Türkiyədə təhsil nə ilə fərqlənir? - SORĞU

12:16 | 03.04.2015
Türkiyədə təhsil nə ilə fərqlənir? - SORĞU

Türkiyədə təhsil nə ilə fərqlənir? - SORĞU

Son illər Azərbaycandan Türkiyəyə tələbə axını artmaqdadır. Türkiyədə təhsil nədən bu qədər cəlbedici olmağa başlayib? Eyni ixtisaslar üzrə Azərbaycanda da təhsil almaq varkən niyə məhz Türkiyə? ANN.Az xəbər portalının əməkdaşı bugünlərdə Türkiyədə ayrı-ayrı ixtisaslar üzrə təhsil alan tələbələrlə görüşüb və onlar arasında bu suallarla bağlı sorğu təşkil edib:

1. Niyə məhz Türkiyədə təhsil almağa qərar verdiniz?


2. Türkiyədəki təhsil nə ilə fərqlənir?


3. Təhsili başa vurduqdan sonra Azərbaycana qayıdacaqsınızmı?


4. Təhsil almaq üçün Avropa və Türkiyə arasında seçim imkanınız yaransaydı, hara getməyə üstünlük verərdiniz?


5. Türkiyədə sizi narahat edən problemlər varmı?

ANN.Az Türkiyədə təhsil alan tələbələrin bu suallara verdikləri cavabları təqdim edir:

Könül Vəlizadə (Orta Şərq Texnik Universitetinin (ODTU) tələbəsi):
 
 
 

1. Təhsil aldığım universitet sadəcə Türkiyədə deyil dünyada da ən yaxşı universitetlərdən biri hesab olunur. Bu səbəbdən də qarşıma belə bir fürsət çıxdığına görə bura gəlməyə bilməzdim və Türkiyədə təhsil almaq imkanından çox razıyam.


2. OTDU-də təhsil tamam ingilis dilindədir. Burada təhsil almaqla yanaşı ingiliscə sərbəst danışmağı öyrənmiş oldum. Əminliklə deyə bilərəm ki, burada çox güclü təhsil sistemi mövcuddur.


3. Avropa və Türkiyə təhsil sistemində fərqliliklərin nədən ibarət olduğunu deyə bilmərəm, amma onu bilirəm ki, OTDU dünya səviyyəli bir təhsil müəssisəsi olmaqla Türkiyədə digər ali məktəblərdən fərqlənir.


4. Əgər məni yaxşi bir təklif gözləyirsə, əlbəttə qayıtmağı düşünürəm. Karyera və yüksəlişlə bağlı heç bir təklifə yox demərəm. OTDU-dən üstün bir universitet olsaydı, Avropada təhsili seçərdim. Amma Avropanın digər hər hansı bir universitetində oxumağı seçməzdim.


5. Kampüsdə yaşadığım üçün Türkiyənin problemləri ilə çox üz-üzə gəlmirəm. Dərs yükünə görə tədris müddəti boyu çox sosiallaşmaq olmur. Şəhərlə yad olmaq bir az insanı sıxır.





Fövqi Əfəndiyev (Orta Şərq Texnik Universitetinin (ODTU) tələbəsi):
 
 
 

1. OTDU-nin reytinqinin Azərbaycandakı universitetlərdən çox yüksək olmasını və təhsil səviyyəsini nəzərə alaraq burada oxumağa qərar verdim.


2. Türkiyədə təhsil akademik kadrları ilə çox fərqlənir. Bizim universitetdəki kadrların çoxu xaricdə təhsil alaraq ölkələrinə dönüblər. Əsas üstünlük isə təhsilin ingilis dilində olmasıdır.


3. Təhsili başa vurandan sonra iş üçün müraciət edəcəyəm. Azərbaycandan və Türkiyədən alacağım təklifləri dəyərləndirdikdən sonra qəti qərar verəcəm.



4. İndi də Avropada oxumaq imkanım olsa mən Türkiyəni seçərəm. Ona görə ki, maddi cəhətdən mənim üçün daha uyğun olan ölkə Türkiyədir.


5. Hər tələbə kimi maddi problemlərdən başqa məni Türkiyədə narahat edən nəsə yoxdur. OTDU-ya kənardan hər hansı müdaxilə olunmur deyə hər hansı mənfi bir şey hiss etmirəm.

 
 
Azər Haqverdiyev (Orta Şərq Texnik Universitetinin (ODTU) tələbəsi):



1. Türkiyə universitetlərindən birini seçməyimin əsas səbəbi buradakı təhsil sisteminin şəffaf olmasıdır. Eyni zamanda nə qədər yaxın olsaq da, nisbətən fərqli mədəniyyətə malikik. Onunla da tanış olmaq xeyli maraqlıdır.


2. Türkiyədəki təhsil bizim təhsil sistemimizdən xeyli fərqlənir. Hazırda Azərbaycanda da keyfiyyətli təhsil verilməyə başlayıb. Amma Türkiyə təhsil sisteminin həm keyfiyyətli olması, həm də şəffaflığı xeyli üstünlük gətirir. Burada oxuyub yaxşı mütəxəssis olmaq mümkündür.


3. Təhsili bitirdikdən sonra Azərbaycana dönməyim sual altındadır. İxtisasım üzrə iş yerləri Azərbaycanda hələ ki çox azdır. Amma dönmək istərdim.


4. Avropa ilə Türkiyə arasında oxumaq üçün seçim olsaydı, yəqin ki Avropanı seçərdım. Amma Avropadakı universitetlər də bir-birindən fərqlidir.


5. Əcnəbi statusumuz var deyə Türkiyədə bu üzdən bizə müəyyən problemlər yaranır. Misal üçün, sosial durumumuzun yaxşılaşması üçün "part time” iş tapmaq belə çətin olur.
 
 
 
Günel Əsgərova (Orta Şərq Texnik Universitetinin (ODTU) tələbəsi):
 
 
 

1. Türkiyədə oxumağa qərar verməyim təsadüf nəticəsində olub. 11-ci sinifdə oxuyarkən TQDK imtahanlarına hazırlaşarkən atam Ankaraya gəzməyə gəlmişdi və OTDU ilə yaxından tanış olmuşdu. Qayıdandan sonra mənə "orda oxumağa nə deyirsən” soruşdu. Qərarımı dəyişib qalan yarım il ərzində Türkiyə ali məktəblərinə daxil olmaq üçün imtahana hazırlaşdım.


2. Türkiyədəki təhsil bir çox aspektdən Azərbaycandakından fərqlənir. Ən əsası da tələbənin biliyinin obyektiv dəyərləndirilməsinə görə. Tələbə-müəllim münasibətlərinin də burada dostca olması mənim dəyər verdiyim xüsusiyyətlərdəndir. Müəllimlə istədiyin zaman ünsiyyət qura bilirsən ki, Azərbaycanda bunun o qədər də inkişaf etmədiyini düşünürəm.


3. Ailənin tək övladı olduğuma görə təhsilimi başa vurandan sonra Azərbaycana dönəcəyəm.


4. Avropa ilə Türkiyə arasında seçim etmək lazım olsaydı, mən Türkiyəni seçərdim. Həm coğrafi baxımdan daha yaxınıq, həm burada yaşayan yaxınlarım var, həm də gəlib-getmək daha rahatdır.


5. OTDU böyük bir təhsil qurumudur, bütün günümüz burada keçir və bütün işlərimizi orada görürük. Universitetdən kənara çox çıxmadıgımız üçün bizi incidən hər hansı bir məsələ yoxdur. Burada da güvəndəyik.
 
 
 
Orxan Əhmədli (Orta Şərq Texnik Universitetinin (ODTU) tələbəsi):

 
 
 
 
1. Əslində Türkiyədə deyil, OTDU-da oxumağa qərar vermişdim. Bu universitetin təbliğatı Azərbaycanda çox güclü idi.


2. Təhsilin səviyyəsi bəlkə də Azərbaycandakından çox fərqli deyil, amma OTDU universitet mədəniyyəti, oxumaq mədəniyyəti fərqlidir.


3. İxtisasım sənaye və neft sahəsi ilə bağlı olduğuna görə təhsili başa vurandan sonra Aəzrbaycana qayıtmağı düşünürəm.


4. Avropa və Türkiyə arasında seçim etməli olsaydım əsasən OTDU-dan daha səviyyəli universitet kriteriyasına üstünlük verərdim. Unutmaq olmaz ki, Avropada da OTDU ilə müqayisə edilməyəcək qədər aşağı səviyyəli universitetlər də var.


5. Universitet kampüsündə yaşadığım üçün çox da hər şeylə iç-içə olmuruq, bəlkə bu səbəbdən məni burada narahat edən hər hansı bir problemlə qarşılaşmamışam.


Məhəmməd Əfəndiyev (İhsan Doğramacı Bilkənt Universitetinin tələbəsi)
 
 
 

1. Mən türk litseyinin məzunuyam. Bizə veriləcək təhsillə universitet təhsilimin uyğun olmasını düşünərək Türkiyədə oxumağı seçdim. Türkiyədəki universitetlərin dünyadakı reytinqini, burada dərs verən professor və digər müəllimlərin təhsil aldıqları ali məktəbləri də nəzərə alaraq Bilkənt Universitetinə gəldim. Təhsilimin davamını Amerika və ya Avropada almağı düşünürəm.


2. Türkiyədəki təhsil kreativliyi ilə fərqlənir. İstər imtahanlar, istər verilən tapşırıqlar olsun, təhsilin formatı əzbərə deyil, öz üzərində çalışmağa və praktikaya söykənir. Universitetlərə dövlət səviyyəsində və universitet səviyyəsində güclü yatırımlar edilir və bunun sayəsində istər laboratoriyalar, istər tələbələr üçün qurulmuş şərait çox gözəldir.


3. Burada təhsilimi başa vurduqdan sonra dərhal Azərbaycana dönməyi düşünmürəm. Təhsilimi daha da təkmilləşdirmək, magistratura və doktoranturamı da başa vurandan sonra dönməyi planlaşdırıram.


4. Amerika, Avropa və Türkiyənin bir neçə universiteti arasında seçim edərək Bilkənt Universitetini seçmişəm. Avropa və ya Amerikada oxusaydım tək üstünlük ingilis dilindən daha mükəmməl istifadə edə bilmək olacaqdı. Burada təhsil ingiliscə olsa da günlük həyatda və dostlar arsında daha çox türkcə danışırıq ki, bu da əcnəbi dilin haradasa məhdud istifadə olunması deməkdir. Avropada isə bu olmayacaqdı. Akademik səviyyəyə gəlincə, Bilkənt Universiteti heç də Avropa universitetlərindən geri qalmır.


5. Türkiyədə çox nadir hallarda ayrı-seçkiliklə qarşılaşırıq. Bəzi hallarda digər xarici tələbələri bizdən üstün tuturlar. Bu xoş deyil, amma yaxşı ki çox yayqın da deyil. Amma sosial həyatda demək olar ki, hər hansı narahatçılığımız yoxdur. Türklər bizimlə qardaş millət olduğunu hər zaman sərgiləyir.
 
 
 
 
Günay Abbaszadə (İhsan Doğramacı Bilkənt Universitetinin tələbəsi)

 
 
 
1. Mənim uşaqlıqdan xəyalım idi Türkiyədə təhsil almaq. Ailəm də qərarımı dəstəklədi və Bilkənt Universitetində təhsil almağa başladım.

2. Bilkənt Universitetinin psixologiya fakültəsində oxuyuram və burada daha üstün təhsil verildiyi qənaətindəyəm.

3. İxtisasımda özümü yetərli qədər güclü hiss etdiyimdə Azərbaycana dönüb yararlı olmağı düşünürəm.

4. Avropa və Türkiyə arasında seçim etməli olsaydım yenə Türkiyəni seçərdim. Çünkü mədəniyyət və dil baxımından çox yaxınıq və burada özümüzü çox rahat hiss edirik. Avropa və ya başqa bir ölkədə bu qədər rahat ola biləcəyimizə inanmıram.

5. Burada hər hansı bir problemlə üzləşməmişəm. Bəlkə universitet kampüsündə yaşadığım üçündür. Ona görə də bu suala dəqiq cavab verə bilməyəcəyəm.


Sorğunu keçirdi Şəhla Əbusəttar Yaman

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM