Azərbaycandan gəlmiş ziyarətçilər ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar. Həmin çiçəkləri görən zaman qürur duyuram.”
"Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi”
Əhməd Güvənç – Türk musiqi tarixinin ən önəmli simalarından biri, əfsanəvi musiqiçi, gitarist. Məşhur "Kurtalan Ekspres” qrupunun baş gitaristi olan Əhməd Güvənç Barış Mançonun vəfatına qədər onunla birlikdə çalışıb, yaxın dost olublar. O, uzun illərdir ki, yaddaşlardan silinməyən, dillər əzbəri olmuş "Gülpembe” və "Dönence” adlı mahnıların bəstəkarıdır.
Əhməd Güvənç Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun nəticəsidir. O, 1951-ci ildə Əhməd bəy Ağaoğlunun nəvəsi Suna Gülərin birinci nikahından dünyaya gəlib. Mərhum Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıran isə Türkiyənin Qars bölgəsinin ilk qadın millət vəkili olub. Qeyd edək ki, ölkə rəhbərinin sərəncamı ilə Azərbaycanda bu il Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.
Azərbaycanlı görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun nəticəsi, Türkiyə musiqi tarixinə adı qızıl hərflərlə yazılan əfsanəvi musiqiçi Əhməd Güvənç eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailə kökləri, həyatı, fəaliyyəti ilə bağlı bir çox önəmli məqamlardan söhbət açıb, Azərbaycanla bağlı fikirlərini bölüşüb. Əhməd Güvənç Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq Ağaoğlu ailəsinin şəxsi fotolarını, mühüm tarixi faktları da özəl olaraq HafizTimes.com-a təqdim edib:
-Necə bir ailədə böyüyübsünüz? Əhməd bəy Ağaoğlunun ailəsinin bir üzvü olmaq necə bir hissdir? Ağaoğlu ailəsi ilə bağlı fikirlərinizi bilmək istərik.
-Əvvəlcə ailəmə və mənə göstərdiyiniz hörmətə, sevgiyə görə sizə dərindən təşəkkür edirəm. Bizə olan bu münasibətiniz qürurvericidir.
Əhməd bəy Ağaoğlunun övladları: Sürəyya, Səməd və Gültəkin Ağaoğlu
-Çox təəssüf edirəm ki, hörmətli babam Əhməd bəy Ağaoğlunu heç vaxt görə bilmədim. Amma mən Əhməd bəy Ağaoğlunun övladları nənəm Təzər Taşkıran, bacıları (xalalarım) Sürəyya və Gültəkin Ağaoğluların əllərində böyüdüm. Hər biri mənim üçün çox əzizdilər. Mənim yetişməyimdə böyük əməkləri olub.
"Onlar mənə əxlaqlı olmağı, Vətəni sevməyi, Əziz Atatürk kimi intizamlı və çalışqan olmağı öyrətdilər”.
Əhməd Güvənçin anası Suna Gülər
-Çox sevdiyim hörmətli anam Suna Gülər də qeyri-adi bir insan idi. Onların əllərinin içində böyümək mənim üçün böyük bir şans idi.
-Sizin adınızı kim qoyub? Bu adın Əhməd Bəy Ağaoğlu ilə bağlılığı var?
-İlk nəvə (nəticə) olduğuma görə mənə babamın (Əhməd bəy Ağaoğlu) adını qoyublar.
-Babanızın Vətəni olan Azərbaycana heç səfər etmisinizmi?
-Barış Manço ilə birlikdə 3 dəfə Azərbaycana səfər etmişik. Azərbaycana ilk getdiyim zamanlarda ermənilərlə müharibə dövrü idi. Bakıda bəzi qohumlarımı tapdım, Ağaoğlu binasını ziyarət etdik.
-Əhməd bəy Ağaoğlunun həyatı ilə bağlı nə bilirsiniz?
– Əhməd bəy Ağaoğlu Türkiyəyə gəldikdən sonra "məclisi məbusan” ilə ingilislər tərəfindən həbs edilib, Maltaya sürgünə göndərilib. Sürgündən göndərdiyi məhbus məktublarının hamısı məndədir. Üzərlərinə ingilis dilində məhbus məktubu damğası vurulub. Sürəyya xalam vəfat etmədən öncə bunları mənə əmanət etmişdi. Həmçinin Sürəyya xalam Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhrəba təsbehini də mənə verib. Mən də sizə göndərdim...
-Babanız Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhəri də illərdir ki, erməni işğalı altındadır. Bu barədə nə bilirsiniz?
-Çox təəssüf ki, Azərbaycana getdiyimiz zaman müharibəyə görə Şuşadakı ailə ocağımızı ziyarət edə bilmədim. Turqut Özal ilə Azərbaycana ikinci ziyarətimizdə Bakı Havalimanının açılışında iştirak etdik, musiqilər ifa etdik.
"Barış Manço Heydər Əliyevə mənim Azərbaycan əsilli olduğumu dedi”
-Bu zaman hörmətli Heydər Əliyev üzünü mənə tərəf çevirib dedi: "Ata evinə xoş gəldin”. Həmin an çox sevinmişdim…
Əhməd bəy Ağaoğlunun Maltda sürgündən göndərdiyi məhbus məktubu
-Bakı ilə bağlı nə deyə bilərsiniz?
-İndi Bakıya gedib-gələn dostlarımdan sizi xəbər alıram. Bakının çox gözəlləşdiyini görüb-eşidib sevinirəm.
"Ailəmin məzar daşları üzərinə hər zaman çiçək qoyurlar”
-İstanbul Feriköydəki ailə məzarlığımıza getdiyim zaman Azərbaycandan gəlmiş ziyarətçilərin məzar daşları üzərinə qoyduqları çiçəkləri görürəm, qürur duyuram. Hər nə qədər uzaq olsaq da qəlbim hər zaman sizinlə döyünür.
-Musiqi fəaliyyətinizlə bağlı məlumat verərsiniz. Niyə musiqi sahəsini seçdiniz?
-Bildiyiniz kimi, mən Barış Manço vəfat edənə qədər onunla çiyin-çiyinə çalışdım. 25 il bərabər fəaliyyət göstərdik. Dünyanın bütün ölkələrində konsertlər verdik. Əlbəttə ki, "Gülpəmbə” və "Dönence” mənim bəstələrimdir.
-Azərbaycan musiqilərini də dinləyirsiniz?
-Azərbaycan musiqisini də hər bir Türk kimi yaxından izləyirəm.
"Bu il Barış Mançonu itirməyimizdən 20 il ötür”.
-Yəni ki, 20 ildir ki, "Kurtalan Ekspresi” yaşadırıq, hər bir konsertimizdə Barış Mançonu, 5 il bərabər fəaliyyət göstərdiyimiz Cem Karacanı və itirdiyimiz qədim dostum Bahadır Akkuzunu alqışladırıq, gənclərə xatırladırıq. Barışın vəfatından sonra təxminən 2000 konsert verdik, 4 CD çıxardıq.
"Qeyd edim ki, Cem Karacanın atası da Azərbaycanlı idi”.
-Barış Manço deyirdi ki, insan xatırlanmadığı zaman ölür. Mən də özüm ölənə qədər bu əziz dostlarımın unudulmamasına çalışacağam.
-"Gülpəmbə” kimi unudulmaz bir mahnı necə yarandı?
-Ən gözəl musiqilər, bəstələr uzayda (kosmos) olur. Əgər çox çalışsan və layiq olsan bir dənəsini almağına icazə verilər.
Əhməd bəy Ağaoğlunun heç vaxt yanından ayırmadığı kəhribar təsbehi
-Sonda Azərbaycanda Ağaoğlu ailəsini sevənlərə nə demək istərdiniz?
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !