APA-nın məlumatına görə, tədbirdə TEAS sədri Tale Heydərov, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak edib.
T. Heydərov tədbirdə çıxış edərək bildirib ki, açılışı keçirilən bu mağaza "Libraff"ın Azərbaycandakı ən böyük kitab mağazasıdır: ""Libraff” mağazaları Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib".
T. Heydərov "Libraff”ın təkcə kitab mağazası deyil, çoxfunksiyalı layihə olduğunu deyib: "Biz bu layihəni yaradarkən qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi bizim layihənin əsas funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab almaq deyil, eyni zamanda burda mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların ən sevimli kitab mərkəzlərinin birinə çevriləcək”.
T. Heydərov əlavə edib ki, "Libraff” kitab mağazalarının təşkilində "TEAS Press”in yaradılmasının böyük rolu olub: "Artıq bizim müxtəlif brendlər - "Teas Press”, "Üç alma” və "Yay” brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu brendlər təkcə Azərbaycanda deyil, ölkədən kənarlarda da rəğbəti qazanıb. Artıq fəxrlə deyə bilərik ki, "TEAS Press” Türkiyədə ilk onluğa daxil olub".
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev "Libraff” kitab mağazasının açılışını yüksək qiymətləndirib, bunun Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu deyib: "Mədəniyyət Nazirliyi adından belə gözəl kitab mağazasını bizə bəxş edən insanları və oxucuları təbrik edirəm, mağazanın işinə uğurlar arzulayıram. "Libraff” kitab mağazası çox gözəl zamanda açılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli tədbirlər çərçivəsində fəaliyyətə başlayıb. Kitab cəmiyyətdə çox vacib rol oynayır. Kitab insanın dostudur, nəsildən nəslə vasitədir. Mən çox sevinirəm ki, bu gün Bakıda belə gözəl bir kitab mağazası açılıb. İnanıram ki, burda təkcə kitab satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər, imza günləri təşkil olunacaq. Bunun üçün burda bütün imkanlar var. Müasir Azərbaycanın inkişafında bu mağazanın açılışı intellektual göstəricidir”.
Xalq yazıçısı Çingiz Abdullayev isə "Libraff” kitab mağazasının açılmasını ədəbiyyat adamları, yazıçılar və oxucular üçün əlamətdar hadisə kimi dəyərləndirib. Yazıçı qeyd edib ki, Azərbaycanın gələcək inkişafı insanların mütaliə mədəniyyətinin daha da inkişaf etdirilməsi, kitab mağazalarının çox olmasından asılıdır: "Uşaqlarımız kitab oxumasa, gələcəyimiz olmayacaq. Mən hələ neçə il əvvəl inanırdım ki, gec-tez Bakıda bu cür gözəl kitab mağazaları açılacaq”.
Daha sonra "Teas Press” Nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çap etdiyi kitabların təqdimatı keçirilib.
"TEAS Press” Nəşriyyatının Azərbaycanşünaslıq bölməsinin rəhbəri, professor Kərim Şükürov deyib ki, "Libraff” kitab satışı şəbəkəsinin açılışı nəinki paytaxt Bakının, eləcə də respublikanın sosial-mədəni həyatında ən mühüm hadisələrdən biridir. O, "TEAS Press” Nəşriyyatının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çap etdiyi kitablar haqqında ətraflı məlumat verib.
Digər natiqlər də "Libraff” kitab mağazasının açılmasını ölkəmizin inkişafının və yüksək mədəniyyətinin göstəricisi kimi dəyərləndiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !