Kirayədə ölən gənc mayorun Dramı

13:49 | 11.08.2014
Kirayədə ölən gənc mayorun Dramı

Kirayədə ölən gənc mayorun Dramı

Ağlaşma və qışqırıq səsləri uzaqdan belə eşidilirdi. Otağa girdiyimdə 20-yə yaxın yaşlı qadın kimisə haraylayıb ağlamaqda idi. Küncdə dayanan yaşı 70-i ötən qadın isə sakitcə, səssiz ağlayırdı. Qara yaylığın altından çıxan saçlarını içəri salır, yaylığı bir az da qabağa çəkir və qırışmış dəsmalı gözlərinə tutub ağlayırdı...“Ölən mayorun anasıdır” - dedilər. Jurnalist olduğumu bilib hönkürdü: “Balama kömək olsun deyə jurnalistlərə də müraciət etmişdim”, - dedi. Kiçik mavi gözləri şişmişdi və ağlamaqdan yumulurdu. Üzündəki dırnaq izlərində isə qurumuş qan ləkələri vardı...Təskinlik üçün bircə söz belə tapa bilmirəm, ana isə oğlunun hərbi geyimdə olan şəklinə əlini uzadıb deyir ki, vətən üçün oğul böyütmüşdü, sonda vətənə də lazım olmadı...Söhbət bir neçə gün əvvəl dünyasını dəyişən mayor Rəşid Məmmədovdan gedir. O, Göygöl rayonunun Əbləh kəndində dəfn edilib. Öyrəndik ki, rayonda Rəsulzadə küçəsində kirayə mənzildə yaşayan Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil edə bilməyiblər, bu səbəbdən mayor kənddə basdırılıb. Rayonda onunla eyni həyətdə kirayə qalan qonşular da baş verənlərdən təəssüfləndiklərinin bildirirlər: “Ordunun əsgərinə, zabitinə, mayoruna olan qiymət budurmu? O, neçə ay burada kirayə qaldı, ağır idi vəziyyəti, imkansızlıqdan müalicəsini tamamlaya bilmədi...”Anası Səriyyə Məmmədova isə oğlunun hərbçi olduğu dönəmlərdə yaşadıqları çətinliklərdən ağlaya-ağlaya danışır. Deyir ki, daha çox cəbhə bölgəsində xidmət edən Rəşidin ailəsi də, anası da onunla birgə həmin çətinlikləri bölüşüb: “Ömrümüz-günümüz dağlarda, dərələrdə keçdi, oğlum torpağın hər qarışını müqəddəs bildi, vətən bildi, amma sonda ona sahib çıxan olmadı”. Öyrənirik ki, dünyasını dəyişən mayorun yeddi yaşlı bir qızı var. “Evsiz-eşiksiz, sərgərdan gəzirdi balam. Ailəsi, bir qız balası, bir də mən də onunla birgə. Tovuzda xidmət edəndə xəstələndi, sonu da belə...”R.Məmmədovun bacısı isə bildirir ki, qardaşı 17 yaşından vətənə xidmət edib: “Oxudu, əsgərlik... sonra da qalıb işlədi. İşlədiyi müddətin 80 faizi cəbhə bölgələrində olub, Ağcabədidə, Tovuzda, digər yerlərdə. Xəstəliyi qəflətən ortaya çıxdı, ağrıyırdı, analiz verəndə xərçəng olduğu məlum oldu. İki ay hospitalda yatdı, sonra Türkiyəyə apardılar. Müalicəsinin bir azını dövlət etdi, qalanını özümüz. Müalicəni imkansızlıqdan davam etdirə bilmədik və qardaşımızı itirdik”.Söhbətə qohumlar da qoşulur və müalicənin bir hissəsinin dövlət tərəfindən qarşılandığını, sonra birdən-birə xəstədən imtina olunduğunu bildirirlər: “Dedilər ki, Türkiyədə xəstəxanada yer yoxdur, yer olanda yenə müalicə üçün aparacaqlar”. Qohumların sözlərinə görə, zabit Türkiyədə iki aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək, geri çağırılıb. “Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən bir ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalı idi. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti ödənilmədi, ailənin də imkanı olmadı.Nəticədə 39 yaşlı mayorun, 21 ilin hərbçisinin sonu pulsuzluq səbəbindən bu cür tamamlandı”.Qeyd edək ki, bir neçə gün əvvəl mayorun anası ölkə mediasına müraciət edərək, oğlunun müalicəsi üçün kömək istəmişdi. Bildirilirdi ki, R.Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona mieloma, yəni qan xərçəngi diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Ancaq müalicə bitmədən geri qaytarılıb.Ana oğlunun müalicəsinə dəstək göstərilməsi üçün mediaya səslənmişdi. “İndi mediadan bir istəyiniz varmı” soruşuram anadan. “Daha nə istəyim ki? Oğlum idi, onun sağ qalması idi istəyim, o da getdi” - deyir və yenə dəsmalı gözlərinə sıxıb için-için ağlayır. Qohumlar isə otağın digər küncündə oturub ağlayan gənc qadını göstərirlər - “Rəşidin həyat yoldaşıdır” deyirlər. Onu da öyrənirik ki, ailənin maddi durumu ağırdır və ona dövlətin dəstəyi vacibdir: “Rəşid ailəsi ilə bərabər illərlə bölgələri gəzdi, qoca anası, yoldaşı baqajlarda əşya, yük daşıya-daşıya onunla birgə çətinlik içində yaşadılar. İndi də yeddi yaşlı bir qızı qalıb, nə evi var, nə torpağı. Heç olmasa, dövlət onun ailəsinə kömək etsin ki, küçələrdə qalmasın. Nə də olsa, bu vətənin əsgəri idi...”.Mayorun yeganə qardaşı isə qadınların otağına gələrək bu fikirlərə etirazını bildirir: “Nəyə danışırsınız? Guya yazılmaqla nəsə kömək olacaq? Xəstəliyinə kömək oldu ki, bundan sonra da ola?..”.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM