Çexov: "Mən babama çəkmişəm" - E-kitab

13:20 | 08.01.2014
Çexov: "Mən babama çəkmişəm" - E-kitab

Çexov: "Mən babama çəkmişəm" - E-kitab

Anton ÇEXOV

Mən babama çəkmişəm

Pəncərələrin laybalay açıldığı, birə və mığmığaların qaynaşdığı bürkülü bir gecədir. Siyənək balığı yeyənlər kimi susamışam. Yatağa çoxdan girsəm də, yuxulaya bilmirəm, elə o yan, bu yana çevrilirəm. Divarın o biri üzündə, qonşu otaqda yuxusu ərşə çəkilən babam isə ehtiyatda olan generaldır və hazırda mənim hesabıma yaşayır. Birələr hər ikimizi dişlədiyindən onlara acığımız tutur və deyinirik. Babam gah nıqqıldanır, gah fısıldayır, gah da nişastalı gecə külahını xışıldadır. 

Mızıldanaraq deyir:

- Gicbəsər! Sü-ü... sü-dəmər! Mənasız və düdəmə cavan! Deyəcən hələ az kötək yemisən!

- Baba, kimləsən elə?

- Bəllidir kimləyəm... Hər addımbaşı güzəştə getməklə sizi qudurdurlar, heç nə tələb eləmirlər sizdən... (Nəfəsini ciyərlərinə çəkən babam qocalara xas şəkildə öskürməyə başlayır). Səni bircə kərə əsgəri sıranın önünə çıxartsaydılar, ağlın başına gələrdi hər halda... Niyə gedib, mənim üçün İran tozu almadın, hə? Səndən xəbər alıram? Tənbəllik alıb canını? Ya başısoyuqsan?

- Baba, məni yatmağa qoymursan ey! Sussana!

- Söz güləşdirmə! Kimlə danışdığına da diqqət elə! (Xışıltıyla qaşınan babam səsinin lap qalın yerinə salır) Bir daha soruşuram: niyə gedib, İran tozu almadın? Yox, əgər əziz-giramı şahzadəsənsə, onda niyə o cür yarıtmaz hərəkətlərə yol verirsən ki, səndən şikayət də etsinlər? Hə? Dünən polkovnik Dubyakin şikayətlənirdi ki, onun arvadını tovlayıb, harayasa aparmısan. Kimin qeyrəti bunu götürər?! Buna nə haqqın var sənin?!

Məni bir xeyli söyüb-danlayan babam sonar da nəsihətə keçir: yeddinci öyüddən, nikah şərtlərindən və sairədən söz salır. Deyirəm:

- Baba, mən bütün bunları səndən də yaxşı anlayıram. Vicdan əzabı çəkib, tövbə etsəm də, özümlə heç cür bacara bilmirəm. Hər barədə sənə çəkmişəm! Səndəki bütün məziyyətlər mənə qanımla, iliyimlə keçib. Bu irsiyyətlə mübarizə isə ço-o-x çətin məsələdir!

- Mən... mən xalqın arvadına girişməmişəm... Özündən söz çıxartma!

- Yox, əşşi! Bəlkə yadına gələ, bir on il bundan əvvəl, yəni altmış yaşın olanda, yaxın dostunun arvadını yox, təzəcə dul qalan xanımını da yox, məhz təzə gəlinini götürüb qaçan sən deyildin bəyəm?! Ninanı xatırlasana.

- Onunla mən... kəbin kəsdirmişdim.

- Kəsdirməyib neyləyəcəkdin?! Ninanı tərbiyə edib, üstündə yarpaq kimi əsənlər onu altmış yaşlı qocaya ərə verəcəklərini, axı, heç ağıllarına da gətirmirdilər. İstənilən cavan oğlan o cür ağıllı və yaraşıqlı qızla evlənərdi, hətta o vaxt qıza uyğun birisi də tapılmışdı. Ancaq sən öz nüfuzun və sərvətinlə onun valideyinlərinin gözünü qorxutdun, on yeddi yaşlı qızı isə cürbəcür bər-bəzəklə tovlayıb, başdan çıxartdın. Səninlə kəbinə girərkən zavallı necə də hönkürürdü! Sonradan hədsiz peşman olmuşdu yazıq! İllah səndən qurtulmaq xatirinə əyyaş bir poruçikə (çar ordusunda kiçik zabit rütbəsi - A.Y.) qoşulub, qaçdı da sonralar... Sən əsl yolunmuş qazsan, baba!

- Dayan görüm... Dayan... Bütün bunların sənə heç bir dəxli yoxdur... Bax, səni beş kərə əsgəri sıranın önündə gəzdirsəydilər, onda ağlın başına gələrdi... Doğma bacın Daşanın var-yoxunu da talamazdın... Ziyankar... Niyə onun yüz desyatinini (101 hektar torpağını - A.Y.) mənimsəmisən, hə?

- Çünki həyatda səni özümə örnək seçmişəm, baba! Mən sənə çəkmişəm də! Başqalarını talamağı da səndən öyrənmişəm! Yadındadır, sən ordunun təsərrüfat bölümündə xidmət edəndə və sonradan Ufa quberniyasına təyinat alanda nə fırıl...

Dilləşməmız beləcə uzanıb gedir. Babam məni düz iyirmiyə qədər qanun pozuntusunda təqsirləndirir, mən isə bunların günahını irsiyyətin, səcərəmin ayağına yazıram. Nəhayət, babamın səsi xırıldayır və o, qəzəbdən divarı cırmaqlamağa başlayır. Ona deyirəm:

- Bax, babacan, belə getsə, yuxulaya bilməyəcəyik. Gedək bir az çimək və araq gillədək. Sonra elə rahat yatacağıq ki! 

Əsəbi halda fısıldayıb, deyinən babam durub, əynini geyinir və birlikdə çay sahilinə enirik. Keyfin istəyən aylı gecədir. Doyunca çimib, evə dönürük. Qrafin masanın üstündədir. Mən iki qədəhə araq süzürəm. Babam birini götürür, xaç vuraraq deyir:

- Əgər səni... əsgəri sıranın önündən bir on dəfə keçirsəydilər... onda anlayardın! Əyyaşsan sən... Əyyaş!

Deyinə-deyinə və dilxor halda o, qədəhindəkini içir və kolbasadan nuş eləyir. Spirtli içkilərə sevgimi ondan irsən aldığım üçün mən də qədəhimi başıma çəkib, yatmağa yollanıram.

Bu, hər gecə, beləcə təkrarlanır. 

Dilimizə çevirdi – Azad YAŞAR

https://www.facebook.com/azadyasharofficial

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb