Müharibə riski sülh şansına qarşı: nəticəsiz görüşlər nəyi dəyişəcək?

09:34 | 13.07.2017
Müharibə riski sülh şansına qarşı: nəticəsiz görüşlər nəyi dəyişəcək?

Müharibə riski sülh şansına qarşı: nəticəsiz görüşlər nəyi dəyişəcək?

Rəsmi Bakı: "Ermənistan anlamalıdır ki, status-kvoya güvəndikcə müstəqilliyini tam itirmək riski ilə üzləşəcək”; rusiyalı rəsmi: "Moskva problemin həllində hərəkətə keçməlidir...”

Xəbər verildiyi kimi, iyulun 12-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş keçirilib. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil olunub və onların iştirakı ilə keçirilib. Ermənistan XİN-in məlumatına görə, görüşdə danışıqlar prosesinin hərəkətə gətirilməsi naminə müvafiq şəraitin yaradılması müzakirə edilib.

Məlumata görə, həmsədrlər həmçinin prezidentlərin görüşünün təşkili üçün XİN rəhbərlərindən təkliflərini təqdim etməyi xahiş ediblər. Vasitəçi diplomatların iştirakı ilə XİN başçılarının növbəti görüşünün bu ilin sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin iclası zamanı keçirilməsi razılaşdırılıb. Bu barədə həmsədrlərin Məmmədyarov-Nalbəndyan görüşü ilə bağlı yaydıqları bəyanatda deyilir. Bəyanatda habelə deyilir ki, nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq veriblər. Həmsədrlər prezidentlərin görüşünün təşkilinə köməklərini təklif ediblər. Bəyanatda həmçinin qeyd edilir ki, görüş zamanı təmas xəttindəki son vəziyyət də müzakirə edilib.

"Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb”. Bu fikri isə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

***

Maraqlıdır ki, Brüssel görüşündən öncə Ermənistan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəlib.

Xatırladaq ki, iki ölkə XİN rəhbərlərinin bundan öncəki təması aprelin 29-da Moskvada baş tutmuşdu. Həm Moskva, həm də Brüssel görüşləri neçə vaxtdır dondurulmuş vəziyyətdə olan danışıqlara hansısa stimul vermək və bununla da artmaqda olan müharibə riskini azaltmaq niyyəti güdürdü. Hər halda, vasitəçilərin son bəyanat və açıqlamalarından ən əvvəl belə qənaət hasil olur.

Ancaq sülh prosesində irəliləyiş bu gün Azərbaycandan çox işğalçı Ermənistandan asılı vəziyyətdədir. Alxanlı vəhşiliyi isə göstərdi ki, İrəvan dinc nizamlama prosesinə nəinki konstruktiv yanaşmır, üstəlik, özünün davam edən təxribatları ilə kövrək danışıqlara olan ümidləri də topa tutur. Brüssel görüşü məhz danışıqlar prosesində üzücü durğunluğun davam eləməsi və konflikt zonasında artan eskalasiya faktları fonunda ikiqat önəm kəsb edirdi. Yəni münaqişə ətrafında situasiyanın daha çox hansı məcrada inkişaf tapacağına aydınlıq gətirmək baxımından önəm daşıyırdı.

Hələ ki vasitəçilərin iştirakı ilə nazirlərin budəfəki görüşünün hansı pozitiv nəticələrinin olacağını söyləmək çətindir. Həm də ona görə ki, görüş ərəfəsində də İrəvan rəsmilərinin Dağlıq Qarabağla bağlı barışmaz, danışıqlar prosesinin məntiqi ilə bir araya sığmayan davakar ritorikası davam edib. O sırada hətta Alxanlı vəhşiliyinə dolayası ilə haqq qazandırılıb.

Erməni tərəfinin radikal, maksimalist mövqeyi özünü habelə eyni gündə - iyulun 11-də Avstriyada başlayan ATƏT XİN başçılarının qeyri-formal görüşündə Ermənistan nümayəndə heyətinin çıxışında da göstərib. Təbii ki, bu mövqe cavabsız qalmayıb. Nümayəndə heyətimizin adekvat reaksiyası ilə üzləşib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT regionunda təhlükəsizliyə və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, təşkilat daxilində əsas meyl münaqişə ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikirlər Azərbaycan nümayəndə heyətinin çıxışında yer alıb. Bildirilib ki, ATƏT daxilində münaqişədə status-kvonun qeyri-davamlı olması barədə yekdil mövqe təsbit edilməlidir: "Ermənistanın cəbhə xətti boyu münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatları nəzərə alınaraq status-kvo dəyişilməlidir. Yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozmasıdır və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur, eyni zamanda Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir.
Diqqətə çatdırılıb ki, münaqişə həll olunduqdan sonra Ermənistanın hazırkı rejiminin labüd legitimlik böhranı ilə üzləşəcəyi bu rejimi belə təxribatlara əl atmağa sövq edir. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həll edilməsi Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək. Məhz buna görə də Ermənistan rəhbərliyi rejimin ömrünü uzatmaq məqsədilə mövcud status-kvonu möhkəmləndirmək üçün hər yola əl atır. Ermənistan dərk etməlidir ki, mövcud status-kvoya güvəndikcə müstəqilliyini tamamilə itirmək və regiondakı siyasi oyunlarda alətə çevrilmək riski ilə üzləşir. Yalnız münaqişəni sülh yolu ilə həll etməklə, Azərbaycan və regionun digər ölkələri ilə yaxşı qonşuluq münasibətləri yaratmaqla Ermənistan öz xalqı üçün müstəqil və xoş gələcək yarada və regionun inkişafından bəhrələnə bilər".

