"Kasperski Laboratoriyası": Azərbaycan ən çox kiberhücumlara məruz qalan ölkələrdən biridir

19:45 | 18.04.2016

"Kasperski Laboratoriyası": Azərbaycan ən çox kiberhücumlara məruz qalan ölkələrdən biridir

Ekspert: Özəl şirkətlər qənaət etməyə çalışır, lakin nəticədə, daha ciddi fəsadlarla üzləşir

"Azərbaycan ən çox kiberhücumlara məruz qalan ölkələrdən biridir. Çünki Azərbaycanda internet istifadəçiləri çoxdur və onlar olduqca fəaldırlar". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik Həftəsonu" adlı konfrans çərçivəsində "Kasperski Laboratoriyası" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Müşfiq Məmmədov bildirib. 

"Azərbaycan lokal təhlükələrin sayına görə də lider ölkələr sırasındadır. Qeyd edim ki, hətta adi cihazlardan - flaşkard, USB-dən istifadə edənlər belə bəsit təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün hücumlara məruz qalırlar", - deyə M.Məmmədov qeyd edib. 
Kiberhücumların vurduğu maddi zərərlər barədə məlumat verən şirkət nümayəndəsi misal olaraq bildirib ki, ötən il Rusiyada təxmini hesablamalara görə, şirkətlərin kiberhücumlardan ümumi birbaşa itkiləri 1,8 mlrd. dollar təşkil edibsə, sonradan fəsadların aradan qaldırılmasına 1,2 mlrd. dollar xərclənib.

M.Məmmədovun sözlərinə görə, Azərbaycanda dövlət qurumları özəl şirkətlərlə müqayisədə kibertəhlükəsizlik məsələlərinə daha çox önəm verir: "Özəl şirkətlər qənaət etməyə çalışır, lakin nəticədə, daha ciddi fəsadlarla üzləşir". 

Azərbaycanın lisenziyalı İT həllərdən istifadəyə görə regional lider olduğunu açıqlayan M.Məmmədov əlavə edib ki, ölkədə "Kasperski" şirkətinin məhsulları fərdi istifadəçilər bazarında daha populyardır: "Korporativ istifadəçilər bazarında isə liderlər sırasındadır".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb