İlahiyyatçılar ehsan ənənələrindən danışdılar

17:00 | 06.09.2014
İlahiyyatçılar ehsan ənənələrindən danışdılar

İlahiyyatçılar ehsan ənənələrindən danışdılar

Azərbaycanda yas mərasimləri zamanı israfçılığa yol verilməsi müzakirə mövzusudur

Son günlər Azərbaycanda yas mərasimləri zamanı israfçılığa yol verilməsi və bunun qarşısının alınmasının zəruriliyi gündəmə gətirilib. İş orasındadır ki, israfçı və yas sahiblərini əziyyətə salan ənənələri ilə yas mərasimləri çoxdan insanların qınaq obyektinə çevrilmişdi. İndi isə vəziyyət o qədər acınacaqlı hal alıb ki, artıq dövlət strukturları məsələyə müdaxilə etmək məcburiyyətində qalıblar. Sözügedən problemə baxışlarını islam.az-la tanınmış ilahiyyatçılar bölüşüblər.Mirmehdi Darafərin:- Yas mərasimlərində açılan süfrələr sözün əsl mənasında israfdır. Biz ruhani olaraq artıq neçə illərdir ki, camaatımızı belə hərəkətlərdən çəkindirməyə çalışırıq. Amma görünür, ruhanilərin sözündən daha çox insanlar zora tabe olurlar. Mən bunu təqdir edirəm. Anlamaq lazımdır ki, camaat yaxınını itirən insana təskinlik, başsağlığı verməyə gəlir, qarnını doyuzdurmaq üçün yox. Amma biz nə görürük? Əzizi dünyadan köçən şəxs bilmir bu dərdini çəksin, dəfn işlərini yoluna qoysun, ya da ki, bol ehsan süfrəsi ilə məşğul olsun. Belə bir şey digər müsəlman ölkələrində də yoxdur. Götürək elə qonşu Türkiyəni, yaxud İranı. Dinimiz məsləhət görür ki, əgər kiminsə yası düşərsə, o evdə 3 gün yemək bişməz, qonşular, qohumlar ağır itkiyə məruz qalmış ailəyə yardım edərlər. İlk növbədə israfçılığa yol verilən yas mərasimlərindən imkanlı şəxslər imtina etməlidirlər, buna özlərində cəsarət tapmalıdırlar.Samir Ağayev:- Yas məclislərində yemək vermək məsələsi birmənalı qarşılanmır. Hüzür olan evə qohum-qonşular yemək bişirib gətirməlidirlər, əzizini itirənlərə ehsan etməlidirlər. Müsibət yaşayan birisinin kiməsə yemək hazırlaması, əziyyətə düşməsi əslində elə ona qarşı olan bir hörmətsizlikdir. Azərbaycanda bu sahədə yaranmış vəziyyət ancaq təəssüf doğura bilər. İsrafçılığa yol verilir, bəzən isə hətta rəqabət aparılır. Bunları da şəriətimiz bəyənmir və İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, bu yas mərasimlərindəki israfçılığa mümkün qədər tez son qoymaq lazımdır və ilk növbədə də yaxın qohumlar bu işdə təşəbbüs göstərib yas sahibini belə addımlar atmaqdan çəkindirməlidirlər. Hüzür məclisləri, necə deyərlər, “özünü göstərmək” üçün münasib yer deyil.Elşən Mustafaoglu:Yas mərasimlərinin formal tərəfi son dövrlərdə bir qədər mənəvi çalarları sanki üstələyib, bəzi hallarda hətta aşırı forma alıb. Təmtəraqlı, olduqca bahalı, külli miqdarda pul bahasına keçirilən məclisləri nəzərdə tuturam. Bəzən hətta dünyasını dəyişənin özü unudulur, bəzi ailələr sanki kiminləsə bəhsə girirmiş kimi, mərasimi “adına layiq”, daha təmtəraqlı qeyd etməyə çalışır və s. Hətta buna imkanı olmayanlar belə, bəzən fakt qarşısında qalıb, borca girməli olur.Əslində yas mərasimləri ilk növbədə, yaxınını itirmiş ailə üzvləri üçün bir mənəvi dəstək olmalıdır.Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) öyrətdiyi kimi, birisi dünyasını dəyişdikdə şəriət qaydalarımıza uyğun ayinlər yerinə yetirildikdən sonra vəfat edəni tanıyanlar gəlib onun ailəsinə başsağlığı verər, dualar oxuyar, Allahdan-dindən söhbətlər edər, ailə üzvlərinə mənəvi dəstək olub, onlara təskinlik verərmişlər. Bu iş üç gün davam edərmiş.Ailəyə itki üz verdiyindən və ailə üzvləri hüzn içində olduğundan peyğəmbərimiz (s) öyrətmişdir ki, yaxınlar, qonşular, qohumlar-dostlar bu üç günü hətta yemək bişirib, yas içində olan ailəyə gətirsinlər, onlara bu baxımdan da yardım etsinlər. Evə gəl-getlər olur, ailə üzvlərinə çətin olmasın deyə, bu kimi dəstək verilərdi.Əfsuslar olsun ki, bu gün bunun tam əksinin şahidiyik. Zənnimcə, yas mərasimləri təmtəraqlı yeyib-içmək məclisi deyil, bundan tez bir zamanda qurtulmaq olduqca zəruridir.Hər üç ilahiyyatçının xüsusi qeyd etdiyi məqam bu olub ki, insanlar özləri onları əziyyətə salan, islama da uyğun olmayan bu ənənəni müsbət məcraya yönəltmək işində cəsarətli olmalı, başqalarına fikir verməməlidirlər. Böyük dəyişikliklər həmişə cəsarətli addımlar nəticəsində həyata keçir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM