Köhnə və... yeni bakılılar “Sovetski” haqqında - RƏY

11:51 | 22.02.2014
Köhnə və... yeni bakılılar “Sovetski” haqqında - RƏY

Köhnə və... yeni bakılılar “Sovetski” haqqında - RƏY

Bakının “Sovetski” və digər köhnə məhəllələrinin ləğv ediləcəyi planları təkcə həmin ərazilərdə yaşayan yox, həm də bu məhəllələrdən çıxmış şəxslər arasında birmənalı qarşılanmır. Bu məhəllələr Bakının ruhunu qəlbən duya bilməyənlər üçün heç nə ifadə etməyə bilər. Lakin bu məhəllələr burada doğulub boya-başa çatmış insanlar üçün ata yurdu, baba ocağıdır.

Bu məhəllələrdəki tikililər ilk baxışda əhəmiyyətsiz görünə bilər. Ancaq bunlar köhnə Bakının bir parçasıdır; yaxşı-pis özəlliyidir, kaloritidir. 

Şəhər mütəxəssislərinin rəyinə görə, tarixi və ya köhnə yaşayış sahələrində yenidənqurma işləri aparılarkən yerli xüsusiyyətlər nəzərə alınmalıdır. Məsələn, yaşı 100 ildən artıq olan və köklü əhalinin kompakt yaşadığı məhəllələr ləğv edilirsə, əhalisi köçürülürsə, o zaman həmin ərazinin mədəni-tarixi dəyəri də məhv edilmiş olur. Çünki belə məhəllələr keçmiş haqqında bilik mənbəyi kimi çıxış edir. Başqa bir fəsad isə şəhər mühitində sosial harmoniyanın pozulması ola bilər. 

Gəlin, “Sovetski”nin timsalında köhnə və... təzə bakılıların bu barədə fikirləri ilə tanış olaq. 

“Burda insanların bir-birinə hörməti, köməyi, diqqəti var”

Mirteymur, rəssam: 

Просмотреть

- Hesab edirəm ki, “Sovetski” deyilən yer sökülməlidi. Ömrünü çoxdan başa vurmuş o evlərin çoxu vaxtilə bir gecədə tikilib və bugünkü tələblərə cavab vermir. Mən o yerlərə yaxşı bələdəm, hətta fotolarını da çəkmişəm. Onu da deyim ki, orda memarlıq baxımından dəyərli olan binalar da var. Məsələn, Murtuza Muxtarov küçəsindəki Quliyevin evi. Gözəl binadı. İndi o evdə Memarlar ittifaqı yerləşir. O ki qaldı sakinlərə... onları “Sovetski” yaxınlığında tikilmiş çoxmərtəbəli binalarda yerləşdirmək olar. Burda qorxulu heç nə yoxdu. Çünki sakinlərin çoxu evlərinin əvəzində pul yox, məhz ev istəyir. Bu fikrimi “Kubinka” adlanan məhəlləyə də şamil edirəm. 

Mən köhnə bir bakılı kimi İçərişəhər qədər bu məhəllələrin də adət-ənənəsinə yaxşı bələdəm. Burda insanların bir-birinə hörməti, köməyi, diqqəti var. Amma bütün bu dəyərləri onlar yenə də toplum şəkildə köçdükləri yerdə də qoruyub saxlaya bilərlər. İndi əsas məsələ insanların doğulub-yaşadığı yerə yaxın məkanlara köçürülməsidi. Bu işdə sakinlər real vəziyyəti anlamalı, şəhər rəsmiləri isə köçürülənlərin maksimal ehtiyaclarını nəzərə almalıdılar. Qarşılıqlı güzəştlərə və anlaşmaya ehtiyac var.   

“Bakı BAKILIĞINI çoxdan itirib!”

Elçin Hami Axundov, rəssam: 

Просмотреть

- Belə baxanda, Bakı BAKILIĞINI çoxdan itirib! Ona görə ki, Hacıbala demişkən, Bakıda prezidentdən başqa kişi yoxdur!!!... “Köhnə İnturist”i sökəndən sonra mən başa düsdüm ki, bu yırtıcıların qabağını almaq qeyri-mumkündür. Hələ yaxşı ki, “Sovetski”ni birbaşa sökürlər, əvvəl “yevroremont” edib, sonra yox!! Sizin-bizim pulumuzu xərcləməmiş!..

“Heç bir gələcək keçmiş qədər doğma ola bilməz” 

Nəcibə Bağırzadə, jurnalist: 

Просмотреть

- Əyalətdən olan hər kəsin  uzaqda qoyub gəldiyi bir kənd var. Şəhərdə nədənsə incik düşəndə, ya qəribsəyəndə onların hamısı qoyub gəldikləri o kəndə üz tutur. Çünki o kənd xatirələr sahilidi. 

Biz “şəhər uşaqları”nın bütün uşaqlıq  xatirərləriysə bu gün sökülməkdə olan “Sovetski”, “Kubinka” deyilən məkanlarla bağlıdı. Bizim məktəb illərində ən yaxşı günlərimiz bu dar dalanlara sığışmış balaca evlərdə keçib. O vaxt əyri küçələrində dönə-dönə qaçıb yıxıldığımız bu məhəllələrin sökülməyini, təzə evə köçməyi çox arzulayardıq. Amma indi sökülən “Sovetski” bizimçün qayıda bilmədiyimiz keçmişimiz, dağılan xatirələr şəhəridi. Yaşı az qala əllini haqlamış insanların xatirələrdən əziz nəyi ola bilir ki… 

Sökülən yerlərdə yaşıllıq salacaqlar. Yaxşıdı. Yaşıllıq ümiddi, gələcəkdi. Amma heç bir ümid xatirələr qədər əziz, heç bir gələcək keçmiş qədər doğma ola bilməz. Üstəlik də, o gələcək öz nəfəsiylə xatirə dəftərimizdəki ən gözəl səhifələri qoparacaqsa… 

“Sovetski”nin qanunları kişi qanunları idi...” 

Sevda Mikayılqızı, “Ziya” Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru: 

Просмотреть

- Mənim tələbəlik illərim “Sovetski”də kecib. O məhəllənin yazılmamış qanunları ilə də o vaxtlar tanış olmuş və məmnuniyyətlə qəbul etmişəm. Bu qanunlar, belə demək mümkünsə, kişi qanunları idi. Yaxşıya hörmət, pisə layiq olduğu münasıbət. Oranın öz əxlaq kodeksi vardı. Məhəllə adamlarının ilk baxışdan adamı “özünü yığışdırmağa” proqramlaşdıran, mərdlik, insaniyyət, əxlaq normalarının pozulmasının yolverilməzliyini diktə edən sərtliyi altında yüksək insaniyyət, hətta hamilik dayanırdı. 

Danışmaq istədiyim epizod öz təkrarsız adət-ənənəsi, öz əxlaq kodeksi olan bu məkanın həqiqi mənzərəsinin ştrixlərindən biridi: “Sovetski”də keçən beşillik tələbəlik illərimin sonunda gələcək həyat yoldaşım həyatımda peyda olmuşdu. Artıq nişanlanmışdıq və o, məni evə qədər ötürmək hüququ qazanmışdı. Növbəti  dəfə onunla məhəllədən kecəndə, divar dibi oturub söhbət edən bir dəstə kişidən biri ayrılıb nişanlımı səslədi: 

- Bacıoğlu, olar səni bir daağa? 

Düzü, mən bir az qorxdum; xeyirdimi? Çox keçmədən qayıdıb gələn nişanlım məni sakitləşdirdi;  soruşurdular ki, “bacıoğlu, bilmək olar, sən bu qızın nəyisən? İnciməyə a.., qız öz uşağımızdı, məhəllə adamıdı. Bilməliyik sən kimsən”. 

Bax beləcə, kirayədə qalan “kəndçı qızı” özünün xəbəri olmadan illər boyu “Sovetski” məhəlləsinin himayəsində olmuşdu. 

“Sovetski” belə bir bənzərsiz yerdi (idi... yazmağa əlim gəlmədi).

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM