İpoteka krediti almaq istəyən gənc ailələrə güzəşt edilməlidir? - Təhlil

16:12 | 03.04.2024
İpoteka krediti almaq istəyən gənc ailələrə  güzəşt edilməlidir? - Təhlil

İpoteka krediti almaq istəyən gənc ailələrə güzəşt edilməlidir? - Təhlil

Milli Məclisdə Mülki Məcəlləyə  və "İpoteka haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev İpoteka kreditinin  ancaq ən azı gəliri 1000 manat olan gənc ailələrə verildiyini və bunun doğru yanaşma olmadığını söyləyib.
 
Azərbaycanda orta aylıq əməkhaqqı 921,1 manatdır.
 
Belə olan halda ipoteka krediti götürə bilmək üçün gənc ailələrə hansı güzəştlər edilməlidir?
 
Gənc ailə olan Aynur Həsənova bildirir kı, ipoteka şərtləri çox sərt olduğundan ev ala bilmir.
 
"Mənim evim yoxdur. Şəxsi evim yoxdur, yaxınlarımızın evində qalırıq. Bir övladım var. Gəlirim ancaq övladımın ehtiyacını qarşılamağa xərcləyirəm. Ev almaq istəyirəm amma gəlirim az olduğu üçün ipoteka götürə bilmirəm. Mən nə etməliyəm? İpoteka götürə bilməyim üçün nə edim? Dövlət mənə nə təklif edir?”, - o qeyd edib.
 
Sosioloq Elçin Bayramlı hesab edir ki, ipotekanın Azərbaycan əhalisinə heç bir aidiyyatı yoxdur.
 
"Bu ipoteka adlanan sistemin Azərbaycan əhalisinə heç bir aidiyyatı yoxdur. Yəni nəyinki az imkanlı təbəqələr, heç orta təbəqənin belə ipoteka götürmək imkanları yoxdur. Azərbaycanda orta əmək haqqı məlumdur, rəsmi göstəricilərə görə 800-900 manat civarındadır. Bu da ailənin güclə dolanmasını təmin edə bilər. Bu ipoteka xalq üçün deyil. Bu sadəcə əhalinin 5-10% imkanlı təbəqənin ev almasını şərtləndirən sistemdir.  Müxtəlif ölkələrdə sosial evlər layihəsi var. Bizdə də sosial evlər elə bu formada oldu. Adi insanların bunu almaq imkanı yoxdur. Faizlər, şərtlər, tələblər çox yüksəkdir. Nəticədə də elə ölkədə evləri bir qrup imkanlı şəxslər alır. Onlar onlarla, yüzlərlə evlər alır və bunu biznes məqsədi üçün istifadə edirlər. Məsələn, kirayə verirlər. Nəyinki gənc ailələr görürsən ki, 20-40 illik ailələr belə kirayələrdə yaşayır və heç vaxt ev ala bilmir. Bugünkü reallıqda praktiki olaraq bu mümkün deyil, çünki dünyada ən baha evlər Azərbaycandadır. Baha deyilərkən pul nisbətində götürülmür. Ola bilər qiymət nisbətində bizdən də baha ölkələr var. Amma orada pensiya məbləğinə nəzərən hər şey belə götürülməlidir. Yəni vətəndaş neçə aylıq maaşına ev ala bilir. Məsələn, bizdə bu 100 aydırsa, başqa ölkədə təxminən 20 aydır”, - o deyib.
 
Sosioloqun sözlərinə görə, evsizlik problemi gənclərin ailə qurmasına maneə olur.
 
"İpoteka kreditləri bir çox ölkələrdə 1-2% ilə verilir. Bəzi ölkələrdə hətta 0,5% ilədir. Bizdə isə bundan dəfələrlə yüksəkdir. Banklar da sərbəst ipotekada öz bildiklərini edirlər. Nəticə də evsizlik problemi çoxalır. Statistika aparsaq görərik ki, evlər yalnız bir qrup şəxslərə aiddir. Digər hissəsi isə vaxtilə sovet dövründə aldığı pulsuz evlərdir. Bu insanların sosial vəziyyətini pisləşdirməklə yanaşı, həm də gənclərin ailə qurmasına maneə olur. Gənc düşünür ki, evlənib 20-30 il kirayədə yaşayacaq, 600 manat maaşla kirayədə yaşamaq mümkün deyil/ Ona görə, əgər dövlət istəyirsə əhalisini  mənzillə təmin etsin, normal ölkələrin təcrübəsinə baxsın”, - o əlavə edib.
 
İqtisadçı Natiq Cəfərli hesab edir ki, gənc ailənin aldığı mənzil kreditin girovuna çevrilə və kredit bitdikdən mülkiyyət hüququnu əldə edə bilər.
 
"İpoteka ilə bağlı dünyada müxtəlif formalar var. Bəzi ölkələrdə xüsusi ipoteka bankı yaradılıb və gənc ailələrə güzəştli kreditlər bu bank vasitəsilə verilir və ya dövlət bankının nəzdindəki bir şöbə vasitəsilə bunlar mailiyyələşir. Bizdə isə qarışıq sistemdir. Bizdə ipoteka ilə bağlı hökümət büdcədən hər il pul ayırır. Bu pul ildən-ilə azalır. Bu pul operator banklar arasında bölüşdürülür. Bunu şərtlərlə həmin banklar təqdim edirlər. İnfrasturuktur olaraq, həmin kreditin texniki şərtlərini onlar yerinə yetirirlər. Amma bu çatışmır. Ölkədə sosial ipoteka almaq istəyənlərin və buna haqqı çatanların sayı həddən artı çoxdur. Sosial ipoteka hamını maraqlandırır, çünki cəmi 4%-lidir. İnsanların bir çoxu, eynilə gənc ailələr, qazi, şəhid, dövlət qulluqçularının ailələri sosial ipoteka ala bilər. Amma onun həcmi az olduğundan bir çox ailələr bundan yararlana bilmir. Digəri kommersiya ipotekasıdır. Bu isə sərf etmir, faizlər həddən artıq yüksəkdir, 12-16% arasında dəyişir. İpoteka ilə bağlı şərtlər də sərt olanda gənc ailələrin ümumiyyətlə buna gücü çatmır. Gənc ailə yaş nöqteyi-nəzərdən universiteti yeni bitirmiş, bir neçə il çalışan, kariyerasını hələ qurmayıb, kariyerasının ilk pilləsində olan gənclərin maaşları da çox aşağıdır. Ümumiyyətlə Azərbaycanda maaşla bağlı müəyyən problemlər var. Ona görə də bu sahəyə dövlət siyasətinin yenidən baxılmasına ehtiyac var. Əgər hökümətin məqsədi gənc ailələrə ipoteka kreditlərinin verilməsidirsə, burada şərtlərin ağırlaşdırılmasına ehtiyac yoxdur. Çünki onsuz da həmin ev girov sayılır. Onsuz da onun ödənişini ödəmədən siz onun mülkiyyətçisinə çevrilmirsiz. Qanunvericiliyə dəyişiklik edilərək şərtlər yüngülləşdirilə bilər və həmin ailənin aldığı mənzil kredit üçün onun girovuna çevrilə bilər. İnsanlar 20-25 il işləyib ipotekanı bağladıqdan mülkiyyət hüququnu sonra əldə edə bilər. Bundan başqa yalnız Bakıda yox, bölgələrdə də daha yaxşı şərtlərlə ipotekanın verilməsinə ehtiyac var. Çünki Bakı həddindən artıq yüklənib. Bu belə edilməlidir ki, gənc ailələr mənzil probleminə görə ən azından Bakıya köç etməsinlər. Orada iş yerləri yaradılsın ki, iqtisadi aktivlik artsın. Bu nöqteyi-nəzərdən Bakı və regionları fərqləndirməkdə yarar var”, - iqtisadçı söyləyib.
 
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov qeyd edir ki, gənc ailələr üçün ipoteka krediti faizsiz verilə bilər.
 
"İpoteka kredit şərtlərini banklar yox dövlət müəyyənləşdirir. İpoteka faiz dərəcələri aşağıdır. Bu gün Mərkəzi Bankın banklara verdiyi kredit uçot dərəcələri ondan daha yüksəkdir. Birinci növbədə elə bu faiz dərəcələrini daha da endirməyi düşünmək olar. Amma başa düşmək lazımdır ki, bu problemi yenə də tam həll etməyəcək. Çünki kredit veriləndə orada əsas meyar mən deməzdim ki, gənc ailənin gəliridi. Daha doğrusu gəlirin tam məbləği deyil. Əsas odur ki, o krediti qaytara bilsin. Bu halda da ipoteka krediti şərtlərinin tətbiqi həmçinin ailə üzvlərinin sayından da aslıdır. Məsələn, ailənin 5 üzvü var, kişinin gəliri 1500 manat olsa belə, ailədə başqa gəlir yoxdursa, ona kredit verilməyəcək. Onun maaşı elə ailəsinə çatacaq, krediti hardan verəcək? Dövlət əgər ipoteka krediti verirsə, niyə faizlə verir? Niyə gənc ailələrdən qazanmaq istəyir? Faizsiz etsin də.  Kredit faizsiz olsa belə, bəzilərinin gəliri o qədər aşağıdır ki, onun ancaq elə özünə çatır. Böyük ehtimal gənc ailələrin gəliri yaxın 10 ildə də kifayət etməyəcək. Çünki Azərbaycanda gəlirlərin artması gözlənilmir”, - o deyib.
 
Ekspertin sözlərinə görə, problemin kökü iqtisadi inkişafın az olmasında, ölkədəki kasıblıqda, sahibkarlığın inkişafının az getməsindədir.
 
"Azərbaycan 1991-ci ildə yalnız müstəqillik yolunu tutmadı, həm də sovet sosialist iqtisadi modelindən, bazar iqtisadiyyatına keçdi. Bazar iqtisadiyyatı da o deməkdir ki, kimin pulu çoxdursa, əmlaklar da onundur. Sovet dövründə sənin evinin olmağının şərti pul deyildi. Pulun olmasa belə, zavodda, fabrikdə və s. işləyirdinsə, növbəyə dururdun dövlət sənə pulsuz mənzil verirdi. Həmin iqtisadi modeldə bir nəfərin birdən artıq evi ola bilməzdi. Bazar iqtisadiyyatında bir nəfərin istənilən qədər evi ola bilər.
 
Problemin kökü ipoteka qaydalarında, banklarda deyil. Bunun kökü ölkədəki kasıblıq, iqtisadi inkişafın az olması, sahibkarlığın inkişafının az getməsidir. Daha dərinə getsək, ölkədə qanunların yaxşı işləməməsidir. Bu gün sahibkarların xeyli hissəsi Azərbaycanda bizneslə məşğul olmaq istəmir, inhisarlaşma gedir. Belə şəraitdə iqtisadi inkişaf, iş yerləri və maaşlar olmayacaq”, - Həsənov əlavə edib.
 
İpoteka kreditləri istehlak məqsədi ilə verilən kreditlər qrupuna aiddir. Kreditin təyinatı mənzilin və ya digər fərdi yaşayış evinin alınmasıdır. Bu kredit növü uzunmüddətli olmaqla yanaşı illik faiz dərəcəsinin aşağı olması ilə seçilir. Belə ki, əksər istehlak kreditlərində illik faiz dərəcəsi 20 – 29% arası dəyişsə də İpoteka kreditlərində bu göstərici kredit götürən şəxsin social statusundan asılı olaraq 4% – 8% arasında dəyişir.Kreditin müddəti isə 30 ilədək ola bilir.

Dövlət İpoteka və Zəmanət fondunun banklara ayırdığı vəsaitlər hesabına rəsmiləşdirən İpoteka kreditləri "güzəştli” və "adi” ipoteka olmaqla 2 yerə ayrılır.
 
"Güzəştli” ipoteka – şəhid ailələri və milli qəhrəman ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya dövlət hökümət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. "Güzəştli” ipotekanın "adi” ipotekadan fərqi kredit müddətinin 5 ilədək çox olması (30 il) və illik faiz dərəcəsinin 4% olmasıdır. Çox az qrup bir müştəriyə təklif edilə bildiyi üçün biz bugünkü araşdırmamızda bu mövzuya toxunmayacağıq. Təxminən 1 – 2 il öncə İpoteka kreditlərinin ən geniş yayılan növü olan standart və ya adi ipoteka şərtləri üzrə standart şərtlər mövcud idi. Belə ki, kreditin maksimal müddəti 25 il, illik faiz dərəcəsi isə 8% müəyyən edilirdi. Digər şərtlərdə (ilkin ödəniş və bank xərci) cüzi fərqlər olsa da bu çox da nəzərə çarpmırdı.

Kreditin maksimal müddəti 25 il (300 ay), maksimal məbləği isə 150 000 AZN təşkil edir.
 
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM