Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteniişçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Qapılarını 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açan Bakı metrosu ötən 48 ildə böyük inkişaf yolu keçib.
İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrildi.
Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.
Dövlət başçısı İlham Əliyev metropolitenin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir. "İçərişəhər”, "Koroğlu”, "28 May” stansiyaları yenidən qurulub. Bu gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2016-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Avtovağzal” və "M.Əcəmi-2” stansiyalarında artıq son tamamlama işləri görülür.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !