Mədəni fəal Abbas Nikrəvana İkinci Cinayət Məhkəməsi tərəfindən 91 günlük həbs cəzası verilib.
Nikrəvan Salmas "sosial media üzərindən İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə mühakimə olunmuşdu.
Abbas Nikrəvan ötən ilin sentyabrın 5-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və İranın Urmiyə şəhərindəki kəşfiyyat idarəsinin təcridxanasına köçürülmüşdü.
O, bir müddət kəşfiyyat idarəsində dindirilib və sonra isə Urmiyə Mərkəzi Həbsxanasına aparılıb. Həmin ilin sentyabrın 22-də 600 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılan Nikrəvan apardığı mədəni fəaliyyətlərindən dolayı dəfələrlə İran hökuməti tərəfindən həbs edilib.
Abbas Nikrəvan 2018-ci ilin iyul ayının 5-də Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində yerləşən Bəz (Babək) qalasında keçirilən qurultay ilə bağlı həbs edilib və təxminən bir həftə sonra girov müqabilində sərbəst buraxılmışdı. Onun 2015-ci ildə Qoşaçay şəhərində təşkil etdiyi xeyriyyə məqsədli bir konserti də İran hökuməti tərəfindən ləğv edilib.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !