Kəlbəcərdə itkin düşən Həsənin valideynlərinin vəziyyəti pisləşib

12:30 | 17.07.2014
Kəlbəcərdə itkin düşən Həsənin valideynlərinin vəziyyəti pisləşib

Kəlbəcərdə itkin düşən Həsənin valideynlərinin vəziyyəti pisləşib

“Dünən bəzi mətbuat orqanlarında Həsənin taleyindən hər hansı məlumat vermək əvəzinə, onun Binəqədidə ev və mağaza sahibi olması haqda xəbər yazan jurnalistlərin hərəkətindən çox təəssüflənirik. Bu, onun ailəsində ciddi narahatlığa səbəb olub. Ailənin bu ağır vəziyyətində guya təzə xəbər yazmaqla reytinq yığmağa çalışanlara üzümü tuturam:  Həsən Həsənovun evi, mağazası olması barədə məlumatın məsələyə nə dəxli var? Bəzi saytların əməkdaşları gəlib onun evinin şəklini çəkib internetdə yerləşdiriblər. Məsələyə bu cür qeyri-peşəkar yanaşan jurnalistlərin bu yersiz davranışı girov düşən övladlarının öldüsü-qaldısı bilinməyən Həsənin ata-anasını  çox üzüb”.

Bu sözləri işğal altındakı Kəlbəcər rayonuna getmiş və ermənilərin öldürdüyü bildirilən Həsən Həsənovun qardaşı Nail Həsənov Moden.az saytına açıqlamasında bildirib. O,  yayılan xəbərlərdən dolayı ata və anasının vəziyyətinin çox pis olduğunu vurğulayıb. Qardaşının sözlərinə görə, Həsənin həyat yoldaşı və yeganə övladı olan qızı da hazırda rayondadır.

Həsən Həsənovun dostu Vaqif Əlisoy Modern.az saytına açıqlamasında mətbuat nümayəndələrini diqqətli olmağa çağırıb: 

“İnsanlar çətin vəziyyətdədir. Onların bu halından istifadə edərək guya reportaj hazırlamaq, xoşagəlməz, yalan məlumatlar yaymaq azərbaycançılığa sığmır”.

Vaqif Əlisoy eyni zamanda digər narahatlığını da ifadə edib: “Çox təssüf ki, artıq bir həftəyə qədər vaxt keçməsinə baxmayaraq, ermənilər girovlarla görüşə şərait yaratmayıblar. Ən azından Həsənin öldü-qaldısı dəqiqləşərdi. Biz tələb edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq onları qeydiyyata alsın. Deyirlər “Şahbazın gözü çıxarılıb, Həsən öldürülüb”. Komitə isə bu iddialara heç vəchlə cavab vermir. Bildirirlər ki, onların sağlıq durumu barədə məlumat verə bilməzlər. Belə çıxır ki, erməni tərəfi müəyyən məlumatları aldıqdan sonra girovları üzə çıxaracaq”. 

Vaqif Əlisoy girovlarla bağlı müdafiə komitəsi yaradıldığını qeyd edib: “Dünəndən bəri səfirliklərə, xaricdə yaşayan azərbaycanlılara müraciətlər etdik. Bu gün Ukraynada yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında piket keçirəcək. İş görmək lazımdır. Girovlarımız təfərindən atılan addımı biz davam etdirməli, torpaqlarımızın da azadlığına nail olmalıyıq”.

Qeyd edək ki, Ermənistan Kəlbəcərdə iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Onlarla getmiş 3-cü şəxsin – Həsən Həsənovun da girovluqda olduğu ehtimal olunur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM