Noyabrın 5-də Göyçay rayonunda XI Nar Bayramı keçirilib.
ANN.Az-ın Göyçaya ezam olunmuş müxbirinin xəbərinə görə, festivalda dövlət və hökümət nümayəndələrinin, Milli Məclisin deputatının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, diaspor və beynəlxalq təşkilat nümayəndələrinin, ümumilikdə, 15 mindən çox insanın iştirak edib.
Göyçay şəhər stadionunda baş tutan bayramda nardan hazırlanan müxtəlif fiqurlar, təamlar, ekspozisiyalar nümayiş olunub. Müxtəlif yarış və müsabiqələrin, yarmarkaların təşkili qonaqların marağına səbəb olub.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, artıq 11-ci dəfədir təşkil edilən bayram rayonda meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Festivalın əsas qəhrəmanı olan Nar şahzadəsi meydana daxil olaraq qonaqları salamlayıb, xalqımıza əmin-amanlıq bol ruzi-bərəkət arzulayıb. Tədbir iştirakçıları rayonun 30-dan çox kəndinin nar və nar məhsullarından ibarət sərgisi ilə tanış olublar.
Meydanda təşkil olunan kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının, xor kollektivinin bir-birini əvəz edən çıxışları bayramı daha da yadda qalan edib.
Sərgi ilə tanış olan qonaqlara məlumat verilib ki, narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu il Göyçayda bağlara göstərilən yüksək aqrotexniki qulluq və havaların əlverişli keçməsi məhsulun bol olmasına şərait yaradıb.
Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb. Bağlarda əsasən, "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortları əkilib. Nar emalı müəssisələri isə ilbəil imkanlarını genişləndirirlər, daha çox nar şirəsi istehsal edərək xarici ölkələrə ixrac edirlər.
Yerli və xarici qonaqlar tədbirin keçirildiyi Göyçay şəhər stadionunda hazırlanan sərgi masalarına yaxınlaşaraq isti təndir çörəyinin, müxtəlif sortdan olan narların və onlardan hazırlanan məhsulların, eləcə də pendirin, yuxa, kətə, kabab və döşəməli plovun, müxtəlif şirniyyatıların dadına baxıblar. Tədbirdə qonaqlar əl ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıblar, nardan hazırlanan məhsulların sərgisi ilə tanış olublar.
Tədbir Azərbaycanın tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə davam edib.
Xəbərin və fotoların müəllifi: Kamil ƏMİRLİ
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !