İŞİD-ə qoşulan azərbaycanlılar səbəb gətirdilər - Saqqal

14:57 | 01.07.2014
İŞİD-ə qoşulan azərbaycanlılar səbəb gətirdilər - Saqqal

İŞİD-ə qoşulan azərbaycanlılar səbəb gətirdilər - Saqqal

Türkiyənin islamçı saytlarından biri bəzi azərbaycanlı gənclərin "İraq Şam İslam Dövləti" terror təşkilatına qatılma səbəbləri barədə material hazırlayıb.
 
ANN.Az xəbər verir ki, azərbaycanlı vəhabilər bunu əsasən “saqqallarının zorla qırxılması” ilə izah ediblər. Onların sözlərinə görə, saqqalları zorla qırxıldığı üçün çarəsiz qalıb, İŞİD-ə qoşulublar.
"Furkan Azəri" adlı azərbaycanlı gənclər qrupu bildirir ki, İŞİD güc mənbələrindən ən əhəmiyyətlisidir: “Bu təşkilatı həbsxanalarda zülm görmüş, saqqalına görə Mərkəzi Asiya, Qafqaz, Afrika və Avropa ölkələrində haqsızlığa məruz qalmış, bütün həyatı alt-üst olmuş və gedəcək bir yeri qalmamış islam ümmətinin gənc nəsli təşkil edir. Bunu islam dünyasının müqəddəs yaşayış məkanlarında, məscidlərdə, çayxanalarda, həbsxanalarda görmək mümkündür. Lakin bu təsbitimizi və xəbərdarlıqlarımızı Azərbaycandakı səlahiyyətli orqanların nəzərə almadığı görülür". 
 
Azərbaycanın bəzi bölgələrində idarəçilərin insanları İŞİD kimi təşkilatlara meyillənməyə vadar etdiyi barədə iddiaları isə Yusif Allahyar səsləndirib. Misal olaraq Azərbaycanın Zaqatala şəhərində saqqallı dindarlara qarşı təzyiqləri göstərən Y.Allahyar “Azadlıq” radiosuna açıqlamasında deyib: 
 
"Polis bizi harada görürsə, tutub polis bölməsinə aparır, təzyiqlərə məruz qalırıq, saqqalımızı zorla kəsirlər. Səbəb isə bu şəhərdə saqqal saxlamağın qadağan olmasıdır". 
 
Y.Allahyar deyir ki, saqqal məsələsinə görə ona şəxsiyyət vəsiqəsi belə vermirlər. 
 
Zaqatalalı başqa bir vətəndaş – Əbubəkr Qazıyev isə şikayətlərinə baxmadıqlarını deyir: 
 
"Nəhayət, saqqal kəsməyə görə şəhəri tərk etmək məcburiyyətində qaldım, təqribən 3 ildir şəhərə 3 aydan bir ailəmi görmək üçün gizli-gizli gəlirəm. Bu kimi təzyiqlər bölgədə sıx bir şəkildə var, dövlət orqanlarına şikayət etməyimizə baxmayaraq, kimsə bizi nəzərə belə almır. Mən də daxil olmaqla, Azərbaycanda jurnalistlərin bir çoxu bölgənin təhlükəsizlik müdiri Faiq Şabanovu dəfələrlə axtarıb məsələni aydınlaşdırmaq istəsək də, xəstə olduğu üçün, ya nə üçünsə telefonlarımıza cavab vermir. Azərbaycan Daxili İşlər Nazirliyi isə məsələ ilə əlaqədar səssizliyini qoruyur. Allah xatirinə söyləyin, müsəlman bir ölkədə belə bir şey ola bilərmi? Müsəlman olduğunu iddia edən bir məmləkətdə müsəlmanın saqqalı qırxılarmı? Əlbəttə, biz məcbur olub, bir həll yolu axtararıq, amma problem budur ki, dünya müsəlmanları, xüsusilə Türkiyə bu problemə çarə tapmazsa, insanlar həlli İŞİD-də görəcəklər. Əsla İŞİD-in daha əhatəli olduğunu düşünməyin, onlara bir adam belə artıq qatılsa, qəbul edirlər. Onun üçün bu təzyiqlərə bir son verilməlidir. Ən azından müsəlman bir ölkədə bunlar olmamalıdır. Hər hansı bir xristian ölkəsində belə bir şey olsa, insan hüquqları təşkilatları nə edərdi? Hardadır din və vicdan azadlığı? - deyə soruşar.
 
Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycanın hər güşəsində saqqallı sələfilərə rast gəlmək mümkündür və onların “yalnız saqqallarını hifz etmək naminə” İŞİD-ə qoşulduqları iddiaları həddən artıq təəccüblü və gülməli görünən arqumentdir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM