“Horadiz əməliyyatı zamanı İranın Azərbaycana heç bir köməkliyi olmayıb”.
Bu sözləri Axar.az-a açıqlamasında Horadiz əməliyyatının komandiri olmuş polkovnik Şair Ramaldanov deyib. O, 1993-cü ildə keçirilən əməliyyatın bütünlüklə Azərbaycanın həmişəki kimi öz potensialı daxilində planlaşdırıldığını bildirib:
“Birincisi, Horadiz əməliyyatının keçirilməsindən heç İranın xəbəri olmayıb. Bu əməliyyat zamanı nə İranın ərazisindən, nə də ki, sərhədindən istifadə olunub. İkincisi, Horadiz əməliyyatı aparılanda Araz çayı istiqamətində ora ehtiyat dəstə gedib. Bütün əməliyyat Azərbaycan ərazisində planlaşdırılıb. Əksinə, ermənilər elə zənn etmişdilər ki, Horadizdən böyük bir qüvvə İran vasitəsilə arxalarına keçib döyüş fəaliyyətinə başlayıb. Biz İranla heç bu məsələləri müzakirə də etməmişik. İran yalnız Azərbaycana Zəngilandan qaçqınlar gələrkən kömək etmişdi. Onlar öz ərazilərində dəhliz yaratmışdılar”.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə “Səhər” televiziyasının Horadiz əməliyyatı ilə bağlı süjeti yayımlanıb. Videoda İranın Azərbaycana bu əməliyyat zamanı böyük yardım etdiyi təbliğ edilir.
Onu da xatırladaq ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından 6 yanvar tarixinə kimi sürüb. Dekabrda ermənilər Beyləqana hücum edib. Hücumun qarşısını kəsən Milli Ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində gedib və ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyib. Lakin əməliyyatı tam müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəlib. Aramsız atışmalardan sonra Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 Arazboyu kəndini, o cümlədən Cəbrayılın Çocuq Mərcanlı kəndini işğaldan azad edib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah-sursat götürüb. Düşmən ağır itkilər verib, cəsədlərini döyüş meydanında ataraq geri çəkilib.
ANN.AZ
Bizi sosial şəbəkələrdə izləyin !