Gürcü partizanlarının lideri Azərbaycanda tutuldu

13:38 | 27.06.2014
Gürcü partizanlarının lideri Azərbaycanda tutuldu

Gürcü partizanlarının lideri Azərbaycanda tutuldu

Ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanda fəaliyyət göstərən və Zviad Qamsaxurdiyanın hakimiyyətini devirib Eduard Şevardnadzeni hakimiyyətə gətirən “Mxedrioni” millətçi partizan təşkilatının lideri Azərbaycanda həbs olunub.
Virtualaz.org saytı xəbər verir ki, 1949-cu il təvəllüdlü Madlena Zvorıkina-Berdzenişvili Gürcüstanın və Azərbaycan Baş prokurorluqlarının keçirdikləri birgə əməliyyat sayəsində yaxalanıb. O, “Mxedrioni”nin Kaxetiya bölgəsi üzrə lideri olub.
Xəbərdə bildirilir ki, keçmiş “Mxedrioni” lideri iyunun 25-də Gürcüstana ekstradisiya olunub və ona rəsmi ittiham elan edilib. Keçmiç partizan qəsdən adam öldürməkdə, silahlı basqında və digər ağır cinayətlərdə ittiham olunur.
İstintaqın bildirdiyinə görə, Madlena Zvorıkina-Berdzenişvili bir qrup şəxslə birlikdə silahlı quldur dəstəsi formalaşdırıb, başqasının əmlakının ələ keçirilməsi və digər quldurluq əməllərini həyata keçirib. Madlena Zvorıkina-Berdzenişvili qruplaşma üzvləri üçün avtomat silahlar, saxta sürücülük vəsiqələri, Gürcüstan DİN-in, Milli Təhlükəsizlik Xidmətinin, Müdafiə Nazirliyinin vəsiqələrini əldə edib.
İttihamda qruplaşma üzvlərinin azı 4 nəfəri öldürdüyünü bildirir. Onların arasında DİN-in polkovniki də var.
“Mxedrioni” partizan hərəkatı 1989-cu ildə Caba İoseliani tərəfindən yaradılıb. Özlərini fars və türk işğalına qarşı mübarizə aparmış orta əsrlər gürcü partizan dəstələrinin davamçıları hesab edən “Mxedrioni” üzvləri  gürcü xalqını, Gürcü Pravoslav Kilsəsini və Gürcüstan torpağını qorumaq andı içiblər.
Caba İoseliani
Onların məxsusi geyim tərzləri olub, partizanlar cins, sviter və pencəkdə, o cümlədən
otaqda da çıxarmadıqları qara eynəklərdə gəziblər.
“Mxedrioni” Gürcüstanda Qamsaxurdiyanın devrilməsində və Şevardnadzenin hakimiyyətə gəlməsində həlledici rol oynayıb, gürcü-abxaz münaqişəsində fəal iştirak edib. Şevardnadzenin hakimiyyətə gəlişindən sonra - 1993-cü ildə hökumətin qərarı ilə rəsmən “Xilasedicilər korpusu” adı altında qeydiyyata alınıb. Lakin 1994-cü ildən sonra təşkilatın gürcü siyasətində təsiri zəifləyib. 1995-ci ildə Şevardnadze təşkilatı qanundankənar elan edib və “Mxedrioni” üzvlərinin mütəşəkkil cinayətkarlıqla məşğul olduğunu bildirərək onun buraxılmasına sərəncam verib.
1995-ci ildə Şevardnadzeyə qarşı təşkil edilmiş sui-qəsddə də “Mxedrioni”nin əli olub. Həmin hadisədən sonra təşkilatın lideri Caba İoseliani həbs edilib. C.İoseliani 2003-cü ildə vəfat edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM