Metropoliten ərazisindəki köşklərin taleyi necə olmalıdır? – AÇIQLAMA

14:36 | 12.03.2014
Metropoliten ərazisindəki köşklərin taleyi necə olmalıdır? – AÇIQLAMA

Metropoliten ərazisindəki köşklərin taleyi necə olmalıdır? – AÇIQLAMA

Metro keçidlərində ticarət obyektlərinin sökülməsi xəbəri köşk sahiblərini hərəkətə gətirib. İllərdir həmin keçidlərdə kiçik sahibkarlıqla məşğul olan insanlar yeni rəhbərin təzə qərarından hiddətləniblər. Bu günə kimi metro keçidlərində ticarət obyektlərinin insanların sərbəst fəaliyyətinə maneələr yaratması barədə dəfələrlə yazılıb. Görünür, həmin obyektlərinin ləğv edilməsi bu günə təsadüf etməliymiş.

ANN.Az bu mövzu ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev müraciət edib. Onun sözlərinə görə, ticarət fəaliyyəti icarə müqaviləsi əsasındadırsa, hər şey o müqaviləyə görə tənzimlənməli və tərəflər bununla razılaşdırılmalıdır: “İlk növbədə müəyyənləşdirmək lazımdır ki, mülkiyyətçi kimdir. Təbii ki, mülkiyyətçi metropolitendir. Metropolitendə ticarət köşklərinin fəaliyyəti Nazirlər Kabinetinin xüsusi bir qərarı ilə tənzimlənməli idi. Çox təəssüf ki, belə bir qərar zamanında verilməmişdi. Belə bir qərarın olmamasına baxmayaraq, Metropoliten ərazisi fərdi sahibkarlara istifadəyə verilmişdi. Yəqin ki, həmin fəaliyyət icarə müqaviləsi əsasında reallaşdırılıb. Belə olmayıbsa, demək faciə daha böyükdür. Çünki xüsusi rejimli dövlət obyekti olduğundan həmin ərazi sahibkarların daimi istifadəsinə verilə bilməzdi. Ümumiyyətlə, Metropoliten ərazisində ticarət köşklərinin olması yolverilməzdir. Neçə illərdir Metropolitendə ticarət köşkləri var, deməli, bu fəaliyyət icarə müqaviləsi əsasında tənzimlənib. Belədirsə, icarə müqaviləsinin pozulmasının qaydası mövcuddur. Əvvəlcədən icarədarlara xəbərdarlıq edilir, daha sonra həmin müqaviləyə xitam verilir. Yaxşı olardı ki, həmin köşk sahibkarlarına müəyyən zaman verilərdi və onlar Metropolitendən kənarda öz ticarət fəaliyyətlərini davam etdirmək üçün özlərinə şərait yaradardılar. Əgər onlara heç bir xəbərdarlıq olunmadan belə bir hal baş verirsə, təbii ki, onların bir icarədar kimi hüquqları pozulur”.Hüquqşünas həmçinin bildirib ki, Metropolitendə əvvəlcədən ticarət obyektlərinin qurulması düzgün deyildi: “Çox təəssüf ki uzun müddətdir Metropolitendə kiçik sahibkarlar ticarətlə məşğul olur və dövlət orqanları buna göz yumurdu. Gün ərzində yüz minlərlə insan metrodan istifadə edir, keçiddən girib-çıxır. Sıxlıq yaranır, basabas olur. Əslində əvvəlcədən Metropoliten ərazisində ticarət obyektlərinin qurulması düzgün deyildi. Başa düşmək olar ki, ötən əsrin 90-cı illərdə işsizlik və ticarət mərkəzləri problemi var idi. Amma sonradan paytaxtın müxtəlif yerlərində ticarət mərkəzləri istifadəyə verildi və kiçik sahibkarlığa şərait yaradıldı. Yaxşı olardı ki, Metropolitendəki ticarət obyektləri zamanında həmin mərkəzlərə köçürülərdi. İndi köçürülürsə, hər şey qanuni şəkildə olmalıdır. O insanların yeni mərkəzlərdə fəaliyyətinə təminat verilməlidir. Təsəvvür edin ki, bir ailə başçısı bir gün qəflətən bütün gəlirlərindən məhrum olur və bu addım qətiyyən yolverilməzdir. Yəni, atılan addımda balansı qorumaq mümkün idi, təəssüf ki, buna da əməl olunmur. Ola bilər ki, həmin ticarətçilərin kiməsə bağlılığı olsun və qəflətən sökülmənin arxasında hansısa başqa məqamlar dayansın. Amma mən onlara bir vətəndaş, bir ailəsinə çörək aparan kiçik sahibkar kimi baxılmasının tərəfdarıyam. Havalar istiləşməyə doğru gedir və problem mərhələ-mərhələ həll olunsaydı, daha yaxşı olardı. Amma sahibkarlar da bilməli idi ki, mövcud qərar gec-tez veriləcəkdi”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM