Lamiyə Quliyeva azadlığa buraxıla bilər

16:57 | 05.02.2015
Lamiyə Quliyeva azadlığa buraxıla bilər

Lamiyə Quliyeva azadlığa buraxıla bilər

Baş Prokurorluq hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə protestə baxılıb. Məhkəmə protestin baxılması barədə qərar qəbul edib.

Vəkil A.Məmmədov protestə Bakı Apellyasiya Məhkəməsində baxılacağını deyib.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq İcra Hakimiyyəti başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2011-ci ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda 317-ci maddə üzrə cinayət işi yenidən məhkəmə qaytarılıb. Əgər məhkəmə həmin maddə üzrə Lamiyə Quliyevaya bəraət verərsə, o, dərhal həbsdən azad ediləcək.

Qeyd edək ki, Lamiyə ilə birlikdə məhkum olunmuş Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM