MTN-in məşhur generalı vəfat etdi

11:47 | 30.09.2015
MTN-in məşhur generalı vəfat etdi

MTN-in məşhur generalı vəfat etdi


Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general Ziya Yusifzadə rəhmətə gedib.

ANN.az saytı AzNews.az-a istinadən xəbər verir ki, Z.Yusifzadə bu gün 86 yaşında dünyasını dəyişib. Məlumata görə, general xeyli müddətdir ki, xəstə imiş və xəstəlik səbəbindən işə də çıxmırmış.

Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəkidə ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla qurtarıb. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 

1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib. 

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb.

1980-ci ildən 1988-ci ilə qədər isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyib. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb. 1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb. 

1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib. 

SSRİ Dövlət təhlükəsizlik orqanlarının və MTN-nin fəxri əməkdaşıdır. 

Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM