Rüstəm Qasımov
"Vacib olan insanın nə axtardığını tapması və həyatda nəyi ən çox sevdiyini aydınlaşdırmasıdır...”
Bizim bügünki qəhrəmanımız gənc rəssam Ülviyyə Nəsibdir, ətrafda rəssamların, kətan və rənglərin olduğu yaradıcı mühitdə o sevdiyi işdən zövq alır, bütün vaxtını rəsmə həsr edir.
"Mənim atam memar idi. Əsas xobbisi isə rəssamlıq idi. İşdən sonra o şəkillər çəkirdi. Mən onları Emin Qəhrəmanova göstərdim, isə şəkillərdən riqqətə gəlmişdi”, - Ülviyyə deyir və rəsm bacarığının ona atasından keçdiyini hesab edir. Məhz atası qızının rəsmə həvəs duyduğunu görəndə, onun çəkmək arzusunu dəstəkləyib, düşünmədən ki, o nə vaxtsa rəssamlıq yolunda irəliləyə bilər...
Musiqi pedaqoqu kimi işləməyə də fürsət tapan Ülviyyə iddia edir ki, musiqiylə məşğul olmaq onun xoşuna gəlir, ancaq karyerasını bu yöndə davam etdirmək istəməyib. "Başa düşdüm ki, tədris mənlik deyil. Hələ təhsil aldığım dövrdə kamera və orqan musiqisi zalında (Kirxa) çıxış edirdim, ancaq anlayırdım ki, musiqiylə mən özümçün məşğul olacam, səhnə məni nədənsə cəlb etmirdi, mən özümdə adətən musiqiçilərdə olan parlaq peşəkar karyera yanğısını hiss etmirdim”.
Emin Qəhrəmanovla Ülviyyə 10 il əvvəl tanış olublar. "Biz dərhal dostlaşdıq. Bu ağıllı, ünsiyyətcil, istedadlı insana hər zaman etibar etmək olar. Mən onun müntəzəm olaraq dəyişdirdiyi emalatxanalarına getməyə başladım, şəkillərinə, necə çəkdiyinə baxırdım, bir sözlə, onun yaradıcılığından zövq alırdım”.
Müəyyən zaman keçdikdən sonra ofis işində təcrübəsi olan Ülviyyə Emindən "EmArtstudio” studiyasında reklam meneceri kimi işləməyi təklifi alır.
"Emin komandasında mənə işləməyi təklif etdi, dedi ki, xüsusilə təşkilatçılıq məsələsində mənə tamamilə etibar edə bilər. Müəyyən müddətdən sonra biz onun studiyasında tələbələrin sərgilərini keçirməyə başladıq. O inkişaf eləmək, yeni orijinal layihələr gerçəkləşdirmək, studiyanın fəaliyyətini daha geniş auditoriyayla tanış etmək istəyirdi. Onunla işləmək mənimçün çox maraqlıydı”.
Kompüterlə 8 aylıq məşğuliyyətdən sonra Ülviyyə Qəhrəmanovun işini müşahidə etməyə balayır. Rəssamın özünün etiraf etdiyi kimi, tamaşaçı kimi olsa da, bu prosesin tərkib hissəsi olmaq onunçün xoş idi. Belə yaradıcı mühitdə olduqdan sonra Ülviyyə özü də rəssamlıqla məşğul olmaq istədiyini dərk edir. "Onun işinə olan marağımı gördükdən sonra, Emin mənə əlimə fırça alıb nəyisə çəkməyi dəfələrlə təklif etdi. Mənim ilk işim Lobomir Koralovun işinin kopyası idi və çox yaxşı alınmışdı. Əvvəlcədən karandaşla eskiz çəkmədən yaratdığım iş çox iri alınmışdı”, - Ülviyyə nəql edir.
Qeyd etməliyi ki, yaradıcılığın ilk mərhələsində insan üçün dəstək çox əhəmiyyətlidir, xüsusilə peşəkarların yardımı stimul yarada, özünəinamı artıra bilər. Ülviyyə özünü xoşbəxt insan hesab edir, çünki onun ətrafındalılar da bilər. Bir dəfə şərait elə gətirib ki, Ülviyyənin ilk işini Azərbaycanın xalq artisti Ağalı İbrahimov qiymətləndirib.
"Bir dəfə Ağalı müəllim "EmArt” studiyaya baş çəkdi, Emin ona müəllifin adını qeyd etmədən mənim şəklimi göstərdi, məqsədi müstəqil, peşəkar bir insanın rəyini öyrənmək idi.
Ağalı müəllim uzun bir an şəklə baxdı, dedi ki, rəng seçimi düzgündür, kompozisiya və s. yerindədi. Müəllifin kim olmasıyla maraqlandı, xalq artisti heç düşünməzdi ki, bu mənəm. Biləndə o rəsmən şokda idi, dedi ki, bu cəsarətli şəkildir. Adətən qadınların şəkiləri kişilərinkiylə müqayisədə daha zərif olur. Əvvəlcə Ağalı müəllim bu şəklin bir qadının əlində çıxmasına inanmadı (gülür). Çox güman, mən eksperiment eləməkdən çəkinməyən Eminin təsiri altındaydım, Emin həmişə deyir ki, rəssam kətandan deyil, kətan rəssamdan qorxmalıdır. Bu yaradıcı yanaşma mənə də keçib (gülür)”.
Peşəkarın belə yüksək qiyməti Ülviyyənin yaradıcılığına təkan verir. O reklam işindən çəkilir və özünü bütövlükdə yaradıcılığa həsr edib, şəkli şəkil ardınca çəkməyə başlayır. Nəticədə iki illk məhsuldar işdən sonra, Ülviyyə 40-dan artıq iş ərsəyə gətirir. İkinci işində Ülviyyə Eminin şəklinin kopyasını çıxardır, Emin qıza rəssamlıq texnikalarının xırdalıqlarını, kompozisiya qurmağı və s. öyrədir. Ülviyyənin sözlərinə görə, "EmArtstudio”da çalışan pedaqoqlar Elçin Bünyadov və Zöhrab Cabbarov da ona kömək edib.
Yeni başlayan gənc rəssamın yaradıcılığının əsas mövzuları dəniz peysajları və qayıqlardır. "Mən bizim Xəzərimizin acı qoxusunu, dalğaların səsini, qızıl qumluqları və əlbəttə, günbatımlarını - dəniz stixiyasını çox sevirəm. Dəniz mənim ruhumu müsbət enerjiylə təmin edir, yeni işlər yaratmağa sövq edir. Ətrafımda olan hər bir xırdalıq məni cəlb edir və işlərimdə öz əksini tapır. Məsələn, neft buruqlarını mən Tahir Salahovun təsiri altında çəkmişəm. Bu rəssamın iri kətanları elə bir insan olmaz ki, onu biganə qoysun. Bir dəfə köhnə şəhərimizdə, İçərişəhərdə gəzərkən, əntiq dükanlarındakı şeylərə baxırdım və məndə birdən "Samovar” çəkmək ideyası doğuldu. Bundan başqa, mən meyvələr çəkməyi sevirəm, parlaq rənglər, orijinal formalar məni cəlb edir, çalışıram onları özünməxsus şəkildə çəkim. Çəkdiyim qovun şəkli sarı rəngdə deyil, məsələn – narıncı, qırmızı, sarı rənglərin qarışığıdır... Eksperiment etmək, rənglərlə oynamaq, fərqli miks yaratmaq ürəyimcədir”.
Gənc rəssamın yaradıcılığında rəhbər tutduğu üslub impressionizm, modern və avanqardın qarışığıdır.
"Amadeo Modilyani, Pol Sezan, Pablo Pikasso, Qustav Klimt, Mark Şaqal və əlbəttə ki, çılğın Van Qoq kimi rəssamlar mənə hər zaman ilham veriblər. Van Qoqun rəng qarışdırmaq kimi xüsusi manerası, gerçəkliyi göstərməyi xoşuma gəlir. Müasir rəssamlardan isə Filip Borloun, Loran Parselyen, Ceremi Mann, Valeriy Bloxin, Lyubomir Koralovu bəyənirəm”.
Rəssamın yaradıcılığındakı maraqlı cəhətlərdən biri də ideyaların ona həm əvvəlcə, həmçinin rəsm çəkmək prosesi zamanı gəlməsidir. "Rəssamlıq gözlənilməz təcrübədir. Burda son nəticə ilə bağlı yekdil proqnozlar vermək mümkünsüzdür, çünki nəticə əvvəlcə düşündüyünlə uyğun gəlməyə bilər. Ona görə də, iş zamanı süjetin texniki məsələsində gedib-gəlirsən. Bir dəfə mən dəniz peyzajı çəkmək istəyirdim, sonda isə ortaya çiçəklər çıxdı”.
Gələcək planlardan danışarkən, Ülviyyə etiraf edir ki, tanınmış rəssam olmaq istəyir, təkcə Azərbaycanda deyil, sərhədlərdən kənarda da tanınmaq istəyir. Bu gün Ülviyyə peşakar sərgi açmaq, şəhərimizin sakinlərinə və qonaqlarına öz yaradıcılığını canlı olaraq göstərmək niyyətindədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !