Mənim kiçik İspaniyam...

15:35 | 02.03.2015
Mənim kiçik İspaniyam...

Mənim kiçik İspaniyam...

Elcan Bədəlov

Bu gün bizim səfər edəcəyimiz restoran "El Portalon” adlanır. Bura mənim sevimli məkanlarımdan biridir. Arxamca gəlin, əmin olun ki, bir çox maraqlı və xeyirli məlumatlar əldə edəcəksiz. Uduzmazsız…

İndiki İspaniya mətbəxi 100-200 il bundan əvvəlki xristian ispanların mətbəxindən az fərqlənir. O əvvəlki kimi dadlı, istiotlu və ləzzətlidir. Cənub günəşinin şüaları dəymiş ispan məhsulları nəsə sehrli dada sahibdir. Keçi pendirini, fermer çörəyini, zeytun və digər təbii yağları, xoş qoxulu otları, təzə balıqdan olan yeməkləri, müxtəlif növlü çaxırları siz okeanın cənub-şərq sahillərində yerləşən restoranlarda görə bilərsiz. 

İlk baxışda sadə görünsə də, bu mətbəx öz zənginliyi ilə seçilir. Çünki o, özündə bir çox kontinentin, ölkələrin və Aralıq dənizi sahillərində yaşayan xalqların ən yaxşı mətbəxt ənənəsini və eləmentlərini daşımaqdadır. 

İspan mətbəxti öz unikallığı ilə seçilir. Axı hər bir regionun qısqanclıqla və böyük ehtiyatla qorumağa çalışdığı özünəməxsus mətbəxt ənənəsi var. Bu regionun mətbəxti, mənə öz ölkəmi xatırladır.  

Eyni zamanda, yalnız İspaniyaya məxsus olan ümumi xətləri də fərqləndirmək mümkündür. Bura əti və tərəvəzi çaxırla yumaq, qrili hazırlarkən yalnız ətdən deyil, tərəvəzdən və  qoyun pendirinidən istifadə edilməsi və nahəyət, yemək hazırlarkən bir çox vegatativ – göyərti, zeytun, qoz və ədviyyat - məhsullarından istifadə edilməsi daxildir. 

Amma bir az lirik haşiyədən sonra yenidən Bakıdakı "ispan” relallığına qayıdaq. "El Portalon” Dövlət Bayraq Meydanı və yeni tikilmiş Olimpia Su Hovuzunun yanında yerləşir. Xəzərin sahilinə yaxın olması ona simvolik məna da verir. Bu məkanda bir neçə dəfə olsam da, bu yazıda axırıncı səfərimin təəssüratlarını yazacam.  

Bu restoran yeni açıldığı üçün çox az adamın ondan xəbəri var. Bu səbəbdən, sizə məkanın səliqə-səhmanlığı və heyrətamiz interyeri haqqında məlumat vermək istəyirəm.

Daxili interyer ənənəvi Aralıq dənizi formasında hazırlanıb və 19-cu əsr arxitekturasını xatırladır. Burada ağacdan hazırlanmış elementlər və divarların ornamental formada bəzədilməsi diqqəti çəkir. 

Restoranın arkası və düz tir konstruksiyalar qaraldılmış ağaclardan hazırlandığı üçün qədimilik havası verir. İnteryerin solğunlaşdırılmış tonu insanda keçmişə səyahət illuziyası yaradır. Məkana xüsusi rahatlıq havası verən elementlərdən biri də, bal rəngli şamdanlardır. Onlar bütün məkan boyu düzülüb.  

Zalın ortasında yerləşdirilmiş soba isə yalnız dekorativ məqsəd daşımır, həm də istilik verir. 

Şəhərdə geniş yayılmış beykerlərin ümumi qənaətinə görə, restoran İspaniyada – Marlberidə -  yığılaraq Bakıya gətirilib. Amma elə ilk gündə, restoranın İspaniyadan olan sahibi, bizə bu fikrin tam əksini söylədi. O bildirdi ki, bu hələ Marbelidə olan restoranın surətidir. Bizim üzümüzdəki məyusluğu gördükdən sonra bizi, Marbelidə olan restoranına dəvət etdi. Məkanın açılması ilə bağlı uydurulmuş bu kimi yadda qalan maraqlı və sehrli nağıl ilə tez vidalaşmaq asan olmadı. Axı, bu kimi tarixçə onu yaddaşda daha çox saxlayardı.

Yemək hissəsinə keçməmişdən əvvəl qeyd edim ki, məkanın daxilində həm də bar yerləşir. Siz orada oturub gözəl ispan çaxırları, kokteyləri və bir çox məzələr dada bilərsiz.

Stolu biz şənbə günü üçün sifariş vermişdik. Əgər siz, yeməyə çıxarkən heç bir problem yaşamaq istəmirsinizsə, öncədən məkana xəbər verib, yer sifariş verməyi unutmayın. 

Axşam saat səkkizdən sonra yaxın dostlar ilə restoranın qapısından içəri daxil olduq. Mənə elə gəlir ki, axşam yeməyi üçün bu ən gözəl vaxtdır. Təəcüblüdür, amma həmin vaxt restoranda boş yerlər çox idi. Bakılılar isti sevər olsalar da, bu soyuq qış vaxtı, qarda evlərindən çıxmaq istəməmişdilər. Bu elə yaxşı da oldu, çünki genişlik rahatlıqdır...

Uzun müddətdir yolunu gözlədikləri qonaq kimi bizi qarşıladılar. Həmin vaxt çöldə möhkəm külək və qar olduğundan, bizə sobanın yanında durub isinməyi məsləhət gördülər.  

Bir müddət isindikdən və məkana öyrəşdikdən sonra klassik ispan qəlyanaltısı olan "tapas” yeməyə başladıq. Daha sonra aşpazın tövsiyəsi ilə biz içərisində ispan kolbasası, pendiri olan assorti sifariş verdik. Hər şey cəlbedici, təzə və çox dadlı idi.  Avropa tərzində təlim görmüş İspan administrator, bizim yemək və içki istəklərimizi söz ağzımızdan çıxmamış göydə tuturdu. 

İlkin aclıq hisslərimizi basdırdıqdan sonra, kardinal şəkildə dadı dəyişərək, növbəti qəlyanaltılara keçdik. İndi biz su təamları yeməyə hazırlaşırdıq. Bura hissə verilmiş qızıl balıq, üzük formasında döyülmüş kalmar və giləmeyvəli ördək qaraciyəri daxil idi. 

Amma kalmarlar çox sərt və dadsız idi. Onun üzərinə vurulmuş sous da, dadsızlığa kömək etmədi. Amma ördək qaraciyəri öz xoş rahiyəsi və ləzzətli dadı ilə bizim ilkin çaşqınlığımızı aradan qaldıraraq, əvvəlki xoş əhval-ruhiyyəyə qaytardı. 

Soyuq qəlyanaltırlarla işimizi bitirdikdən sonra böyük bir həvəslə isti yeməklərə girişdik. Bizim diqqəti, pendirli ilbiz və ənənəvi ispan "ratatule”-si çəkdi. Daha sonra öyrəndik ki, kiçik ilbizləri pendirlə sarıyır və suda qaynadırlar. Pendirin içində qalan ibliz çox yumşaq və dadlı olur. "Ratatule”  yeməyinin içərisində çoxlu sayda tərəvəz, badımcan və otlar var. Onların hamısı tomat sousunda qaynadılır. İspan  "ratatule”-sinin digər ənənəvi "ratatule”-lərdən fərqi odur ki, birincini hazırlayərkən daha az miqdarda pamidordan və tərəvəzdən istifadə edilir və onlar ənənəvi dəyirmi formasında deyil, kubik formasında kəsilir. Prinsip etibari ilə, əcəbsandala çox bənzəyir, amma ətsizdir. Hazırlanması da göründüyü qədər sadə deyil. Ən çox diqqət edilməli məqam odur ki, bu yeməyi hazırlayərkən tərəvəzlərin həddən artıq yumşalmasına imkan vermək olmaz. Hətta yaxşı olardı ki, onlar yeyilərkən ağızda xırçıldasın. Doğurdan aşpazın buna necə nail olduğu çox maraqlıdır. Çətin ki, sirlərini bizimlə bölüşsün.  

Bir az fasilədən sonra əsas yeməkləri sifariş verdik. Şərabda pörtlədilmiş öküz quyruğu, dana yanaqları, "şirin kartof” qarniri ilə bir yerdə donuz balası və pürə formasında hazırlanmış "batata”  seçimlərimiz sırasına daxil oldu. Qeyd üçün deyim ki, "batata” uzunsov, böyük kök yumrularıdır. Hardasa kartofu xatırladır. Üz qabığı ağ,  çəhrayı, yaşıl və narıncı rəngdə olur. Yumşaqlığından əlavə, sulu, zərif dərisi və şirin dadı ilə balqabağı xatırladır.

Öküz quyruğu fikrimcə, düzgün hazırlanmışdı. Ətin zərifliyi və çaxırın xoş ətri ilə qarışmışdı. Quyruq delikatesi ilə işi bitirdikdən sonra dana yanaqlarından hazırlanmış yeməyə keçdik.

Xüsusi reseptlə hazırlanmış bu yeməyə avstriyalı ət satanlar "paryüra” deyirlər. "Paryüra” zərgər bəzəyi deməkdir. Dana yanaqları yarım kürə formalı ətdir. Onun üzəri kollajen damarlarla ötrülüdür (bu damarlar yanaqların hazırlanmasına ipək xəfifliyi verir. Bu ət, o qədər zərifdi ki, onu qaşıqla da kəsmək olur. Bu yemək ağızda yayılır amma formasın itirmir).  Öz xarici görnüşü və dadına görə "paryüra” sözünə tam layiqdir. Bu kimi xüsusi dadlı yemək üçün aşpaza məxsusi təşəkkür edirəm. 

Əgər yazını bu major notlarla bitirmiş olsaydım, sizin qarşınızda yalançı, öz qarşımda günaha batmış olardım. Bu bal boçkasına qətran qatmağa məcburam. 

Buna səbəkar isə qızardılmış donuz balası və kartof püresi oldu. Donuz balası kifayət qədər dadlı görünürdü. Yemək iştahı bizdə boy göstərmişdi. Amma təəssüff ki, xarici görünüş aldadıcı oldu. Bu "yaramaz” yaz maçası kimi mayasız oldu. Bəli, bəli, bəli səhv eşitmədiniz. Bu yeməyin tərkibində duz, istiot və digər ədviyyatlar çatışmırdı. Bu necə baş verib anlamırdım. Ola bilsin, aşpazlar yeməyi birşirərkən, bir-birinə ümidli olub və beləcə bu kimi prestijli restorana yaraşmayan yemək ərsəyə gəlib.

Kartof püresinə gəldikdə, bu ayrıca söhbətin mövzusudur...

Əziz dostlar, əgər siz elit brend adı altında nəsə oyun qurursunuzsa, dadı ilə zirzəmidə hazırlanmış havasını verən primitiv və eyni xassəli qarnir hazırlamaq olmaz.  Püre parçalara ayrılmış formada və az yağda hazırlanmışdı. Ən dəhşətlisi o idi ki, püreyə acı dad verən və qoz qoxusunu andıran Zirə toxumu səpilmişdi. Mən anlayıram ki, hər bir aşpazın improvizasiya etmək hüququ var, amma bizim durumumuzda, bu uyğunsuz və uğursuz alınmışdı. 

Bir dəfə, dostlarımla Paris restoranlarının birində düz dörd dəfə kartof püresi sifariş vermişdik. Biz anlaya bilmirdik ki, aşpaz bu sadə püredə dadların gözəl harmoniyasına necə nail ola bilib. Üzərindən beş il ötsə də,  mən hələ də, o dadı unuda bilmirəm. Bu elə böyük mətbəxt incəliyinin göstəricisidir. Ümid edirəm ki, növbəti səfərimdə, restoranın aşpazı pürenin hazırlanmasını və yeməklərin bişirilməsinə əvvəldən axıra kimi nəzarət etməyi tam öyrənəcək. 

Amma bu kimi səhvlər, ümumi yeməkdən aldığımız xoş duyğuları poza bilmədi. Xoş əhvalda biz restroranı tərk etdik. Növbəti şənbə gecəsinə kimi, hələlik.   

 ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM