İŞİD azərbaycanlıları bu yolla özünə cəlb edir

23:59 | 13.11.2015
İŞİD azərbaycanlıları bu yolla özünə cəlb edir

İŞİD azərbaycanlıları bu yolla özünə cəlb edir

"Biz heç kimə sərhədi keçmə, sən İŞİD-ə qoşulmağa gedirsən?" deyə bilmərik”.

İŞİD-ə qoşulan Özbəkistan vətəndaşı 13 il müddətinə azadlıqdan məhrum edilib.

ANS PRESS-in məlumatına görə, Özbəkistan məhkəmə orqanlarının qərarı ilə Xarəzm vilayətinin sakini 23 yaşlı Məhəmməd Abdullayev Rusiya Federasiyasında yaşadığı vaxtlarda 2013-cü ilin iyun ayında qruplaşma fəallarından Nəriman Səfərov adlı biri ilə tanış olub.

Müəyyən qədər münasibətləri irəli götürən gənclər mütəmadi olaraq birlikdə məscidlərə gediblər. Lakin həmin ilin oktyabr ayında Nəriman Səfərov Məhəmmədə Suriyaya döyüşlərə getməyi və orada 500 dollar qazana biləcəyini deyib və gənclər Həştərxan- Bakı qatarı ilə Azərbaycana gəliblər. Bir gün sonra isə onlar Azərbaycandan Türkiyəyə gedərək, oradan İŞİD-ə qoşulublar.

Məhəmməd Abdullayev istintaqa ifadəsində İŞİD-in tərkibinə qoşulduğunu və ölən insanların cəsədlərini gördüyü zaman oradan qaçdığını bildirib. Əhməd adlı Azərbaycan vətəndaşı ilə İŞİD-in ərazilərindən qaçan şəxslər bir müddət Türkiyədə yaşayıblar. Daha sonra isə ölkəsinə qayıdarkən həbs edilib və istintaqa cəlb edilib.

Məhəmməd Abdullayevin pul qazanmaq üçün İŞİD-in tərkibinə qoşulması ona baha başa gəlib. 

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da ANS PRESS- ə açıqlamasında Azərbaycanda da həmin terror təşkilatına maddiyat qarşılığında qoşulanların olduğunu, ancaq bu rəqəmin digər ölkələrlə müqayisədə çox az olduğunu bildirdi:

"İŞİD islam dini ilə heç bir əlaqəsi olmayan bir təşkilatdır. O, Boko- Haram, Taliban kimi terror təşkilatının davamıdır. Terror təşkilatının təbliğatı daha çox sosial şəbəkər vasitəsi ilə həyata keçirilir. Bəzi işbazlar, Suriyaya gedərək adı çəkilən təşkilata Azərbaycandan insanlar cəlb edəcəkləri barədə vəd verib qarşılığında külli miqdarda pul alırlar. Sosial şəbəkələr vasitəsi isə insanları aldatma yollarına gəlincə isə təbliğatçılar bunu 3 cəlbedici təkliflə həyata keçirirlər:

"Bir qrup insana orada külli miqdarda pul qazana biləcəyini deyərək aldadırlar. Bu qruplaşmaya daha çox maddi imkanı aşağı olmayan insanlar cəlb edilir. İkinci qrup şəxslərə isə "uğur əsgərləri” olacaqlarını, Suriyada çoxlu qadınların olduğunu, həmin ərazilərə getdikləri zaman orada olan qadınlarla öz cinsi ehtiyaclarını qarşılaya biləcəklərini deyirlər. Nəticədə də bəzi gənclər cinsi istəklərinin qurbanına çevrilir. Sonuncu qrup isə islama bağlılığı olan və cihad etmək istəyənlərdir. Bu qrup insanlara isə bildirilir ki, onlar həmin ərazidə cihad edib nəticədə də cənnəti qazanacaqlar. Bu üç formada cəlb edilən insanlar İŞİD-in tərkibinə qoşulduqları zaman verilən vədlərin doğru olmadığını bilərək qaçaq yollarla geriyə qayitmalı olurlar".

Azərbaycandan hazırda bu qruplaşmanın tərkibində döyüşənlərin sayına gəlincə, M. Qurbanlı bildirdi ki, bu rəqəmlərin mətbuata açıqlanmasına ehtiyac yoxdur. Ancaq azərbaycanlıların sayı digər ölkələrdən bu qruplaşmanın tərkibinə qoşulanlardan daha azdır.

Mövzunun diqqət çəkən digər bir məqamı bu qruplaşmaya qoşulmaq üçün gedən şəxslərin Türkiyə sərhəddini asanlıqla keçə bilməsidir. 

Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM ) deputatı Burhan Kuzu ANS PRESS-ə açıqlamasında bildirdi ki, Türkiyənin Suriya ilə sərhədlərinin uzunluğu 900 kilometrdən çoxdur:

"Biz Türkiyənin Suriyayla olan bütün sərhəddinə nəzarət etməyə çalışırıq. Lakin bəzən bu tamamilə mümkün olmur, insanlar gizlicə sərhəddi keçirlər. Həm də biz gün ərzində sərhədi keçmək istəyən insanların niyyətini bilmirik. Buna görə də biz heç kimə "sərhəddi keçmə, sən İŞİD-ə qoşulmağa gedirsən" deyə bilmərik”.

İnsanların İŞİD terror təşkilatının tərkibinə qoşulmasına ilahiyyatçılar da müsbət fikir bəsləmirlər.

İlahiyyatçi Hacı Şahin Həsənli deyir ki, islam baş kəsmək, qan tökmək dini deyil: "Müsəlmanın qanı müsəlmana haramdır. Əgər adını müsəlman qoyan bir şəxs digər bir din qardaşının qanını tökürsə, həmin insanın təkcə müsəlman deyil, hətta insan olmasına da şübhə var. Belə radikal qruplaşmalarla mübariza aparmağın yolu hüquqi olduğu qədər həmdə maarifləndirici olmalıdır. Kütləvi İnformasiya Vasitələrində (KİV) , orta məktəblərdə, universitetlərdə mütəmadi təbliğatlar aparılmalıdır”.

Ümumiyyətlə, İŞİD terror təşkilatının tərkibinə qoşulan insanların istər dini, istər maddi, istərsə də qazanacağı heç bir şey yoxdur.

Əgər cihad adı altında bu qruplaşmaya qoşulma dini cəhətdən doğru sayılsaydı Suriyada döyüşən şəxslərlə bağlı Qafqaz Müsəlmanları İdarəsi " bir sıra xarici ölkələrdə döyüşən şəxslərin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur”- deyə bir fətva verməzdi.

Maddi cəhətdən qazanmaq üçün gedənlər isə Özbəkistan vətəndaşı Məhəmməd Abdullayev dərs ola bilər.

Sonuncu qruplaşma isə "uğur əsgərləri” adlanan şəxslər aiddir ki, Suriyada onların da cinsi istəklərinin qarşılanması üçün istədikləri qədər qadın olmadığı və istəklərini qarşılayacaq qədər zaman və imkan olmadığı da məlumdur.

Döyüşmək istəyənlər isə unutmamalıdırlar ki, Azərbaycanın Qarabağ kimi dərdi, Erməni kimi düşməni var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM