxumağa başlayır. Kəndlilərin boş qalmış evlərində həmişə nələrsə tapmaq olur. 

Bilmirəm, səbəb mahnı idi, yoxsa gecə, bəlkə də, hamının taqətdən düşməyi. Bircə onu bilirəm ki, Feliks torpaqda oturub yeyir, sümükləri də kənara tullayırdı... Ev sahibinin iti ehtiyacla yaxınlaşır və sümüyü qapır. Feliks əli ilə onun başını tumarlayır, it gözlərini ona zilləyir. Feliks itin gözlərinə baxır və biz hamımız qılınc kimi kəsən günah hissi keçiririk. Ortaya cansıxıcı sükut çökür. Sanki havada hissedilməz nəsə dolaşır. 

Öldürülmüş küçük başqa bir itin sakit gözlərindən sevgi və məzəmmətlə bizə baxır...”   

P.S. Hekayə Jan Kormyenin "Çe Gevara” kitabından, ruscadan tərcümə olunub.   

Tərcümə: Məmməd Süleymanov

Kult.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb