8 Mart Qadınlar günü ilə bağlı Gürcüstan boyunca keçirilən aksiyanın iştirakçıları ölkənin siyasi həyatında gender bərabərliyinin artırılmasına çağırıblar.
Cənubi Qafqazda yaşayan britaniyalı jurnalist Onnik Krikorian xəbər verir ki, aksiyalar həmçinin erməni və azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə də keçirilib.
Tbilisidə yürüş Qızılgül İnqilabı meydanından başlayaraq, köhnə parlament binası qarşısında mitinqlə başa çatıb.
Tbilisinin mərkəzi Rustaveli prospektində keçirilən yürüş iştirakçılarının əksəriyyəti qadın olsa da, tədbirdə kişilərin sayı da az olmayıb.
"Siyasətdə daha çox qadın!” tələbi bu günün əsas şüarıdır və mən onu tam dəstəkləyirəm”, - vətəndaş cəmiyyəti fəalı Laşa Kavtaradze yürüşə qatıldığını izah edərkən deyib.
Laşa Kavtaradzenin sözlərinə görə, əsas məqsəd qadınlar üçün sosial bərabərlikdir. "Lakin siyasi bərabərliksiz buna nail olmaq mümkün deyil”.
Gürcüstan əhalisinin 53 faizi qadınlardan ibarət olsa da, parlamentdə təmsil olunan qadınlar yalnız 11-12 faiz təşkil edirlər.
Mətbuata əsasən bu nisbət son 10 il ərzində dəyişməz qalıb.
Hakimiyyətdə qadınların sayını artırmaq məqsədilə məcburi gender kvotaları tətbiq edilməlidir, BBC Azərbaycancaya danışan aksiya təşkilatçılarından biri - Baya Pataraya deyib.
Cənubi Qafqaz cəmiyyətlərində gender bərabərsizliyinin qaldığını qeyd edən Laşa Kavtaradze Pataraya ilə razılaşır.
"Təəssüflər olsun ki, patriarxal cəmiyyətlərdə bunun "təbii yolla” öz-özünə baş verəcəyini gözləmək mümkün deyil. Bizə gender kvotaları lazımdır, - Laşa deyir. - Kişilərin imtiyazlardan imtina etməsinin vaxtı gəlib çatılb".
BBC Azeri
Bizi sosial şəbəkələrdə izləyin !