Çıxışda daha sonra deyilir: "Təəssüf ki, Ermənistanın xarici işlər naziri Mauerbaxda dialoq imkanını yenə əldən verdi. O, Azərbaycana qarşı əsassız ittihamlarla dolu bəyanatla çıxış etdi. Belə bəyanat daxili siyasi istehlak üçün nəzərdə tutulub. Bu, ATƏT-də gözlənilən çıxış deyil. Bu zalda olan hər kəs anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar və təcavüzə məruz qalmış tərəf kimdir. Bizi maraqlandıran sual odur ki, Ermənistanın naziri öz bəyanatı ilə nəyə nail olmaq istəyirdi. Əgər nazir hesab edirsə ki, bu yolla ATƏT daxilində etimad və etibarın bərpasına hansısa töhfə verə bilər, tamamilə aydındır ki, o, iflasa uğradı. Brüsseldə Azərbaycanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə planlaşdırılmış görüşü nəzərə aldıqda, Ermənistanın naziri həddən artıq təxribatçı çıxış səsləndirdi. Biz Ermənistanın nümayəndəliyini həm burada - ATƏT-də, həm də Brüsseldə keçiriləcək danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyə səsləyirik”.

***

Göründüyü kimi, Nalbəndyan hətta Brüssel görüşünə saatlar qalmış da ölkəsinin ənənəvi təxribatçı mövqeyini ortaya qoyub. Bir daha İrəvanın ədalətli sülhdə maraqlı olmadığını nümayiş etdirib. Belə olan surətdə görəsən, Azərbaycandan daha hansı "konstruktiv təklif” gözlənilə bilər ki? Fakt odur ki, işğalçı tərəfin təxribatları üzündən bu gün sülh deyil, müharibə şansları artıb.

O üzdən siyasi və hərbi ekspertlər Brüssel görüşünün nəticələrindən dolayı da bir elə nikbin deyillər. Hərçənd Rusiya siyasi elmlər doktoru, dövlət müşaviri Tatyana Poloskova hesab edir ki, hələ sülh şansları itirilməyib. Musavat.com-un məlumatına görə, haqqin.az saytına eksklüziv açıqlamasında rusiyalı rəsmi bildirib ki, Rusiya da daxil, böyük dövlətlərin siyasi iradəsi olmadan, Dağlıq Qarabağ problemini çözmək mümkün olmayacaq.
"Aydındır ki, Azərbaycanla Ermənistan arasında gərginlik, onların arasındakı hərbi konflikt manipulyasiya üçün əlverişli alətdir - özü də heç də həmişə bizim ölkələrin xalqlarının marağında olmayan bir alət”, - deyə o qeyd edib. Siyasətşünasın fikrincə, bir qrup Rusiya siyasətçisi problemə təkcə Azərbaycan və Ermənistan daxilindəki proseslərə təsir vasitəsi kimi deyil, həm də şəxsi PR faktoru kimi baxır.

"Bu da ola bilər. Mən o fikirlə razıyam ki, münaqişə tərəflərinin siyasi iradəsi olmadan konfliktin həlli mümkün deyil. Lakin prosesdə ən mühüm tərəf həm də Rusiya rəhbərliyidir. Odur ki, anlamaq istəyirəm: Rusiyanın buna siyasi iradəsi varmı və nə dərəcədə tez bir zamanda bu iradə real addımlara çevriləcək?”, - deyə dövlət müşaviri sonda sual edib.

***

Əslində bu sualın özü ritorikdir. Çünki rəsmi Moskvanın Dağlıq Qarabağ məsələsinin dinc və ədalətli həllində real irəliləyişə nail olmasına ona özündən başqa heç bir qüvvə əngəl yaratmır, yarada bilməz. O səbəbə ki, problemin həlli üçün ən güclü rıçaq məhz onun əlindədir. Hələ ki onun əlindədir. O üzdən Moskva siyasi iradə göstərmək məsələsində bir qədər tələssə, yaxşıdır. Əks halda, yəni status-kvonun, işğal rejiminin davam edəcəyi təqdirdə əsas rıçaqın da daima onun əlində qalacağına zəmanət yoxdur. Bunu yəqin ki, Kreml dəhlizlərində də bilirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM