Azərbaycan türkləri “İran” mənşəli deyillər

11:10 | 06.04.2015
Azərbaycan türkləri “İran” mənşəli deyillər

Azərbaycan türkləri “İran” mənşəli deyillər

Aydın Balayev
Tarix Elmləri Doktoru

Azərbaycan etnosu orta əsrlərin karvan yollarının üzərində məskunlaşıb. Bu yol Aralıq dənizi ilə Avropanı, Hindistan və Çini, eləcə də qərbi Sibir və şimal-şərqi Rusiya ilə İranı, Bizansı, ərəb ölkələrini birləşdirib.

Avropa və Asiyanın qovşağında yerləşən bu ərazidə xalqların daimi köçü və miqrasiyası baş tutub. Bununla bərabər bu regionun təbii resursla zəngin olması və strateji mövqeyi onu bir çox işğalçılar üçün daha da cəlbedici edib. Yuxarıda sadalanan səbəblərdən dolayı Azərbaycan türklərinin etnogenezi, xalqların aktiv təmas zonasına, dil və mədəniyyətlərin sintezinə çevrilib. Beləliklə, Azərbaycan etnosunun formalaşması prosesi çox ağır və ziddiyətli olub.

Amma Azərbaycan türklərinin entik tarixinin həm milli səviyyədə, həm də xarici tarixçilər tərəfindən zəif öyrənilməsi, təkcə obyektiv səbəblərdən deyil, eləcə də siyasi səbəblərdən qaynaqlanır. Unutmaq lazım deyil ki, bu problem yalnız elmi yox, həm də siyasi əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, müəyyən tarixi proseslərdən dolayı Azərbaycan türklərinin Sovet İttifaqı və İranın tərkibində yaşadığı dönəmdə hər iki rejim öz siyasi məqsədləri üçün problemdən istifadə ediblər. Bu səbəbdən Sovet və İran tarixçiləri məlum problemə elmi tərəfdən deyil, tam ənənəvi imperiya siyasəti çərçivəsində yanaşıblar.

Sovetin idealogiyasında sinfi yanaşma ümuminsani və milli dəyərlərdən üstün tutulurdu. Bu səbəbdən tamamilə təbii olaraq, milli faktorun ümumi idealoji faktora təsirini neytrallaşdırma üçün Sovet höküməti energetik şəkildə manqurtlaşma – "saxta lozunqlar vasitəsi ilə xalqların milli yaddaşını silmək” – siyasəti aparıblar. Beləliklə, onlar bu yol ilə siyasi kurslarını rahat şəkildə həyata keçirtməyə imkan qazanırdılar.

Bu siyasətin "gözəlliyini” Azərbaycan türkləri özlərində çox yaxşı hiss ediblər. Sovet rejiminin manqurtlaşma siyasətinin əsas komponentlərindən biri Azərbaycan türklərinin etnik tarixinin tamamilə saxtalaşdırması olub. Müstəqillik qazansaq da, bu siyasətin nəticələri hələ tam aradan qalxmayıb. Belə ki, Azərbaycan türklərinin iranlı başlanğıcı haqqında sovet "elmi nəzəriyyəsinin” irəli sürdüyü fikirlər milli tariximizdə dərin izlər qoyub.
 
ХХ əsrin 50-ci illərində o zamanki Kreml idarəçilərinin göstərişləri ilə  əsası qoyulan bu "nəzəriyyə”yə görə tarixçilər Azərbaycan türklərinin indiki yaşadıqları yerə sonradan gəlmə olduqları və müasir azərbaycanlıların türk etnosuna aid olmadıqlarını irəli sürürdülər.   Tarixi faktların manipulyasiyası ilə olan bu tarixçilər Azərbaycan türklərinin türk etnosu ilə genetik yaxınlığını inkar etməyə çalışırdılar. Ortada olan açıq-aşkar faktlara baxmayaraq onlar iddia edirdilər ki, Azərbaycan türkləri türkləşmiş farslardır. Bunun "nəzəriyə” vasitəsi ilə onlar, türk dilində danışan insanların bura sonradan gəldiklərini isbat etməyə çalışırdılar.

Tarixin bu şəkildə saxtalaşdırılmasının siyasi məqsədləri uzun müddətli gələcək üçün hesablanmışdı. Burada məqsəd Azərbaycan türklərinin etnik yaddaşını məhv etmək idi. Bununla birgə qeyd edək ki, bir etnosun yaşaması və tarixdə qalması üçün onda varislik prinsipi olmalı və onun yaradıcılığı gələcək nəsillərə ötürülməlidir.  Və əgər bu iki əsas ötürücülük arasında münasibət deformasiyaya uğrayırsa, o zaman etnik ümumiliyin məhv olması və yoxa çıxması prosesi baş verir.

Azərbaycan etnosunun iranlı kökləri haqqında "nəzəriyyə”ni irəli sürən müəlliflərin məqsədi, manqurtlaşma vasitəsi ilə azərbaycanlı etnosun sovet kimliyinə rahat şəkildə inteqrasiya olunmasını təmin etmək idi. Digər məqsəd isə Azərbaycan türklərinin Türkiyənin siyasi-mədəni təsir altına düşməsi təhlükəsindən qorumaq idi. Bu "nəzəriyyə”nin əsaslılığını şübhə altına almaq istəyən istənilən fikir isə ciddi şəkildə boğulurdu.

Stalinizm və brejniyevçilik zamanı ilə müqayisədə, siyasi durumun yumşalmağa  başladığı "yenidənqurma” dönəmində belə bu "nəzəriyyə”nin tərəfdarlarından biri "Qədim tarixin bülleteni”nin səhifələrində yazırdı: "Yaxın Şərq torpaqlarında türk elemetlərinin qədim kökləri barədə irəli sürülən fikirlər, son nəticədə pantürkistlərin və türk millətçilərinin ideyalarına gedib çıxır”.  

Qeyd etmək yerinə düşər ki, 20-ci əsrin 50-ci illərində Sovet tarixçiləri tərəfindən Azərbaycan etnosunun iranlı kökləri barədə irəli sürülən "nəzəriyyə” paniranizmin əsas qurucularından biri olan A.Kəsrəvinin kopyalanmış fikirləri idi. A.Kəsrəvi bütün yaradıcılığını Azərbaycan etosunun türk köklərini inkar etməyə həsr edib. Azərbaycanın türkləşdirilməsi ilə bağlı bu "nəzəriyyə”nin bazisi, onun ХI-ХII əsrlərdə türkləşməsi üzərində qurulub. Həmin bu fikirlər də A.Kəsrəvinin "Azəri və yaxud Azərbaycanın qədim dili” adlı 1926-cı ildə fars dilində Tehranda nəşr olunmuş kitabından götürülüb.

A.Kəsərvinin bu kitabı fars əsilli Pəhləvilərin 1925-ci dildə hakimiyyətə gəlməsindən bir il sonra işıq üzü görüb. Bu çətin ki, təsadüf olsun. Bu müddətə kimi, təxminən min ilə yaxın, İran torpaqlarında ağalıq edənlərin heç biri fars əsilli olmayıb. Bunun əvəzində türk tayfaları İranın siyasi hakimiyyətində ağalıq edib. Türk tayfaları olan Səfəvilər və Qacarların dörd yüz il İranda siyasi hakimiyyətdə olması buna bariz sübutdur.  

Təsadüfi deyil ki, Pəhləvilərin hakimiyyətə gəlməsinə kimi Azərbaycan türkləri İran ictimai həyatında mühüm vəzifələr tutaraq ciddi rola sahib idilər. Bununla barışmayan Pəhləvilər qisas almaq istəyirdilər. Bunu etmək üçün onlar Azərbaycan türklərini vacib dövlət və ictimai vəzifələrdən uzaqlaşdırmağa başladılar. Digər tərəfdən Azərbaycan türklərinin dil və mədəniyyəti farslaşdırılmağa başlanıldı. Bu şovinist siyasətin əsasını fomalaşdıran şübhəli nəzəriyyənin müəllifi, A. Kəsrəvi əslində Azərbaycan türki idi. Bununla Pəhləvi tayfası A.Kəsrəvi qarşısında dəqiq siyasi məqsəd qoydu – nəyin bahasına olursa olsun, Azərbaycan türklərinin İran mənşəli olduğu sübut olunmalı idi. A.Kəsrəvi isə onun qarşısında qoyulmuş bu tapşırığı yerinə yetirmək üçün, tarixi faktları saxtalaşdıraraq ona "elmi” görünüş verərək, siyasi paradiqmaya uyğunlaşdırmağa çalışdı.  

Harvard Universitetinin Con Kennedi adına məktəbinin Xəzər dənizi üzrə araşdırmalar aparan tədqiqatçısı B.Şaffer yazırdı ki, A.Kəsrəvinin Azərbaycan tarixinə yanaşması onun idealoji və siyasi baxışlarını müəyyən edirdi.  A.Kəsrəvinin yaradıcılğına eyni münasibəti B.Şafferdən əvvəl, fars dili ilə bağlı məşhur Sovet şərqşünası B.V.Miller sərgiləmişdi. A.Kəsrəvinin yaradıcılığını tədqiq edən B.V.Miller 1930-cu ildə yazırdı: "Kəsrəvi möhkəm əmin idi ki, bütün Fars torpağında yalnız fars dili ola bilər. Onun düşüncəsinə görə, Azərbaycan torpağının uzun müddət fars dili təsirindən kənar qalmasına baxmayaraq, son nəticədə fars dili türk dilini sıxışdıraraq onu aradan qaldıracaq”.  B.V.Millerinin dediyi kimi, "fars patriotu” olan A.Kəsrəvi "Azərbaycan terminindən istifadə edərək Zaqafqaziyada olan türk respublikasına işarə edilməsindən xoşu gəlmirdi”.

Əlbəttə ki, biz Azərbaycan etnosunun formalaşmasında Qafqaz dillərinin və İran elementlərinin təsirini inkar edə bilmərik. Onlar əsrlərlə bir yerdə çiyin-çiyinə yaşayıblar. Ən önəmlisi, müasir dünyada elə bir etnos yoxdur ki, digər etnoslarla qarışmasın və Azərbaycan da bu mənada istisna deyil. Amma bunu da qeyd etməliyik ki, Azərbaycan etnosunun formalaşmasında əsas dominant rol türk tayfalarına məxsusdur.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM