"Mərkəzi Bank start verdi" - AÇIQLAMA

16:31 | 13.07.2015

"Mərkəzi Bank start verdi" - AÇIQLAMA

Bu gün Mərkəzi Bank bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən 2 bankın taleyi müəyyənləşdirilib. Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında "EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.

İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın "EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, "Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərarı gözlənilən hesab edir. Ekspert özünün "Facebook" hesabından yaydığı şərhdə deyir ki, yəni bu banklar məcmu kapitalın 50 milyon manata qaldırılması ilə bağlı normativinə əməl edə bilməyiblər: "Əslində yanvar ayından adıçəkilən bankların fəaliyyəti dayandırılmalı idi. Ancaq ötən ilin sonlarında başlayaraq bank sektorunda gərginliyin artması Mərkəzi Bankı qərar verməkdən çəkindirdi. Hesabatlarda da 5 bankın ləğvetmə prosesində olduğu görünürdü və onların 4-nün məcmuu kapitalının 50 milyon manatdan az idi. Həmin banklar barədə qərarın çıxarılması zaman məsələsi idi".

S.Əliyev onu da əlavə edib ki, banklarla bağlı çıxan qərar mövcud böhranla bağlı deyil: "Hazrki böhrandan zərbə almış bankların taleyi ilə bağlı qərarlar barədə sonra xəbər tutacağıq. Barəsindən "ölüm” hökmü çıxarılan banklar haqqında onu demək olar ki, onlar kiçik banklardır. Bazar payları heç 1 faiz deyil. "Evrobank” ASC Əmanətlərin Sığortalanması Fondunun da üzvü deyildi. Filialı da yoxdur. Düşünürəm ki, "Azərbaycan Kredit Bankı” ASC-nin də gələcək taleyi "Evrobank” kimi olacaq və lisenziyası əlindən alınacaq,  ya ən yaxşı halda başqa banka birləşdiriləcək".

Hamını bir sual düşündürür. Digər bankların da bağlanmaq təhlükəsi varmı? Ekspert qoyduğu bu suala belə cavab verir: "Bəli. Bankların taleyi ilə bağlı qərarı Mərkəzi Bank verir və buna görə də qəti hökm vermək düzgün olmazdı. Ancaq ehtimallar göstərir ki, bu proses bununla bitməyəcək. Əlavə olaraq bir neçə bankın da bağlanmasına başlanacaq.  

Ümumən götürəndə Mərkəzi Bankın konsolidasiya prosesinə start verdiyini söyləmək olar".

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM