Keçmiş baş prokuror öz yubileyi ərəfəsində yeni kitab çapdan çıxartdı

16:40 | 08.10.2015
Keçmiş baş prokuror öz yubileyi ərəfəsində yeni kitab çapdan çıxartdı

Keçmiş baş prokuror öz yubileyi ərəfəsində yeni kitab çapdan çıxartdı

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənovun 60 illik yubileyi ərəfəsində yeni kitabı çapdan çıxıb.

Novator.az xəbər verir ki, Eldar Həsənovun işıq üzü görən yeni kitabı "Balkanların dostluq körpüsü boyunca” adlanır. "Balkanların dostluq körpüsü boyunca” kitabı müəllifin bu qəbildən ilk işi deyil, bir neçə il əvvəl onun "Slavyan dənizindəki Latın adasında” adlı kitabı da çapdan çıxmışdı – Eldar Həsənov həmin kitabı uzun müddət səfir kimi çalışdığı Rumıniyadan yazmışdı. Yeni kitabında da Eldar Həsənov Azərbaycanın Qərbi Balkan ölkələri ilə qarşılıqlı münasibətlərini təhlil etməklə, həmçinin regionda əsrlər boyu baş vermiş hadisələri müasir dövrümüzədək araşdırmaqla oxuduqlarını, gördüklərini, yaşadıqlarını qələmə almağa, bölgənin zəngin tarixindən, mədəniyyətindən, görkəmli şəxsiyyətlərindən, tarixi memarlıq abidələrindən söz açmağa, düşüncələrini bölüşməyə çalışıb.

Kitabın girişində müəllif öz məramını belə açıqlayır: "Şübhə etmirəm ki, bu kitab vasitəsilə Balkanları tanıyandan sonra siz o torpaqları, o insanları sevəcəksiniz. İstədiyim budur ki, Balkanlardan uzaq ölkələrin adamları bu torpaqlara onu ürəkdən sevən bir əcnəbinin gözüylə baxa bilsinlər. Görsünlər ki, bu region Avropanın bir parçası olaraq nə kimi çətinliklərə sinə gərib, insanlar arasında inam və etimadın bərpası yolunda nə qədər əziyyətlərdən keçib. Balkan əhalisinin çəkdiyi əzablar dərin hörmət və ehtirama layiqdir!”

Giriş və xülasə də daxil olmaqla, kitab səkkiz fəsildən ibarətdir. Burda Qərbi Balkan ölkələrinin coğrafi koordinatları və strateji əhəmiyyətindən, qloballaşma şəraitindəki iqtisadiyyatından, üç dinin (pravoslav, katolik və islam) daşıyıcıları olan cənub slavyanlarının görkəmli tarixi şəxsiyyətlərindən (Kiril, Mefodi, Müqəddəs Savva, Sokollu Mehmet Paşa, Vuk Karaçiç, Bojidar Podqoriçanin, I Aleksandr Karacorceviç, II Petar Petroviç, İosif Broz Tito), elm və sənət adamlarından (Nikola Tesla, Mixaylo Pupin, İvo Andriç, Meşa Selimoviç, Frans Preşern, Miroslav Krleja, Milorad Paviç, Emir Kusturitsa), bu xalqların bəşər tarixinə verdikləri böyük töhfələrdən, eyni zamanda cənub slavyanlarının Bizans mənəvi modelinin təsir dairəsinə düşmüş incəsənətindən, katolik Romasının təsiri altındakı memarlığından, qədim kilsə və camilərindən, tarixi məkanlarından (Bled, Dubrovnik, Oxrid, Blaqay Təkyəsi, Cerdap və Durmitor milli parkları) və ayrı-ayı şəhərlərindən (Belqrad, Novi Sad, Zaqreb, Split, Sarayevo, Banyaluka, Mostar, Çetinye, Skopye, Bitola, Maribor və s.) geniş bəhs olunur.

Kitabın böyük bir bölümü Azərbaycanla Qərbi Balkan ölkələri arasındakı mədəni əlaqələrə, dostluq münasibətlərinə, iqtisadi-siyasi əməkdaşlığa həsr edilib. O cümlədən İkinci Dünya müharibəsində faşizmə qarşı yuqoslav partizanları ilə bir sırada mübarizə aparmış Mehdi Hüseynzadəyə xüsusi yer ayrılıb – əfsanəvi "Mixaylo”nun sloven kəndi Vitovedə həlak olduğu yerdən, həmçinin azərbaycanlı döyüşçülərdən formalaşdırılmış və Belqradın azadlığında müstəsna xidmətlər göstərmiş 223-cü Azərbaycan diviziyasından geniş söz açılır.

Kitabdan o da bəlli olur ki, Serbiyada yalnız bir neçə ölkənin – Fransa, Rusiya, Almaniya, İspaniya, Böyük Britaniya, ABŞ kimi böyük dövlətlərin mədəniyyət mərkəzi var və artıq Azərbaycan da bu sıraya daxildir. Mərkəzin işi mədəniyyət xadimləri, elm və təhsil müəssisələri ilə əlaqələr qurmaq, mədəni əməkdaşlığa şərait yaratmaqdır. Azərbaycan səfirliyinin təşəbbüsü ilə burda artıq serb və Çernoqoriya dillərində bir sıra kitablar nəşr olunub: "Görkəmli adamların həyatı” silsiləsindən "Heydər Əliyev” və professor Zemfira Səfərovanın "Üzeyir Hacıbəyli” kitabları, Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”, Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə” kitabı, Rəsul Rzanın "Rənglər” poeması, Elçinin "Ölüm hökmü”, Çingiz Abdullayevin "Balkan opponentləri”, Kamal Abdullanın "Yarımçıq əlyazma” romanları, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqəti” bukleti, "Erməni soyqırımı: miflər və gerçəklər”, "223-cü Qırmızı Bayraqlı Belqrad diviziyası” adlı sənədli kitablar və sair. Eləcə də 2011-ci ildə Milorad Paviçin məşhur "Xəzər lüğəti” romanı, 2015-ci ildə isə Yasmina Mixayloviçin "Xəzər dənizinin sahillərində” əsəri serbcədən dilimizə çevrilərək Bakıda nəşr olunub. Kitabda Azərbaycanın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin serb yazarları İvo Andriçin seçilmiş əsərlərini və Milorad Paviçin "Küləyin astar üzü” romanını dilimizə tərcümə etdiyi də qeyd olunur.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifə­sini tutub. Ədliyyə general-leytenantıdır.

2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avro­pada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

Eldar Həsənov elmi-pedaqoji fəaliyyətlə də müntəzəm məşğul olub, Bakıda hüquq üzrə namizədlik, Moskvada doktorluq dissertasiyası müdafiə edib. Professordur. 25 kitabın, 160-dan artıq elmi-publisistik məqalənin müəllifidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM